Məlum olduğu kimi, Bakı şəhərinin izahlı Baş planı artıq ictimaiyyətə təqdim olunub. Planda paytaxtımızda 2040-cı ilədək görüləcək işlər öz əksini tapıb. Bakının yeni Baş planı isə 2040-cı ilədək paytaxtın simasının əhəmiyyətli dərəcədə dəyişəcəyini vəd edir. Belə ki, Bakı şəhərinin Baş planında əhali sıxlığı, mobillik, metro və dəmiryol şəbəkəsi, küçə-yollar, avtomobilləşmə səviyyəsi, ekoloji durumun yaxşılaşdırılması, qəbiristanlıqlar, mühəndis kommunikasiya infrastrukturu, elektrik, istilik, su təchizatı, tullantı suları, yağış suları, rabitə sistemi və sair məsələlər öz əksini tapıb.
Mərkəzi Bakı ərazisində nəqliyyat sıxlığının qarşısını almaq və Abşeron yarımadasının bütün yaşayış məntəqələrindən rahat nəqliyyat və əlaqələndirmə imkanı olan ərazidə təhsil müəssisəsini yaratmaq məqsədilə Baş planla Bakının mərkəzi hissəsinin hüdudlarının birbaşa yaxınlığında yaşıl universitet şəhərciyinin yaradılması təklif olunur. Universitet şəhərciyi Hibrid Yaşıl Dəhlizlər şəbəkəsinə bütünlüklə inteqrə ediləcək ki, bu da əraziyə aşağı sürətli nəqliyyat vasitələri ilə gediş-gəliş imkanı təmin edəcək. Yeni universitet şəhərciyində özəl və dövlət ali təhsil müəssisələri ilə yanaşı, tələbə yataqxanaları, xarici tədqiqatçılar üçün qonaq evləri, professorlar və müəllimlər üçün qonaqlama və yaşayış yerləri təmin ediləcək. Baş planla Xocasən bilik mərkəzinin yaradılması da nəzərdə tutulur. Moskva Universitetinin yataqxanasının və universitet şəhərciyinin 2040-cı ilə qədər "Bilik Mərkəzi"nin yaradılması təklif olunur.
Baş plana əsasən digər layihə Bakının ilin hər fəsli üçün turistik təyinata çevrilməsi, turistik fəaliyyətlərin şaxələndirilməsi və genişləndirilməsinə xidmət edəcək. Baş planda kurort turizminin inkişafı üçün təxminən 169,8 ha yeni inkişaf ərazisi ayrılıb. Baş plan çərçivəsində sahil xəttinin qorunması tədbirləri nəzərə alınmaqla ictimai çimərliklərə çıxış imkanlarının gücləndirilməsi təklif edilir.
Baş planda ən diqqət çəkən elementlərdən biri də yeni yol qovşaqlarının inşası, nəqliyyat infrastrukturunun genişləndirilməsidir. Baş plana görə, 2027-ci ilin sonunadək Bakı və Sumqayıt şəhərlərini birləşdirən yeni magistral avtomobil yolunun inşası planlaşdırılıb. 2040-cı ilədək Bakı şəhərində küçə-yol şəbəkəsinin uzunluğunun təqribən 368,7 km artırılması planlaşdırılıb.
2020-2040-cı illərdə Bakı şəhərinin inkişafı üçün 93,6 milyard manat məbləğində vəsait tələb olunur. Bu barədə Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında qeyd edilib. Baş plana əsasən, bu vəsait 5 istiqamətdə tədbirlərin həyata keçirilməsinə yönəldiləcək. Şəhər ərazisinin inkişafı üçün 47,6 milyard, nəqliyyat infrastrukturunun inkişafı üçün 16,9 milyard, mühəndis-kommunikasiya sistemlərinin inkişafı üçün 15,32 milyard, bərpa olunan enerji mənbələrinin inkişafı üçün 4,3 milyard və ətraf mühitin qorunması tədbirləri üçün 9,5 milyard manat məbləğində vəsait tələb olunur.
Qeyd edilib ki, bu vəsaitin 60,5 milyard manatı dövlət, 33,6 milyard manatı isə özəl investisiyalar hesabına qarşılanacaq.
