Gürcüstanda artıq bir müddətdir ki, gərginlik yaşanır. Paytaxt Tiflisdə davamlı etiraz aksiyaları keçirilir və bu toqquşmalar, həbslərlə müşayiət olunur. Buna səbəb isə "Xarici təsir haqqında" qanun layihəsidir.
Adıçəkilən qanun layihəsi qonşu ölkədə ona görə gərginliyə gətirib çıxarıb ki, maliyyəsinin 20 faizdən çoxu xarici mənbələrdən olan QHT, KİV, hüquqi və fiziki şəxslər Gürcüstanda xarici agent kimi qeydiyyatdan keçməlidirlər. Qanuna əməl etməməyə görə inzibati cərimə ilə yanaşı, 5 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası da nəzərdə tutulur. Mayın 1-də Gürcüstan parlamentində layihə ikinci oxunuşda qəbul olunub.
Lakin başda ABŞ olmaqla bəzi xarici güclər Gürcüstanın qəbul etmək istədiyi bu qanuna qarşı çıxırlar. Təəccüblü olan budur ki, bir sıra ölkələrdə, eləcə də ABŞ-da belə bir qanun var. Bu qanunların adları müxtəlif olsa da, məğzi eynidir.
Belə ki, ABŞ-da hələ uzun illər əvvəl “Xarici agent” haqqında qanun qəbul olunub və “Xarici Agentlərin Qeydiyyatı Aktı” (Foreign Agents Registration Act, FARA) adı ilə bu gün də mövcuddur. Maliyyə qaynaqlarının 20 faizdən çox hissəsi ABŞ-dan kənarda formalaşan istənilən şəxs, qurum və şirkətlər ABŞ-da “Xarici Agentlərin Qeydiyyatı Aktı”nın təsir dairəsinə düşür. Avropa İttifaqında da müvafiq hüquqi aktlar fəaliyyətdədir.
İndi haqlı sual yaranır: Niyə ABŞ-a, Qərbə olar, amma Gürcüstana yox? Əgər bu qanun təhlükəlidirsə, onda Vaşinqtonda niyə mövcuddur? Deməli, ABŞ-ı narahat edən səbəb başqadır. Artıq gün kimi aydındır ki, ABŞ öz ssenarilərini həyata keçirmək üçün başqa ölkələrdə şəbəkələr qurur. Bu şəbəkələrin əsasını isə ayrı-ayrı QHT-lər, özünün bəzi institutlarının yerlərdəki ofisləri təşkil edir və böyük miqdarda qeyri-şəffaf vasitələrlə ayırdığı pullar məhz həmin ölkələrin daxili işlərinə qarışmağa, hətta hakimiyyət çevrilişlərinə hazırlığa sərf olunur.
İndi sözügedən qanunun qəbulu Birləşmiş Ştatların Gürcüstandakı şəbəkəsinin fəaliyyətinin məhdudlaşdırılması, yeni şəbəkə formalaşdırmaq imkanlarını azaldır.
Gürcüstana Qərbin təzyiqlərinin mahiyyəti məhz bununla bağlıdır.
Məlumdur ki, Gürcüstanda əksəriyyəti Qərbdən maliyyələşən 25 mindən çox QHT var. Bu gün ölkədə etirazlara çıxan, aksiyaları xaosa çevirənlərin arxasında da məhz Qərb dayanır.
Hakim “Gürcü Arzusu” partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişvili daha əvvəl bəyan edib ki, hazırda xarici maliyyədən Gürcüstanda xeyriyyə işlərindən daha çox QHT-lərin özlərini gücləndirməsi, bu yolla onların gələcəkdə hakimiyyətə gətirilməsi, yeni inqilabın planlaşdırılması üçün istifadə olunur.
Gürcüstan hökuməti öz mövqeyində haqlıdır. Birincisi ona görə ki, bu gün Qərbin Gürcüstanda tətbiq etdiyi ssenari bu ölkəni Ukraynaya çevirmək niyyəti güdür. İkincisi, Gürcüstan artıq bir dəfə bunu yaşayıb. Eyni ssenari 2004-cü ildə Gürcüstanda tətbiq olunub. Hakimiyyətə gətirilmiş Saakaşviliyə yalan vədlər verildi, ölkə 2008-ci ildə Rusiya ilə qarşıdurmaya sürükləndi. Nəticədə Gürcüstan Cənubi Osetiya və Abxaziyanı itirdi. Rusiya qoşunları isə Tbilisinin bir neçə kilometr yaxınlığına gəlib çatdılar. Saakaşvilini bu avantüraya sürükləyən Qərb onun arxasında dayanmadı və nəticədə uduzan Gürcüstan cəmiyyəti oldu.
