(Əvvəli ötən çərşənbə sayımızda)
Məni sevən bu təcrübəli adam bunları bilməmiş deyildi, lakin gözləmə mövqeyi tutmaqla, əlindəki qızılgülün ləçəklərinin töküldüyünün şahidi olacaq, hətta yaxın keçmişi də geri qaytara bilməyəcəkdi. Bir dəfə mən ona lazım olmayan etirafımı bildirmişdim, ikinci dəfə bunu etsəm, məni ona tələ qurmaqda ittiham edə bilərdi və bizim münasibətlərimizdə çapıq əmələ gələrdi.
Biz tez-tez görüşürdük, lakin aramızdakı münasibətdə hər ikimizin qoyduğu sərhədləri keçmirdik. Bir neçə dəfə o, məni qucaqlamışdı, lakin başqa açıq-saçıq hərəkətdən çəkinərək, ona yol verməmişdi.
Görünür, həqiqi sevgidə qızlar daha cəsarətli olur, öz hisslərini ifadə etməkdən çəkinməyin lüzumsuz olduğu qərarına gəlirlər. Mən belə cəsarət nümayiş etdirməyi qərara aldım, bir parkda skamyada oturub söhbət edərkən özümü saxlaya bilməyib, ayağa qalxdım, onu qucaqlayıb, sifətini öpüşlərə qərq etdim. O, baş verən bu hadisələrə görə mənim, bəlkə də, cızıqdan çıxan hərəkətimə məəttəl qalmışdı, deyəsən, bunu məndən gözləmirdi. Mən özüm də bunun niyə və necə baş verdiyini anlaya bilmirdim. Hətta parkda istirahət edən bəzi qoca kişilər də, mənim Fərhadı qucaqlayıb, sifətini öpüşlərə məruz qoymağıma təəccüblə tamaşa edirdilər.
Mən özümə bəraət vermək üçün dedim ki, ilk dəfə öz hisslərini sən etiraf etmədiyin bir halda, məhz mən onları dilimə gətirmişdim. İndi də mən qarşılıqlı qoyduğumuz münasibət çərçivəsini qırmağı, ondan kənara çıxmağı qət etdim. Bilirəm ki, sən də bunu çox arzu edirdin, ancaq məni şirnikləndirməmək, şəhvət torundan uzaqlaşdırmaq üçün, ucuz, adi bir öpüşü də yolverilməz hal hesab edirdin. Buna görə mən sənə öz minnətdarlığımı, bu təşəbbüsümdə bildirməyə cəhd etdim.
Axı mən də səni sevirəm və bizim qanuni, el adətinə uyğun şəkildə birləşməyimizi arzu edirəm. Yəqin ki, bu bayram bizdən də yan keçməyəcəkdir.
Fərhad çaşqınlıqdan yaxa qurtara bilmədiyindən, nə hərəkətimi anlaya bilir, nə də dilimə gətirdiyim sözləri dərk edə bilirdi. Deyəsən, mənim qəfləti öpüşlərim onu kar və lal etmişdi. Bəlkə də, belə anlar da sevginin məchulluğunun, müəmmalılığının şiddətini artıran vasitəyə çevrilir.
Sonrakı günlərin birində o, mənim cəsarətli hərəkətlərimə arxalanıb, məni öpmək istəyəndə, dedim ki, ancaq yanaqlarımdan öpə bilərsən, dodaqlara toxunmaq olmaz. Səbəbini öyrənmək istədikdə dedim ki, dodaq öpüşü intim yaxınlığa yol açmaqdan xəbər verir, bu meyvəni isə ilk dəfə yalnız toy gecəsi dadmaq olar.
Fərhad bu sözlərimə güldü və dedi ki, dodaqlarına qoyduğun qadağanın yalnız uydurma xarakterli olduğunu başa düşdüm və səbəblərin də qoruyucu məqsəd daşıdığını da anlayıram.