Memar Cahid Həsənov deyir ki, Bakının mərkəzindən kənarda o qədər boş ərazilər var ki, onlardan səmərəli istifadə edilməlidir. Baş Planın hazırlanması Bakının bundan sonra xaotik tikilməsinin qarşısını alacaq. Hər şey plan əsasında həyata keçiriləcək. Bu plan, bir növ dirijor rolunu oynamalıdır. Tutaq ki, Bakıda hansısa ali təhsil ocağı inşa olunmalıdırsa, həmin boş yerlərə istiqamətləndiriləcək: "Baş Planda metronun genişləndirilməsi də nəzərdə tutulur. Bu, çox yaxşı haldır. Yeni metrostansiyaların inşası Bakının mərkəzində sıxlığı aradan qaldıracaq. Baş plan tənzimləyici bir xəritədir. Biz bu xəritə üzrə işləri həyata keçirsək, şəhərimiz daha da gözəlləşəcək".
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlının sözlərinə görə, mütəxəssislər cəlb olunmalı, planlı şəkildə işə başlanılmalı və qarşıya hədəf qoyulmalıdır ki, ildə bir stansiya təhvil veriləcək. Onda deyilən müddətə bu işi başa çatdırmaq olar: "Prosesi sürətləndirmək üçün yerüstü metrostansiyalar da tikilə bilər. Xəritədə göstərilən bir çox ərazilər neft əraziləridir, yəni haranı qazırsansa, çirkli sular, neft tullantıları və s. çıxır. Ona görə də bir çox ərazilərdə yerüstü metrostansiyalara üstünlük verilsə, yaxşı olar. Qazıntı işi aparmaq, yerin altında qurunt sularının qarşısını almaq, bərkitmə işləri böyük xərc tələb edir. Ondansa konkret bir istiqamətdə evləri plana salmaq, obyektləri sökmək daha əlverişlidir".
Ekspert bildirib ki, Bakının Baş planına əsasən, paytaxt ərazisində tramvay xətlərinin bərpası da nəzərdə tutulub. Tramvay-elektrik qatarı sisteminin tətbiqində mövcud və yenidən qurulan dəmir yolu infrastrukturunun imkanlarından istifadə olunacaq. Tramvay xətlərinin bərpası üçün bir sıra küçələrdə plan üzrə tədqiqat aparılması mümkündür: "Lakin 90-cı illərə qayıdıb bu planla hərəkət etmək mümkün deyil. Çünki artıq bəzi küçələr buna imkan vermir. Köhnə tramvay xətlərinin olduğu ərazilərin çoxunda yaşayış və iaşə obyektləri tikilib. Ona görə də orada tramvay xətlərinin çəkilməsi mümkünsüzdür. Bu, nəqliyyatın hərəkətini poza bilər. Lakin 8 noyabr, Babək prospektlərində, şəhərin bəzi mərkəzi küçələrində (məsələn, Rəşid Behbudov küçəsi və s.) tramvay xətti çəkmək mümkündür".
Təhsil eksperti Elşən Qafarov deyir ki, Bakının mərkəzində nəqliyyat sıxlığının qarşısını almaq üçün Abşeron yarımadasının bütün yaşayış məntəqələrindən rahat nəqliyyat və əlaqələndirmə imkanı olan ərazidə yaşıl universitet şəhərciyinin yaradılması təklif olunur. Universitet şəhərciyi Hibrid Yaşıl Dəhlizlər şəbəkəsinə bütünlüklə inteqrə ediləcək ki, bu da əraziyə aşağı sürətli nəqliyyat vasitələri ilə gediş-gəliş imkanı yaradacaq. Yaşıl universitet şəhərciyinin yaradılması vacib addımdır: "Bakı ətrafında, xüsusilə yolların kəsişdiyi və nisbətən daha az məskunlaşmanın olduğu ərazidə yaşıl şəhərcik yaradıla bilər. Düşünürəm ki, bu, daha çox Qala qəsəbəsi yaxınlığında olan ərazilərdə yaradılmalıdır. Universitetlərin regionlara köçürülməsi daha effektiv olar. Bu köçürülmə həmin şəhərlərin də inkişaf etməsinə müsbət təsir göstərə bilər".
Ekspert qeyd edib ki, universitetlərin şəhərin mərkəzindən kənar ərazilərə köçürülməsi ilə bağlı layihələr inkişaf etmiş ölkələrdə uzun illərdir ki, həyata keçirilir: "Məsələn, Türkiyədə bir çox universitetlər ölkənin müxtəlif şəhərlərində fəaliyyət göstərir. Onların bir çoxunda tələbələr üçün bütün şəraitin mövcud olduğu tələbə şəhərcikləri var. Bu tip şəhərciklər tələbələrin təhsili, istirahəti və yaşaması üçün bütün sosial obyektlərlə təmin olunub".