Baş verənlər ABŞ başda olmaqla Qərbin gürcü xalqına qarşı təxribatı idi. İndi bu təxribatın yenidən təkrarlanmasına cəhd olunur. Ancaq 2004-cü ildən fərqli olaraq, gürcü xalqı təhlükəni görür və avantüraya getmir. Yaxşı olardı ki, Gürcüstan hakimiyyəti Qərbin əsl niyyətini illər əvvəl görəydi və yeni avantüranın bu qədər ayaq açmasına imkan verməyəydi. Çünki ötən illər ərzində Qərb Gürcüstanda çox güclü şəbəkə qurub. Ölkədə fəaliyyət göstərən 25 minə yaxın QHT-nin böyük əksəriyyətini maliyyələşdirir və öz iradəsinə uyğun idarə edir.
Qərbin təsiri həm də Gürcüstan cəmiyyətində çox ciddi və mənfi dəyişikliklərə gətirib çıxardı. Belə ki, ölkədə narkomaniya “çiçəkləndi”, milli-mənəvi dəyərlərin aşınmasına, cinsi azlıqlar hərəkatının geniş vüsət almasına gətirib çıxardı.
Avropa İttifaqı məkanına inteqrasiya çərçivəsində viza rejiminin liberallaşdırılması nəticəsində 700 min gürcü Avropaya gedib, aşağı işlərdə çalışır. Oxşar proses Ukraynada da müşahidə olunur. Hər dəfə hansısa preferensiyalar müqabilində Gürcüstandan dəhşətli güzəştlər tələb olunur, Gürcüstan cəmiyyətinin əsasları laxladılır.
Hadisələrin belə inkişaf etməsi ən pis halda Gürcüstanın yeni Ukraynaya çevrilməsi ilə nəticələnəcək. Yaxşı halda isə gürcü xalqı milli identikliyi olmayan topluma çevriləcək.
Hazırda gürcü cəmiyyətinin müqaviməti Amerikanın və Qərbin regiondan qovulması prosesinin təzahürüdür. Bu proses ilk öncə Azərbaycanda başladı. 2010-cu ildən bu yana Amerikanın Azərbaycandakı şəbəkəsinin fəaliyyəti məhdudlaşdırıldı, NED təşkilatının Bakı ofisinin rəhbəri olan Aleks Qriqorevs kimi təxribatçıların cəmiyyəti, gəncləri qiyama qaldırmaq cəhdləri iflasa uğradıldı, QHT-lərin maliyyə fəaliyyətini şəffaflaşdıran qanunlar qəbul olundu və xaricdən maliyyələşmə prosesi nəzarətə götürüldü.
Bu qanun qəbul edilərsə, Qərbin Gürcüstandakı şəbəkəsi çökəcək, paralel olaraq Azərbaycana dair də planlar iflasa uğrayacaq. Sirr deyil ki, Gürcüstan Qərbin Azərbaycanla bağlı planlarında əsas platforma kimi seçilib.
ABŞ, Qərb onu da başa düşür ki, Azərbaycanın mövqeyi olmadan və maraqları nəzərə alınmadan regionda hər hansı uğura nail olmaq mümkün deyil. Azərbaycan istəməzsə, bu regionda ayaq aça bilməyəcək. Bu gün Bakıya təzyiqlər heç bir nəticə vermir və verməyəcək, sanksiyaların heç bir nəticəsi olmayacağını anlayaraq bu addımdan da geri çəkiləcəklər.
Bu gün Gürcüstan da məhz Azərbaycandan ruhlanaraq qəti mövqe nümayiş etdirməyə başlayıb.
Ermənistan isə 2004-cü ildəki Gürcüstanın yolunu gedir, Paşinyanı da Saakaşvilinin aqibəti gözləyir. Həmçinin, Moldovanın fəallığı da ona yaxşı heç nə vəd etmir.
Təsadüfi deyil ki, Qərb Gürcüstan üzərindən Azərbaycandakı şəbəkəsinin qalıqlarını qoruyub saxlamağa çalışır. Azərbaycan əleyhinə addımlar, verilən qərəzli bəyanatlar da buna hesablanıb.
ABŞ, Qərb demokratiyadan, insan haqlarından vasitə kimi istifadə edərək digər ölkələri öz idarəçiliyinə almaq istəyir. Azərbaycanda bu ssenarinin keçməyəcəyini çoxdan anlasalar da, oyunlarını davam etdirməyə çalışırlar. Başqa ölkələrin daxili işlərinə qarışmaq necə bir demokratiyadır? ABŞ-nin, Qərbin açıq şəkildə Gürcüstanın daxili işlərinə müdaxiləsi yolverilməzdir. Bu, ölkə xaricindən maliyyələşən QHT-nin maliyyə mənbələrinin şəffaflığını təmin etmək istəyən və xalqın demokratik yolla seçilmiş siyasi hakimiyyətinə qarşı çıxmaqdır. Yəqin ki, Gürcüstan hökuməti sonadək qətiyyətini nümayiş etdirə biləcək.
Pərvanə