Əlbəttə, bunu mən özüm uydurmuşdum və belə fəlsəfənin ucuzluğu göz qabağında idi. Mən onun sözlərinə etiraz etmək istəmədim, çünki vəziyyətdən çıxmaq üçün bunu həqiqətən də uydurmuşdum. Bəlkə də, naşı bir oğlanın başını bununla aldatmaq olardı. Lakin Fərhad kimi həyatdan yaxşı baş çıxaran insanı belə primitiv səbəblərlə aldatmaq mümkün deyildi.
O, özü də nisbətən yaşlı olmasına rəğmən, ehtirasını cilovlaya bilirdi. Mən də ondan geridə qalmaq istəmirdim. Elə bil ki, hər ikimiz hisslərimizin birdən təsadüfən qalxacaq tufanından xəcalət çəkirdik.
Lakin bu gözəl anlar qısa müddət davam etdi. Son vaxtlar nə onun zəngi gəlirdi, nə də görünürdü. Mən maraqlandıqda, məlum oldu ki, onun Mədəniyyət Nazirliyinin rəhbərliyi ilə uzun sürən münaqişəsi kulminasiya nöqtəsinə çatdığından, o, ölkəmizdən getmiş, haraya yollandığını xəbər vermədən qeybə çəkilmişdi.
Sonralar söhbət gəzirdi ki, o, Tverdə yerliləri olan varlı adamların yanına getmiş, orada əyalət teatrında rejissor işləmiş, sonra hansısa təsirlər nəticəsində işdən azad olunmuş və Türkiyəyə yollanmışdı. O, anlaşılmaz qorxaqlıq göstərərək, mənə heç nə deməmiş, əslində, açıq xəyanət etmişdi. Ona görə də bir andaca ona olan məhəbbətim nifrətə çevrilmişdi və buna görə özümü qınamamaq naminə Dostoyevskinin "Nifrət və məhəbbət" prinsipindən bu metamorfozaya bəraət vermək üçün istifadə edirdim. Onu sevdiyimə görə ona nifrət edirdim.
Yeni sevgilim Rafiq əslində mənim xilaskarıma çevrilir
Bir neçə ay sonra yenə aktyor dostum məni Rafiq adlı bir oğlanla tanış etdi və bildirdi ki, xeyli müddətdir ki, sənin oyununa tamaşa etmək üçün bizim truppanın çıxışlarını seyr etməyə gəlir. O, boylu-buxunlu oğlan olmaqla, həm də bahalı paltar geyinmişdi. Özünün təzə "Cip" maşınını göstərib dedi ki, sizi evə apara bilərəm. Mən təşəkkür edib, bildirdim ki, maşınımı burada qoya bilmərəm, öz avtomobilimdə getməliyəm.
Sonra telefon nömrəsini xahiş etdi ki, oyununuz barədə təəssüratlarımı sizinlə bölüşəcəyəm, özü də əmin ola bilərsiniz ki, öz rəyimi tam obyektiv olaraq, sizə hörmətimdən asılı olmayaraq, bildirəcəyəm. Bu sözlərdən sonra mən telefon nömrəmi diktə etdim və o, öz telefonuna yazdı. Bir neçə gündən sonra onun ilk zənginə cavab verdim. Elə bil ki, dili açılmışdı, mənə son altı ayda vurulduğunu dedi və bildirdi ki, əgər görüşsək, bəzi hisslərimi sizə açmağa da cəsarət edərəm.
O, atasının firmasında bizneslə məşğul olurdu. Hər axşam tamaşa bitdikdən sonra məni özünün bahalı maşınında evimizə aparırdı. İki dəfə müasir kafelərin birində kofe də içmişdik. Nəhayət, bir axşam o, mənə ciddi münasibət bəslədiyini bildirdi və bunu bir əsaslı dəyişiklik əlaməti kimi mənzilində qeyd etməyi təklif etdi. Mən razılaşdım. Əvvəlcədən o, yaxşı hazırlıq görübmüş, süfrəyə mənzilin qulluqçusu balıq xörəkləri, krevet və digər bahalı xörəklər qoymuşdu, burada qiymətli fransız konyakı olan "Hennesi" butulkası da var idi. Bir həftə sonra o, məni bahalı restorana dəvət etdi. Arxamca gəlib, məni öz maşınında apardı. Xeyli xörək, qəlyanaltı və şirələr sifariş etdi. Restoran sahibi bizə yaxınlaşıb Rafiqlə səmimi görüşdü və baş əyməsi ilə məni salamladı. Süfrəmizdə spirtli içki yox idi və bu, məni çox razı saldı.
