Bundan sonra Azərbaycanda bəzi hallarda valyuta sərvətlərinin və milli valyutanın transsərhəd daşınması zamanı onların hərəkəti dayandırılacaq. Bu məhdudiyyət Nazirlər Kabinetinin təsdiq etdiyi "Valyuta sərvətləri və milli valyutanın transsərhəd daşınması zamanı onların hərəkətinin dayandırılmasına dair qaydalar"da öz əksini tapıb. Bununla bağlı Baş nazir Əli Əsədovun imzaladığı yeni qərara əsasən, qaydalar "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanuna uyğun hazırlanıb. Sənəd valyuta sərvətlərinın və milli valyutanın transsərhəd daşınması zamanı onların hərəkətinin dayandırılmasına dair qaydaları və bununla bağlı indikatorları müəyyən edir, fiziki və hüquqi şəxslərin valyuta sərvətlərini və milli valyutanı ölkənin gömrük ərazisinə gətirməsi, bu ərazidən aparması və tranzit keçirməsi zamanı tətbiq olunur.
Valyuta sərvətləri və milli valyutanın transsərhəd daşınması zamanı qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş valyuta sərvətləri və milli valyutanın bəyan edilməsi rejiminin tələbləri çərçivəsində bəyan edilməmiş və ya düzgün bəyan edilməmiş valyuta sərvətləri və milli valyutanın aşkar edilməsi hallarında gömrük orqanları onların mənbəyi və istifadə məqsədi barədə məlumat və sənədləri, o cümlədən, bu qaydalara əlavə edilən "Valyuta sərvətləri və milli valyutanın mənbəyi və istifadə məqsədi barədə məlumatların təqdim edilməsi forması"nın doldurulmasını tələb edir.
Gömrük orqanları valyuta sərvətləri və milli valyutanın bəyan edilməməsi və ya düzgün bəyan edilməməsi hallarında onların mənbəyini və istifadə məqsədini müəyyənləşdirir. Gömrük orqanları aşağıdakı hallarda valyuta sərvətləri və milli valyutanın hərəkətinin 48 saat müddətində dayandırılmasına dair Gömrük Məcəlləsinin 99-cu maddəsinə uyğun olaraq protokol tərtib edir və bu barədə gömrük orqanının rəhbəri əsaslandırılmış qərar qəbul edir.
Hüquqşünas Əkrəm Həsənovun sözlərinə görə, hər bir vətəndaş 10 min dollaradək xarici valyutanı bəyan etmədən ölkədən çıxara bilər. Bundan yuxarı məbləğ isə gömrükdə bəyan edilməlidir. İndi isə Nazirlər Kabineti valyuta sərvətləri və milli valyutanın mənbəyi və istifadə məqsədi barədə məlumatların təqdim edilməsi formasını müəyyənləşdirib. Bu addım çirkli pulların yuyulması ilə mübarizə çərçivəsində atılıb.
O bildirib ki, gömrük orqanları fakt üzrə inzibati araşdırmanın və ya cinayət təqibinin aparılması zamanı valyuta sərvətləri və milli valyutanın maddi sübut qismində götürülməsi halları istisna olmaqla onların bəyan edilməməsi və ya düzgün bəyan edilməməsi hallarında, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi və digər cinayətlərin əlamətləri aşkar edildikdə valyuta sərvətləri və milli valyutanın hərəkətinin 48 saat müddətində dayandırılmasına dair müvafiq maddəyə uyğun olaraq protokol tərtib edəcək və bu barədə gömrük orqanının rəhbəri tərəfindən əsaslandırılmış qərar veriləcək.
Valyuta sərvətləri və milli valyutanın hərəkətinin dayandırılması ilə bağlı indikatorların siyahısına nələr daxildir?
Hüquqşünasın dediyinə gərə, valyuta sərvətləri və milli valyutanın mənbəyi və istifadə məqsədilə bağlı məlumatların onları ölkənin gömrük sərhədindən keçirən şəxs tərəfindən təqdim olunmasından imtina edilməsi və ya bu barədə birbiri ilə ziddiyyət təşkil edən, habelə düzgün olmayan məlumatların verilməsi, valyuta sərvətləri, milli valyutanı gömrük sərhədindən keçirən şəxs tərəfindən gömrük orqanlarına düzgün olmayan məlumatları əks etdirən və ya etibarsız sənədlərin təqdim edilməsi zamanı valyuta sərvətləri və milli valyutanın hərəkəti dayandırılacaq. Eyni zamanda, valyuta sərvətləri və milli valyutanı gömrük sərhədindən keçirən şəxsin "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanunda nəzərdə tutulan yüksək riskli zona hesab edilən ölkəyə səyahət etməsi və ya belə ölkədən qayıtması, habelə valyuta sərvətləri və milli valyutanın mənbəyinin və ya istifadə yerinin belə ölkə (ərazi) göstərilməsi, valyuta sərvətləri və milli valyutanı gömrük sərhədindən keçirən şəxsin gömrük işi sahəsində hüquqpozmalarla əlaqədar əvvəllər məsuliyyətə cəlb edilməsinin müəyyən olunması zamanı da valyuta hərəkəti dayandırılacaq: "Hərəkəti dayandırılan valyuta sərvətləri və milli valyuta gömrük orqanlarının müəyyən etdiyi yerlərdə nəzarət altında saxlanılacaq. Gömrük orqanları müvafiq məlumat və sənədləri araşdırmanın aparılması üçün Maliyyə Monitorinqi Xidmətinə və cinayət təqibini həyata keçirən orqana göndərəcək. Gömrük orqanlarına bu qaydalarda nəzərdə tutulmuş müddət ərzində cinayət təqibini həyata keçirən orqan və Maliyyə Monitorinqi Xidməti tərəfindən valyuta sərvətləri və milli valyutanın dayandırılmasına kifayət qədər əsasın olmaması ilə bağlı məlumat daxil olduqda və ya hər hansı məlumat daxil olmadıqda, gömrük orqanları onların sahibinə qaytarılması ilə bağlı əsaslandırılmış qərar qəbul edəcəklər".
