İradə Tuncay, Əməkdar jurnalist:
- ...Bəlkə o filmi görənlər xatırlayar - ruslar Paqanini haqqında çoxseriyalı film çəkmişdilər. Bəlkə 30 ildən çoxdu... Maraqlı aktyor və rejissor işi ilə maraqlı bir film idi. Filmdə həmişə Paqanini ilə birlikdə səyahət edən bir obraz var - onun bioqrafı. Və onun daxili monoloqu indiyə qədər yadımdadı - deyir ki, gələcək nəsillər heç vaxt tam anlamda Maestronun (Paqanininin) kim olduğunu bilməyəcəklər. Onun sehrli barmaqlarını, dinləyicini hipnoz edən musiqisini eşidə bilməyəcəklər və onlar bu məhrumiyyətə görə bədbəxtdilər... Bəzən çox sehrli bir adamı kiməsə izah etmək istəyəndə bu sözlər yadıma düşür... Ən çox da Aydın Məmmədovu kiməsə anlatmaq istəyəndə... Onu görməyənlərə necə izah edəsən O kim idi? Yazıları qalıb, kitabları var, video görüntülər var. Amma Aydın deyil onlar. Mən çətinlik çəkirəm Aydını aydınlatmaqda. Amma o, hər şeyi bizə Aydınlada bilirdi... Vəssalam...
Fazil Mustafa, millət vəkili:
- Tanınmış publisist, tərcüməçi, "Şuşa" nəşriyyatının direktoru Vasif Xosrov oğlu Quliyevin 70 yaşı tamam oldu.
(17.01.1954, Malıbəyli, Şuşa (Malıbəyli 05.12.2023-cü ildən Xocalının tərkibindədir).
Vasif Quliyevin rus dilindən tərcümələri məşhurdur: "Afrika nağılları" ("Gənclik", 1988), "Mafiya tarixi" (Qular Q., "Şuşa", 1993), "Qafqaz" (Veliçko B., "Şuşa", 1995), "Ermənilərin Azərbaycana köçürülməsi" (Qlinka S., "Şuşa", 1995), "Erməni alimləri və fəryad edən daşlar" (Çavçavadze İ., "Şuşa", 1995).
Vasif Quliyev "Ucalığa gedən yol", "Maarif fədaisi", "Enək İsa bulağına", "Əgər Şuşalısansa", "Vətən bağı al-əlvandır", "Dünənə uzanan cığır", "Ən yaxşı dost", "Ötən günlərimi qaytaraydılar", "Mənim babam kim olub?" və b. kitabların müəllifidir.
Daha çox hərbi-vətənpərvərlik yazıları, qəhrəman şəhidlərimiz haqqında kitabları, Qarabağa dair araşdırmaları və çox faydalı tərcümələri ilə tanınan Vasif Quliyev 2015-ci ildə "Tərəqqi" medalı ilə təltif olunub.
Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Jurnalistika fakültəsinin tanınmış məzunlarından olan Vasif Quliyev, 1982-84-cü illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində çalışıb. Hazırda "Günəş" uşaq jurnalının baş redaktoru və "Şuşa" nəşriyyatının direktorudur.
Vasif müəllimi təbrik edir, möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları diləyirik!
Sahib Alıyev, millət vəkili:
- İTV-də Prezidentliyə namizədlərin və onların vəkillərinin debatını izlədim. Öncə onu deyim ki, 1992-ci ildə mən özüm də AzTv-də belə bir debata aparıcılıq etmişəm və ola da bilər ki, ona müxtəlif səbəblərdən daha çox baxan vardı, amma İTV-dəki qədər mükəmməl deyildi. Burada aparıcı faktoru da müəyyən rol oynayır. Murad Hüseynov təcrübəli və hazırlıqlı jurnalist olduğundan debatı tam seçki qanunvericiliyinə uyğun aparır. Jurnalistikada hələ ilk addımlarımı atdığımdan məndə bu, yumşaq desək, onunku qədər uğurlu alınmırdı. Amma o zamankı debatla indiki arasında əsas fərq siyasi mədəniyyətlə bağlıdır. O zaman indiki siyasi mədəniyyət yox idi və ola da bilməzdi. İTV-dəki debatda da diqqətimi ilk növbədə çəkən məhz bu oldu.