Restorandan sonra mən teatra getmək istədiyimi bildirdim, maşından düşəndə bildirdi ki, axşam saat 10-da gəlib özü məni evə aparacaqdır. Tamaşadan sonra gəlib evə çatanda, mən maşını tərk etmək istədikdə dedi ki, iki-üç dəqiqə vaxtını almaq istəyirəm. O, birbaşa dedi ki, mən sizə çoxdan vurulmuşam, ona görə də sizinlə evlənmək barədə təklifimi elan etmək istəyirəm. Mən bu təklifin ciddi olduğunu heç cür gözləmirdim, çünki ondan 5-6 yaş böyük idim. Həm də bizdə aktrisalara evlənmək təklifi, adətən, qaydalardan istisna təşkil edir, az sayda görüşdən sonra belə təklif mənə olduqca qəribə gəldi. Heç nə demədən maşından düşdüm. O da məni çoxmərtəbəli evin qapısına qədər müşayiət etdi və təklifinin tam əsaslı olduğunu göstərmək üçün məni qucaqlayıb öpdü. Sonra bəlkə də, incidiyimi güman edib, üzr istəməyə başladı. Mənə onun nəzakət haləsinə bürünmüş öpüşünün özü də çox qiymətli və arzu olunan kimi göründü. Onun hisslərini cavabsız qoymamaq üçün dedim :
- İlk görüşdən mən sizin xeyirxah adam olduğunuz qənaətinə gəlmişdim. Lakin tanışlığımızın bu səviyyəyə gəlib çatacağını düşünmürdüm.
Rafiq bu sözlərimə daha güclü ehtirasının ifadəsi kimi belə dedi:
- Mən də ilk dəfə sənin kimi gözəl bir qızla yaxından tanış olduğuma sevinmişdim. Hər ikimiz bir-birimiz barədə ilk təəssüratlarımızdan müəyyən fayda götürməyə çalışmalıyıq və yəqin etməliyik ki, onlar bizi aldatmamışlar, əksinə, düz yola, xoşbəxtliyə aparacaq yola dəvət etmişlər. Biz bunu qiymətləndirməliyik və təsadüfün bizə verdiyi şansdan qorxmadan, çəkinmədən istifadə etməliyik.
Yeni sevgilim Rafiqlə nisbətən az-az görüşürdük. Məşqlərə və tamaşalara görə daha intensiv təmasda olmağa imkanımız olmurdu. Buna baxmayaraq, Rafiq mənim ürəyimə daxil olduğu kimi, mən də onun könlünü zəbt edə bilmişdim. Mənim aləmimdə könül əslində bir bağdır və hər kəs bu bağın kol-kos basmasına, yeni zərərli pöhrələr tərəfindən təzyiqə uğramasına yol verməməlidir ki, o, öz təmizliyini, səliqə-sahmanını və bunların nəticəsi kimi saflığını qoruyub saxlasın. Mən onun könlünün saflığına şübhə etmirdim, çox inanırdım, ona görə də ona dəlicəsinə vurulmuşdum.
