|
|
|
|
Azərbaycanın tarixi və mədəni irsinin nadir nümunələrindən olan Ordubad şəhərinin ərazisində yerləşən abidələrin daha yaxşı qorunması, təbliği və idarə olunmasının təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2024-cü il 21 fevral tarixdə “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması haqqında” Sərəncam imzalayıb.
525.az xəbər verir ki, sərəncamda da qeyd olunduğu kimi: “Ordubad rayonu Azərbaycanın qədim yaşayış məskənlərindəndir. Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın incisi adlandırdığı Ordubadın adına ilk dəfə V əsrin yazılı mənbələrində rast gəlinir... Rayonun ərazisindəki Xarabagilan şəhər yeri Orta əsrlər dövrünün şəhər həyatını, təsərrüfatını, sənətkarlığını, müdafiə sistemini, su təchizatını və memarlığını tədqiq etmək üçün unikal arxeoloji abidədir... Rayonun inzibati mərkəzi Ordubad şəhəri qədim tarixə malikdir. XVII əsrin əvvəllərində Ordubadda Cümə məscidi, mədrəsə, buzxana, qeysəriyyə, hamam və karvansaralar tikilmiş, Anbaras, Kürdatal, Üçtürləngi, Mingis və Sərşəhər məhəllələri, Ərasət meydanı ansamblı, üç meydan ətrafında örtülü bazar kompleksi salınmışdır. Ordubadın əsas su təchizatı olan kəhriz sistemi də bu dövrdə yaradılmışdır. Şəhərin küçə şəbəkəsi Cümə məscidinin yerləşdiyi mərkəzi meydandan şüa şəklində şaxələnərək müxtəlif məhəllələrin əsasını təşkil edir. XVII-XVIII əsrlərdə inşa edilmiş Cümə, Anbaras, Sərşəhər, Dilbər və Təkeşiyi məscidləri öz tarixi və mədəni əhəmiyyətini bu gün də saxlayır”.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin və Ordubad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə start götürən “Media Ordubadda” layihəsi şəhərdə olan abidələri, şəhərin tarixini, mədəniyyətini, adət-ənənələrini təbliğ etmək, sosial şəbəkələrdə daha geniş arenaya çatdırmaq məqsədilə reallaşdırılır. Layihəyə uyğun olaraq ilboyu Ordubad şəhərinə jurnalistlərin, blogerlərin səfəri nəzərdə tutulub.
Qeyd edək ki, ilk səfərdə Azərbaycan televiziyası, Naxçıvan televiziyası, “Şərq qapısı” qəzeti, Baku tv, Apa, Report, Nuhçıxan, Naxçıvan xəbərləri media qurumlarının əməkdaşları və sosial media fəalları iştirak edib. Layihəyə püşkatma ilə start verilib. Püşkatmada Ordubadın meydan və küçələri, tarixi-memarlıq abidələri, adət-ənənələri, mətbəxi, insanları və başqa mövzular yer alıb. Həmin mövzular üzrə hazırlanan reportajlar, mətnlər və videomateriallar mediada və sosial şəbəkələrdə yayımlanacaq.
Paylaşımlarda #mediaordubadda haştağından da istifadə olunur.