Millət vəkili, iqtisadçı alim Vüqar Bayramov deyir ki, Bakının Baş planı hazırlananda həm beynəlxalq ekspertlərdən, həm də bu sahədə təcrübəsi olan xarici və yerli qurumların təkliflərindən istifadə olunub. Baş plan ortamüddətli dövrü əhatə edir, xərclər də müasir çağırışlar nəzərə alınaraq hesablanıb. 2040-cı ilədək 93,6 milyard manat vəsaitin bu istiqamətə yönəldilməsi nəzərdə tutulub. Burda söhbət sərmayənin cəlb edilməsi, infrastrukturun genişləndirilməsi, dövlət özəl tərəfdaşlıq fonunda daha çox vəsaitin Bakının inkiafına yönəldilməsindən gedir: "Nəzərə alsaq ki, söhbət növbəti 16 il üçün nəzərdə tutulan plandan gedir, sözsüz, növbəti dövrün çağırışlarına uyğun olaraq vəsaitlərin həcmində dəyişikliklərin olmasını müşahidə edə bilərik. Məqsəd planda nəzərdə tutulan hədəflərin reallaşmasıdır. Müəyyən hədəflərin müəyyənləşməsi, planda qeyd edilməsi də imkan verəcək ki, həmin hədəflərə çatılması daha asan və məqsədli olsun".
Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlının sözlərinə əsasən, Bakının böyük bir şəhərə çevrilməsi, infrastruktur olaraq formalaşması üçün çox ciddi işlər görülməlidir. Ona görə də, qeyd olunan vəsaiti o qədər də böyük görməməliyik: "Ümumilikdə götürsək, elə 5 milyarddan bir az artıq vəsait xərclənməsi nəzərdə tutulur. Təxminən, 20-dən artıq metrostansiyanın, 2 böyük deponun tikintisi, 28 May stansiyasının yenidən qurulması nəzərdə tutulub. Əlavə olaraq, yeni yol infrastrukturu, köhnə yaşayış fondunun tamamilə sökülüb sıradan çıxarılması, yeni yaşıllıq zolaqlarının, meşələrin salınması, sənaye subyektlərinin yaradılması və s. bu kimi şeylər də Baş plana daxildir. Düşünürəm ki, ayrılan vəsait səmərəli və şəffaf sərf olunsa, 2040-ci ildə yeni bir şəhər görə bilərik. Baş plana uyğun işlər tamamlandıqda sonra Bakı bambaşqa bir şəhər olacaq".
Nəqliyyat sahəsi üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov qeyd edib ki, Bakının Baş planında əsas məsələlərdən biri nəqliyyatla bağlıdır. Kifayət qədər ciddi hədəflər qoyulub. Onlara nail olunması paytaxtın və Abşeron aqlomersiyasının mobillik mühitini əsaslı şəkildə dəyişə bilər. Əsas məqamlardan biri odur ki, bu planda Bakının perspektiv inkişafına ictimai nəqliyyat yönümlü şəhərsalma baxışı yer alır. Mikromobilliyin inkişafı, piyada mühitinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılması və başqa maraqlı elementlər də var. Lakin ən mühümü bu planın real icrasıdır. Baş plandakı bəzi tədbirlərin icrası özəl biznesin sərmayələrini də nəzərdə tutur. Onun sözlərinə görə, nəqliyyatla bağlı bütün tədbirlərin yeganə maliyyələşmə mənbəyi dövlət vəsaitləridir: "Belə də olmalıdır. Çünki nəqliyyata xərclənən pul birbaşa gəlir gətirmir. Nəqliyyata qoyulan sərmayədən cəmiyyətin və dövlətin dolayı qazancı isə ölçüyəgəlməz dərəcədə böyükdür. Bu səbəbdən özəl biznes ona pul xərcləməyəcək".
Ə.Hüseynov bildirib ki, Baş planda 2040-cı ilədək nəzərdə tutulan nəqliyyat tədbirlərinə 16,9 milyard manat sərmayə qoyuluşu hədəflənib: "Bu, kifayət qədər ciddi rəqəmdir. Ümid edirəm ki, bu planı hazırlayanlar maliyyə-iqtisadi əsaslandırma aparıblar, planı təsdiq edən hökumət isə həmin vəsaitlərin tapılacağna və səmərəli xərclənəcəyinə əmindir. Düzdür, bəzi konkret işlərin xərcləri ilə bağlı rəqəmlər məndə sual yaratdı. Məsələn, 1 km bir istiqamətli tramvay xəttinin orta dəyəri 36,98 milyon manat, yaxud 1 km velosiped zolağının xərci 38000 manat göstərilib. Ümid edək ki, bu Baş plan kağız üzərində qalmayacaq".
Sevinc QARAYEVA