İkincisi, bu debata baxandan sonra özlərini əsl müxalifət adlandıran bir çoxlarının niyə prezidentliyə namizədliklərini irəli sürmədiklərinin başqa bir səbəbi də üzə çıxır. Burada söhbət Əli Kərimlidən getmir. Kərimlinin seçkini boykot qərarı Azərbaycanın öz torpaqlarını onların əleyhinə çıxmasına rəğmən, işğaldan qurtarıb üzərində suverenliyini tam təmin etməsindən narazı qalan güclərin diktəsi ilə olub. Ancaq orası da var ki, ayıq adam olduğundan yəqin diktəsiz də o, Müsavatın rəhbərliyindəkilər kimi seçkiyə qatılmayacaqdı. Çünki belədə təkcə indiki dövlət başçısının yox, digər namizədlərin də hamısının olmasa da, bir neçəsinin kölgəsində qalacaqdılar.
Dünənki debatı diqqətlə izləyən istənilən savadlı adam Zahid Orucla Fazil Mustafanın intellekt, strateji vizion, prosesləri dəqiq qiymətləndirmək və düzgün nəticə çıxarmaq baxımından Milli Şura adlanan təsir agentləri şəbəkəsində cəmləşənlərin hamısından üstün olduqlarını dərhal hiss edəsidir. Yəqin onu da hiss edəsidir ki, digər namizədlər xalqın böyük əksəriyyətinin kimə rəğbət bəslədiyini və seçkinin necə nəticələnəcəyinin yaxşı fərqindədirlər. Onlar seçkiyə daha çox xalqın, dövlətin gələcəyi baxımından reallaşdırılmasını mühüm saydıqları məsələlərı səsləndirmək üçün qatılıblar. Xatırladım ki, 2018-ci ildəki seçkidən sonra andiçmə törənində Prezident İlham Əliyev debatlarda irəli sürülən bəzi ideyaların da nəzərə alınacağını demişdi və nəzərə alındı da. Əminəm ki, yenə də eyni yanaşma olacaq. Burada Azərbaycan Prezidentinin yanvarın 10-da yerli telekanallara verdiyi intervüdə yeni milli ideya və hədəflərlə bağlı siyasətçiləri, alimləri, ziyalıları diskussiyaya çağırması da unudulmamalıdır.
Əslində namizədlər də, elə xalq da yaxşı bilir ki, Qarabağın bir zamanlar haylar yaşayan hissəsinin də ölkənin digər hissəsinə tam siyasi inteqrasiyasının rəmzi rolunu oynayacaq 7 fevral seçkisində hədəf bir nömrəli postdan çox xalqın son üç ildə qazandığı qələbənin əbədiliyinin təmin edilməsidir…
Asif Nərimanlı, jurnalist:
- İrəvan Bakı ilə sülh üçün mümkün "körpüləri yandırır". Paşinyanın Əliyevin sərhədin delimitasiyası və Zəngəzur dəhlizi ilə bağlı dediklərinə cavabı belə düşünməyə əsas verir.
Nikol sərhədin delimitasiyasında Almaatı bəyannaməsini əsas gətirir və SSRİ dağılanda mövcud olan xətlər üzrə müəyyən edilməsini irəli sürür. Bununla:
- SSRİ dövründə əkin və otlaq sahəsi adı altında Ermənistana bağışlanan ərazilərin müzakirəsini sıradan çıxarır;
- Azərbaycan Ordusunun hazırda çıxdığı sərhəd xəttindən (İrəvan bunu Ermənistan ərazisi adlandırır) geri çəkilməsini istəyir;
Əliyev isə son müsahibəsində qoşunların geri çəkilməyəcəyini bildirib və delimitasiya ilə bağlı üç təklif irəli sürüb: siyasi metdologiya - AXC xəritələrinin əsas götürülməsi; xronoloji - SSRİ-nin ilk dövrünə aid xəritələrin əsas götürülməsi; xəritələr kənara qoyulur, ekspert qrupu tərəfindən sərhədin hissə-hissə müəyyən edilməsi;
Bakı və İrəvan arasında delimitasiya ilə bağlı fikir ayrılığı dərinləşir. Bununla yanaşı, Bakının delimitasiya uzunmüddətli proses olduğu üçün bunu sülh sazişindən ayırmağı təklifinə qarşı İrəvan sazişdə konkret xəritəyə istinadən (ermənilər 1970-ci illərin xəritələrini istəyir) edilməsini istəyir.
