Xəbər verdiyimiz kimi, Azərbaycanda özəl pensiya fondunun yaradılması ilə bağlı normativ sənədlərin hazırlanması tam yekunlaşıb. Dövlət Sosial Müdafiə Fondundan bildirilib ki, sənədlər razılaşdırılması üçün bir ay ərzində dövlət qurumlarına göndəriləcək.
Pensiya təminatının özəl fondlar vasitəsilə həyata keçirilməsi dünyada geniş yayılan bir praktikadır. Hazırda dünyanın bir sıra ölkələrində, o cümlədən, Almaniya, Böyük Britaniya, İrlandiya və Türkiyədə özəl təqaüd fondları fəaliyyət göstərir. Ölkələr fərqli olduğu kimi, özəl pensiya fondlarının fəaliyyəti də fərqli qaydalarla tənzimlənir. Pensiya təminatı sistemində şaxələndirmə vətəndaşlar üçün seçim imkanı yaradır.
Qeyd edək ki, özəl pensiya fondları sosial sığorta vəsaitlərinin dövr etdirilməsini, pensiyanın təyinini və ödənilməsini həyata keçirən bir qurum kimi formalaşdırılır. Dövlət pensiya fondlarından fərqli olaraq özəl pensiya fondu əhalinin öz qazancı hesabına yığdığı təqaüdlərin saxlanması üçün yaradılan bazadır. Bu fondlar əsasən vətəndaşların ödədiyi sosial sığorta vəsaitlərinin dövriyyəsini təşkil edib, ondan əlavə vəsaitlər qazanır. Sonra isə bu vəsaitlər hesabına pensiya təminatını yüksəldir.
Millət vəkili, iqtisadçı Vüqar Bayramovun dediyinə görə, Azərbaycanda özəl pensiya fondunun yaradılmasında əsas məqsəd vətəndaşa həm dövlət, həm də özəl fondlar vasitəsi ilə ödəniş etmək imkanı yaradılmasıdır: "Nəticə etibarı ilə bu, imkan verə bilər ki, vətəndaş dövlət tərəfindən verilən pensiyası ilə yanaşı, özəl fonddan veriləcək yığımlara da malik olsun. Bu da vətəndaşlarımızın iki mənbədən pensiya almasına gətirib çıxaracaq. Fondların yaradılması birmənalı şəkildə vətəndaşlar üçün alternativ yığım imkanı deməkdir".
V.Bayramov qeyd edib ki, eyni zamanda fondlar fəaliyyətə başladıqdan sonra pensiyaçıların pensiya məbləğinin artımları ilə müşahidə olunacaq.
Bəs özəl pensiya fondlarının yaradılması pensiyaçılara hansı imkanlar yaradacaq?
Millət vəkilı Vahid Əhmədov bildirib ki, özəl pensiya fondlarının yaradılması vətəndaşlara seçim imkanı verəcək: "Bir neçə ildir ki, bu barədə Milli Məclisdə fikirlərimi bildirmişəm. Özəl pensiya fondları yaradılmalı idi, çünki pensiya təminatı olan insanların seçim hüququ olmalıdır. İnkişaf etmiş ölkələrdə pensiyalar necə hesablanır, necə verilirsə, bizdə də elə olmalıdır. İnsanların seçim hüququ olduqda onlar daha çox mənfəət əldə edə bilirlər. Bu barədə dəfələrlə Milli Məclisdə fikirlər qaldırmışdım və bildirmişdilər ki, lazımi qurumlarda bununla bağlı işlər gedir".
Millət vəkilinin sözlərinə əsasən, özəl pensiya fondlarının yaradılması Azərbaycan əhalisinə, eləcə də pensiyaçıların pensiyasına müsbət mənada təsir edən əsas amillərdən biri olacaq: "Amma özəl fondların yaradılmasından sonra pensiyalarda artımın necə olacağını demək hələlik çətindir. Bu suallar mövcud qurumun yaradılmasından sonra öz cavabını tapacaq. Amma ümumi olaraq bunun vətəndaşlara çox müsbət əhəmiyyəti olacaq".