Hansı hallarda "Valyuta sərvətləri və milli valyutanın mənbəyi və istifadə məqsədi barədə məlumatların təqdim edilməsi forması" doldurulacaq?
Hüquqşünas qeyd edib ki, valyuta sərvətləri və milli valyutanın bəyan edilməsi rejiminin tələbləri çərçivəsində bəyan edilməmiş və ya düzgün bəyan edilməmiş valyuta sərvətləri və milli valyutanın aşkar edilməsi hallarında sözügedən forma doldurulacaq: "Nəyə görə bu forma təqdim edilməlidir? Ölkənin iqtisadi və milli təhlükəsizliyini təmin etmək; cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə aparmaq və ölkənin qanunvericiliyindən irəli gələn tələblərə əməl edən cəmiyyət formalaşdırmaq üçün.
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər xarici valyutanı gömrük prosedurlarına əməl etməklə məhdudiyyət olmadan Azərbaycana gətirə bilərlər.
Rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər məbləği 10000 (on min) ABŞ dolları ekvivalentinədək olan xarici valyutanı gömrük orqanında şifahi formada bəyan etməklə Azərbaycandan nağd şəkildə çıxara bilərlər. Rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər 10000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən 50000 (əlli min) ABŞ dolları ekvivalenti məbləğinədək olan xarici valyutanı yazılı formada bəyannaməni gömrük orqanına təqdim etməklə Azərbaycandan nağd şəkildə çıxarması mümkündür.
Yuxarıda qeyd olunan hallar istisna olmaqla, bütün digər hallarda xarici valyutanın rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər tərəfindən Azərbaycandan çıxarılması yalnız müvəkkil banklar və poçt rabitəsinin milli operatoru vasitəsilə köçürmə yolu ilə həyata keçirilə bilər.
"Valyuta tənzimi haqqında" qanuna görə, valyuta sərvətləri deyəndə xarici valyuta, xarici valyutada qiymətli kağızlar, eləcə də qiymətli metallar (qızıl, gümüş və s.), qiymətli daşlar nəzərdə tutulur.
İqtisadçı-ekspert Xalid Kərimlinin sözlərinə görə, əvvəlki illərdə də, indi də sərhəddən valyutanın keçirilməsi ilə bağlı məhdudiyyət var: "Şəxs 10 min dollardan çox pulu gömrükdə bəyan etməmiş sərhəddən keçirə bilməz. Yeni məhdudiyyətlər yoxdur. Sadəcə bundan əvvəl Azərbaycanda "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanun qəbul edilib. Həmin qanunda göstərilib ki, bu məsələ əlavə qaydalar ilə tənzimlənməlidir".
Ekspert bildirib ki, hazırda Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalar "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanunun 18.4-cü maddəsinə uyğun olaraq hazırlanıb və valyuta sərvətləri və milli valyutanın transsərhəd daşınması zamanı onların hərəkətinin dayandırılmasına dair qaydaları və bununla bağlı indikatorları müəyyən edir: "Həmin qanunun mövcud 18.4-cü maddəsinə görə, transsərhəd daşınma zamanı bəyan edilməmiş və ya düzgün bəyan edilməmiş valyuta sərvətləri və milli valyutanın əlamətlərinin aşkar edilməsi hallarında müvafiq qurum onların hərəkətini 48 saat müddətində dayandırmaq hüququna malikdir. Bu maddənin tətbiqi çərçivəsində valyuta sərvətləri və milli valyutanın hərəkətinin dayandırılmasına dair qaydalar müəyyən edilməli idi və indi Nazirlər Kabineti də bunu təsdiq etdi".
X.Kərimlinin söylədiyinə görə, bu məsələ həm Azərbaycan vətəndaşlarına, həm də xarici vətəndaşlara aiddir: "Burada sərhədi keçən şəxslərdən söhbət gedir və narahatçılıq doğuracaq bir məsələ yoxdur. Sərhədi keçən şəxslər xaricə apardığı və yaxud ölkəyə gətirdiyi vəsaitin məbləğini düzgün şəkildə bəyan etməlidirlər. Ümumiyyətlə, çirkli pulların yuyulması ilə əlaqədar qanunvericilik təkmilləşdirilir və bu istiqamətdə nəzarət artırılır. Bu sahədə şəffaflaşma gedir və bu da onun elementlərindən biridir. Başqa sözlə, çirkli pulların yuyulması ilə əlaqədar nəzarət gücləndirilir".
Sevinc QARAYEVA