Digər ziddiyyətli mövqe Naxçıvanla əlaqənin yaradılması üzərindədir. Paşinyan bilirib ki, "Naxçıvana çıxışı İran marşrutunun şərtlərinə uyğun verməyə hazırdırlar". Söhbət gömrük və sərhəd yoxlanışının tətbiqindən gedir. Erməni baş nazirin "İran marşrutunu" nümunə kimi irəli sürməkdə məqsədi Bakının Naxçıvana "maneəsiz keçid" istəyini "ərazi iddiası" kimi təqdim etməkdir: "Azərbaycan digər ölkələrdən istəmədiyini, yaxud digərlərinin ona vermədiyini Ermənistandan tələb edir" demək istəyir;
Əliyevin son müsahibəsində dedikləri Naxçıvana "maneəsiz keçid"in Azərbaycan üçün "qırmızı xəttə" çevrildiyini göstərir. Bakı burada "Azərbaycandan Azərbaycana prinsipi"ni irəli sürür - Naxçıvana gedən sərnişinlərə, eləcə də daşınan yüklərə sərhəd yoxlanışı və gömrük rüsumu tətbiq edilməməlidir. Əliyev bu olmayacağı təqdirdə, Ermənistanla sərhədin (kommunikasiyanın) açılmayacağını bəyan etdi. Bu halda sülhün əldə edilməsi, regional kommunikasiyanın açılması sual altına düşür.
Fərid Pərdəşünas, texnobloger:
- Las Veqasın mərkəzi küçələrində "Uber" və digər taxi tətbiqlərini istədiyin yerə çağıra bilməzsən. Buna icazə yoxdur. Taksiyə minmək üçün mütləq ayrılmış əraziyə getməlisən. Bu, haradasa 15 dəqiqəlik piyada məsafəsində olur və adətən otel və kazinoların daxilindən ora yol gedir.
Xüsusi yerdir ki, ora ancaq tətbiq əsaslı taksilər daxil ola bilər. Hətta bu avtomobillər otelin qabağına adi taksilər dayanan yerə belə girə bilməzlər. Bəzən elə olurdu ki, taksiyə minmək üçün 20 dəqiqə fırlanırdım.
Burada elə hər könülü keçən taksini bloka qədər soxdura bilməz. Ümumiyyətlə tətbiqdə olduğun yeri qoymaq olmur. Atır səni ayrılmış zonaya. Qiymətlər çox bahadır. Ən qısa məsafə (1-2 km) belə 12-15 dollar tutur. Bu, hələ tips olmayan qiymətdir. "Uber"də "Prius" da gələ bilər, "Lexus" da, "Tesla" da. Bu, sadəcə hələ ekonomda belədir. Bəzən sürücülər istədiyin musiqini seçmək üçün arxa monitorda "Spotify" açırlar. Gələndən artıq 1000 AZN-dən çox taksi xərcim çıxıb. Sürücülük vəsiqəmi Bakıda unutmağım çox pis oldu.
Sizcə, Bakının mərkəzi yollarında bu qayda tətbiq olunsa, reaksiya necə olar?
Mir Səməd, bloger:
- Ərəb ölkələrində ən populyar cizgi filmlərindən biri "Maşa və ayı"dır.
Uşaqlar üçün oyuncaq dükanlarında da Maşanın gəlinciyinə daha çox rast gələrsən. İzahı da çox sadədir, Maşanın başındakı yaylıq. Hətta açıq-saçıq Barbinin bəzi kuklalarının ölkərdə satışı qadağandır. Uşaqlarda bərbad zövq formalaşdırmasın deyə.
Aytac Sahəd, jurnalist:
- İki il əvvəlki ad günümdə həmkarım Nihat Pir mənə gül almışdı. Çiçəklər solandan sonra dibçəyi atmağa əlim gəlmədi, gülləri sevən bir iş yoldaşıma bağışladım.
Sonradan Səbuhi Məmmədli dedi ki, Matilda, bu dibçəyi ver mənə, Sədəfə gül əkəcəm. (Heç vaxt adımla müraciət etmirdi, saçım qısa olduğu üçün həmişə Matilda deyirdi).
Əvvəlcədən başqasına söz verməyimə baxmayaraq, ona "yox" deyə bilmədim. Halbuki heç vaxt belə şey eləməzdim. Əvəzində gecə ilə oxşar dibçək tapıb digər iş yoldaşıma hədiyyə elədim.
Gecənin bu vədəsində Səbuhi Məmmədlinin ölüm xəbərini eşidəndə ilk ağlıma gələn həmin dibçək oldu. Yaxşı ki, o vaxt ona yox deməmişəm. Nəticədə dəyərli bir hədiyyə də deyil. Bəlkə heç sonradan onda gül də əkməyib. Amma mən nə yaxşı o dibçəyi ona bağışlamışam. Yoxsa indi özümü bağışlaya bilməyəcəkdim. Ölümün "Kaş" kimi bir ağrısı var axı...
Rahat uyu, maraqlı adam...