Eray MEHTİZADƏ
Ailəni qanunlardan öncə məhrəm sədd qoruyur. Onu aşmağın, buna cəhd etməyin hüquqi və əxlaqi baxımdan qadağan, tabu elan edilməsi bəşəriyyətin indiyədək yekdil olaraq qəbul edib, sadiq qaldığı nadir razılaşmalardandır. İnsanlar dini inanclarına, uca Tanrının kimliyinə görə belə fərqli düşünə bilirlər. Ailənin sərhədlərini keçməmək barədə isə heyrətamiz dərəcədə dünyada həmfikirlilik var.
Bu toxunulmaz zonanı, L.Tolstoy demişkən, bir-birinə oxşayan xoşbəxtlər və hərəsi bir cür bədbəxt olan ailələr bölüşür. Adətən qadınların özlərini bədbəxt hesab etdiyi ailələrdə dostun-tanışın, doğmaların, bir sözlə, hamının bildiyi bir sirr gizlənir. Orada zorakılıq olur, orada göz yaşı var, orada hüquq pozuntusu baş verir. Mental dəyərlərin güclü olduğu cəmiyyətlərdə bu cür qanunsuzluqlar ailə sirri adı altında pərdələnə bilir. Əslində məişət zorakılığından əsasən qadın və uşaqlar əziyyət çəkdiyinə görə qadının boğulan fəryadı və ya uşağın hıçqırtısı hüquqi mexanizmin işə düşməsi üçün güclü həyəcan siqnalı rolunu oynaya bilər. Bir şərtlə ki, bu səs ailənin içində anındaca susdurulmasın.
Ölkəmizdə ailədaxili zorakılıq hallarının əksəriyyətinin latent qalması və hüquq-mühafizə orqanlarına məlum olmaması barədə söylənən fikirlər bu mənada çoxdan bilinən həqiqətin ifadəsi kimi səslənir. Hər kəs ailədə zorakılıq edəni tanıyır, doğmalar qanun pozuntusu barədə xəbərdardır, ancaq hamı bir nəfər kimi susur. Hətta, zorakılığa məruz qalanın özü belə rəsmi qurumlara müraciət etmir. Bu da bəzən ağır cinayət hadisələri ilə nəticələnir.
Ata və qardaşın ailənin qız fərdi ilə müqayisədə maskulist üstünlüyə malik olması bizim kimi şərq dəyərlərə sahib toplumlarda bəzən erkən nikah problemləri doğurur. Araşdırmalar göstərir ki, evlilik müddətində məişət zorakılığına məruz qalanların arasında erkən nikaha daxil olanlar üstünlük təşkil edir. Belə evliliyin cinayət əməli olduğunu bildikləri halda övladını ər evinə yola salan valideynləri qınamalı olan qohum-əqrəbalar da toylarda "sındıra-sındıra süzürlər".
Etiraf edilməlidir ki, aidiyyəti dövlət qurumları, o cümlədən, işin sonunda cinayət təhdidi olduğuna görə polis əməkdaşları erkən nikah və məişət zorakılığı mövzularını əhatə edən kifayət qədər maarifləndirmə tədbirləri həyata keçirirlər. Ancaq müşahidələr göstərir ki, yeri gəldikcə sərt hüquqi sanksiyalar işə düşmədikcə, bu bəlanın qarşısı izah olunmaqla alınmır. Necə ki, bu ilin ilk günlərində mediada azyaşlı övladını məcburi ərə verməyə çalışan atanın həbsilə bağlı ictimaiyyət tərəfindən də təqdir edilən xəbər yayıldı. "Azərbaycan uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə bununla bağlı bildirirdi ki, azyaşlı övladını məcburi ərə verməyə çalışan atanın həbsi bu məsələdə dönüş yaradıb, erkən nikahla bağlı yüzlərlə nişan bu hadisədən sonra ləğv edilib, geri qaytarılıb. Şamaxı, Ağsu, Sabirabad, Lənkəran, Kürdəmir və digər rayonlardan belə xəbərlər gəlib. Birliyin sədri qeyd edirdi ki, polis profilaktika tədbirləri ilə erkən yaşda nişanın qarşısını almağın mümkünsüzlüyünü gördükdən sonra sözügedən addımı atıb: "Daxili İşlər Nazirliyinin bir dəfə "yetər" deməsi kifayət elədi ki, insanlar ayılsın. Çox çalışdıq. İctimai qınağın da faydası olmadı. Həbs - ağır cəza olmalı idi".
Bunun kimi faktlar sübut edir ki, ailənin strukturu bərabərliyə əsaslanmalı, nəhayət, qadının və qızın da sözü eşidilməlidir. Əks halda ata evində kişinin sözü ilə taleyinə boyun əyən qızı ər evində zorakılığın növbəti mərhələsi gözləyir. Bu anlayışın dəyişməsi qadın qətlinin qarşısının alınmasında da mühüm rol oynaya bilər. Hərçənd, onu da nəzərə almalıyıq ki, ötən ilin sonlarında Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi sorğunun nəticələrinə əsasən, rəyi soruşulanların 21,9 faizi bəzi hallarda ailədə zorakılığın tətbiqini qaçılmaz hesab edib və belə düşünənlər arasında kişilər qadınlardan təqribən iki dəfə çox olub. Yəni ailələrdə gender bərabərliyinə nail olmaq üçün hələ bir xeyli vaxt və əmək sərf etməliyik.