Rafiqə mənim söhbətlərim, xüsusən uşaqlıq xatirələrim xoş gəlirdi. Xatirələrimə həzz hissi ilə qulaq asırdı, elə bil ki, sevdiyi qızın ilk addımları da onun üçün xüsusi maraq kəsb edir. Onların vasitəsilə o, tanımadığı kənd həyatı ilə tanış olur, bizim məişətimiz və düşüncə tərzimiz barədə müəyyən təsəvvürlərə yiyələnirdi. Mən ona toyuq-cücə saxlamağımızdan söhbət açırdım, o isə deyirdi ki, toyuqların ətini və yumurtasını yeməkdən başqa, onlar barədə bir şey bilmir. Mən uşaqlıqda özümü çirkin ördək balası hesab etdiyimi deyirdim, o isə mənim bu sözlərimə etiraz edirdi ki, qu quşu körpəlikdə ördək balasına bənzəsə də, qısa müddət keçəndən sonra öz növünə aid olan gözəllik xüsusiyyətlərinə yiyələnməyə başlayır. Onun aləmində indi qu quşunu andıran bu qız heç vaxt ördək balası, özü də onun çirkin növü ola bilməzdi. Çünki təbiət bu gözəlliyi ona lap əvvəldən bəxş etmişdir, səhnə isə bu nəcib insan bədənini və sifətinin cizgilərini rəndələməklə, nə vaxtsa mənim onlara əsir düşəcəyimi də yəqin ki, nəzərə almışdır. Mən onun bu sözlərinə yarı istehza, yarı ürəkdən gələn bir qəhqəhə ilə cavab verirdim. O isə mənim gülüşümə vurulduğunu da qeyd etmişdi və demişdi ki, gülüşüm səhnədə də tam başqa bir atmosfer yaradır və tamaşaçıların könlünü oxşayır.
Göründüyü kimi, səhnə uğurlarımdan başqa məni artıq həyatda da sevindirən cəhətlər də az deyildi.
Toyumuza bir həftə qalmış Rafiq dedi ki, atam da mənə bu qəribə adının necə qoyulması ilə maraqlanır. Hətta onu da soruşmuşdu ki, İzolda əvəzinə "Ulduzə" desək, xətrinə dəyməz ki? Mən bildirdim ki, əlbəttə, dəyər, axı bu adı valideynlərim qoymuşdur. Rafiq mənim könlümü oxşamaq üçün, onu da əlavə etdi ki, bu ad dildə nədənsə çox şirin səslənir.
Mən bildirdim ki, bu sual nə vaxtsa meydana çıxmalı idi. Məni əvvəlcə ata nənəmin adı ilə "Zərqələm" adlandırmışdılar, guya ki, mən qızıl qələmli yazıçı olacağam, nənəmə gəldikdə isə o, sırf savadsız idi. Bir yaşım olanda, atamın hərbçi zabit dostu bizə qonaq gəlibmiş, o, uzun müddət Berlində xidmət etmişdi. Ad xoşuna gəlməmiş, mənə "İzolda" adını təklif etmişdi. Nənəmdən başqa bu ad hamını sevindirmişdi. Lakin adın mənasını heç kəs bilmirmiş. Adı qoyan bunu Vaqnerin "Tristan və İzolda" operasından götürdüyünü demişdi. İzolda kral Markın arvadı ola-ola Tristanla sevişmişdi. Kralın cəngavəri Tristanla vuruşduqda, Tristan qılıncı kənara atmış, cəngavər isə öz qılıncını onun kürəyinə soxmuşdu. Tristan öldükdən sonra İzolda da onun yolu ilə getmişdi. Bu, əslində XII əsr fransız cəngavər romanıdır, sonrakı əsrlərdə başqa Avropa dillərinə də tərcümə olunmuşdur.
Müasir İzolda isə yalnız Rafiqinkidir, onun Tristanı da, Markı da azərbaycanlı Rafiqdir, axı romana görə İzolda irlandiyalı, əri Mark Kornuell kralı, Tristan isə onun qohumu olmaqla, həm də cəngavər idi. Mən söhbətə yekun vurmaq üçün dilə gəldim, yüz Tristan və Mark olsun, Rafiqin bir dırnağını da onlara dəyişmərəm. Bizi ancaq təbiətin hökmü ayıra bilər. Bu sözlərdən sonra Rafiq məni bərk-bərk qucaqlayıb öpdü.
(Ardı var)