İqtisadçı ekspert Natiq Cəfərlinin sözlərinə əsasən, özəl pensiya fondlarının yaradılmasına uzun müddətdir ki, ehtiyac var idi, lakin yaradılan fondun necə fəaliyyət göstərəcəyi əsasnamə və sənədlər təsdiq olunandan sonra bilinəcək: "Özəl təqaüd fondlarının yaradılması özü özlüyündə pozitiv qərardır. Biz uzun müddətdir ki, bunun üçün çağırışlar edirdik. Amma bir çox sualların cavabı əsasnamə təsdiq olunandan sonra bilinəcək. Hansı şərtlərlə yaranacaq, hansı prinsiplər olacaq, necə qorunacaq, vətəndaşlara hansı üstünlüklər təklif olunacaq - bütün bunlar əsasnamə və sənədlər təsdiq olunandan sonra təsdiqlənəcək. Əgər mənətiqi ardıcıllıq qursaq, vətəndaşlarla özəl fondlar arasında tipik yox, fərdi müqavilələrin bağlanılmasına ehtiyac var. İndi bu qərarın olub-olmayacağı hələlik bilinmir".
İqtisadçı qeyd edib ki, biz hazırda məcburi icbari sığorta ilə mükəlləfik. Onun sözlərinə görə, icbari yox, könüllü olaraq müqavilə şərtləri ilə özəl fondlarla razılaşma əldə edəcəyik, ya yox, buna qəbul olunmuş sənədlərdən sonra fikir bildirmək mümkün olacaq: "Hazırda Azərbaycanda pensiya kapitalı ilə bağlı ən böyük problem avtomatik olaraq minimum əməkhaqqı artan kimi pensiya kapitalının da artmasıdır. 2022-ci ildə minimum təqaüd 240 manatdan 280 manata qaldırıldı və avtomatik olaraq qanuna görə pensiya kapitalı həmin an 40 min 220 manata qalxdı. Bu, doğru deyil. Sabah minimum təqaüd 400-500 manata qalxsa, belə çıxır ki, pensiya kapitalı 70-80 minə qədər artacaq. Bu qədər vəsaiti heç kim yığa bilməz. Özəl təqaüd fondlari olduqdan sonra vətəndaşlarla qurum arasında fərdi müqavilə bağlanacaq. Bu zaman kapitalın yığım hissəsini artırmaq da olacaq, əlavə özünüz də vəsait qoya biləcəksiniz".
İqtisadçı ekspert Eyyub Kərimli bildirib ki, dünya təcrübəsində özəl pensiya fondları geniş tətbiq olunur: "Bu, sözsüz ki, təqaüdçülərin hüquqlarının qorunması üçün və gələcəkdə daha çox təqaüd alması üçün müsbət təcrübədir. Və bu təcrübədən bəhrələnmək üçün hesab edirəm ki, ölkəmizdə də tətbiq olunması müsbət nəticələr verə bilər. Bunun bir neçə mənfi və müsbət xüsusiyyətləri var. Müsbət xüsusiyyət odur ki, təqaüdçülər öz təqaüdlərini hansısa özəl pensiya fonduna həvalə etməklə gələcəkdə pensiya alanda daha çox vəsait əldə edirlər. Belə ki, həmin pensiya fondları bəzən həmin yığılan pensiya məbləğlərinə əlavə faizlər tətbiq edir və bu, gələcəkdə bank depoziti kimi bir formada əlavə faizlər alır, doğrudur, uzun müddətdən sonra. Həmçinin özəl pensiya fondları dövlətin sosial yükünü azaldır. Belə ki, məlum olduğu kimi, ölkəmizdə Sosial Müdafiə Fondu yalnız dövlətin nəzarətindədir və hər hansısa artım dövlət büdcəsindən maliyyələşir, amma özəl pensiya fondu özü də artıq pensiyalara artım edə bilir. Üçüncü məsələ, gələcəkdə pensiya kapitalının varisliyi təmin edilə bilər. Yəni insan müqavilə şərtlərinə uyğun, tutaq ki, pensiya yaşına çatmasa da, həmin kapitalı öz varislərinə ötürmək imkanı əldə edə bilir. Bu, həm də insan hüquqlarını bir formada təmin edir. Yəni insan istədiyi bir pensiya fondunda öz pensiya yığımlarını tətbiq edir. Mənfi cəhət odur ki, bu, uzunmüddətli prosesdir. Məsələn, şəxs özəl fondlarla müqavilə bağlayır və pensiya yığımından 30 il sonra bəhrələnə bilir. Amma bu müddət ərzində həmin fondların fəaliyyəti hansı formada baş verəcək, ümumiyyətlə, həmin fondlar fəaliyyət göstərəcək, yoxsa bağlanacaqmı? Hesab edirəm ki, bütün bunlara ciddi dövlət nəzarəti olmalıdır ki, insanlar gələcəkdə zərər çəkməsinlər".
İqtisadçı ekspert Xalid Kərimli isə özəl pensiya fondunun müsbət yönlərindən danışıb: "Özəl pensiya fondu Azərbaycan üçün yeni anlayışdır. Amma inkişaf etmiş ölkələrdə, xüsusən Avropa və Amerikada bu geniş tətbiq olunan mexanizmdir. Məlum olduğu kimi, işçilərin əmək haqqından pensiya fonduna icbari ödənişlər tutulur, sonda dövlət bunun əsasında pensiya ödəyir. Özəl pensiya fondu isə bununla paralel və könüllü şəkildə irəli sürülən mexanizmdir. Yəni burada məcburiyyət deyil, könüllülük prinsipi ön plandadır. Bu barədə qanunvericilik əsasları ortaya çıxdıqdan sonra daha dəqiq şərh bildirmək mümkün olacaq. Qərb praktikasında adətən iş yeri işçini işə götürərkən iş təklifi paketində özəl pensiya sxemi də təklif olunur. Amma iş yeri bu təklifi verməyəndə belə işçi onu seçə bilər. Yəni bu, məcburi deyil. Qərbdə müxtəlif cür pensiya planları olur. Məsələn, pensiya yaşına çatdıqda ya məbləğ birdəfəlik verilir, ya da əlavə olaraq stabil bölünür. Yəni dövlətin verdiyi pensiyadan əlavə özəl pensiya da ödənilir. Bunun üstünlüyü ondan ibarətdir ki, bu fond peşəkar menecerlər tərəfindən idarə olunur və əlavə gəlir də vəd edir. Belə ki, yatırım risksiz alətlərə yatırılır, əlavə gəlir gətirilir və bu gəlirdən fondun idarəetmə xərcləri çıxıldıqdan sonra qazanc pensiya fondunun iştirakçılarına qalır. Yəni məvacib passiv qalmır, istifadə olunur, amma risksiz formada. İqtisadiyyat üçün faydası ondan ibarətdir ki, ölkəmizdə uzunmüddətli kredit götürmək olmur, yalnız ipoteka krediti mövcuddur. Amma özəl pensiya fondu uzunmüddətli maliyyə resurs mənbəyi formalaşdırır".
İqtisadçı-ekspert Akif Nəsirli penisya fondlarının yaradılmasının hələ 2016-cı ildə ölkədə pensiya islahatlarına start verilərkən nəzərdə tutulduğunu xatırladıb: "Hazırda ölkəmizdə əməkqabiliyyətli vətəndaşların ödədikləri sosial sığortalar hesabına təqaüdçülərə pensiya ödənilir. Həmin islahatda isə bu sistemin ləğv edilməsi və şəxsi uçot sisteminə keçilməsi nəzərdə tutulmuşdu".
Özəl pensiya fondlarının iş prinsipini şərh edən iqtisadçı vurğulayıb ki, hər bir əməkqabiliyyətli vətəndaş burada pensiya yaşına çatana qədər işləyərək özü üçün pensiya kapitalı toplayır: "Təqaüdə çıxdıqda isə buna uyğun olaraq pensiya məbləği müəyyən edilir. Ancaq hazırda bu sistem deyil, klassik qaydalar tətbiq olunur. Əslində isə bu gün özəl fondların yaradılması vacibdir. Belə ki, vətəndaş işi müqabilində aldığı aylıq məvacibdən tutulan sosial sığorta haqqını hər ay DSMF-yə ödəyir. Ancaq sonradan ərizə ilə bu quruma müraciət edir və sosial sığortasının yeni fonda köçürülməsini xahiş edir. Bundan sonra həmin məbləğ buraya ödənilir. Burada onun üçün şəxsi hesab açılır və məbləğ burada toplanılır. Vətəndaş pensiyaya çıxdıqda isə onun üçün ödəniş bazasına çevrilir. Düzdür, dövlət büdcəsindən də buraya müəyyən məbləğdə vəsaitlər ödənilir, amma əsas baza hissəsi vətəndaşın sosial ödənişləri hesabına formalaşır".
Sevinc QARAYEVA