Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Gələcəyin tədqiqatçıları” adlı qrant layihəsi uğurla yekunlaşıb.
Universitetdən 525.az-a bildirilib ki, UNEC Tədqiqat Fondunun maliyyələşdirdiyi və UNEC Empirik Tədqiqatlar Mərkəzi tərəfindən icra olunan layihənin yekun hesabat tədbiri keçirilib.
Tədbirdə UNEC-in rektoru professor Ədalət Muradov universitetdə elmi fəaliyyətlə bağlı görülən işlərdən və stimullaşdırıcı tədbirlərdən söz açıb: “UNEC-də elmi fəaliyyətin layihələr əsasında maliyyələşdirilməsi məqsədilə ilk dəfə iki il öncə universitetin daxili vəsaiti hesabına qrant layihəsi həyata keçirdik. Nəticələr onu deməyə əsas verir ki, bu modeli tətbiq etməklə böyük uğurlar əldə etmək mümkündür”.
Rektor “Gələcəyin tədqiqatçıları” layihəsinin UNEC-də gənc alimlər yetişdirən institutun formalaşdırılması, gənclərin elmə marağının artırılması, onlara tədqiqat aparmaq, eləcə də nüfuzlu elmi jurnallarda məqalə yazmaq bacarığının aşılanması məqsədilə reallaşdırıldığını diqqətə çatdırıb.
Sonra UNEC Empirik Tədqiqatlar Mərkəzinin rəhbəri dosent Xətai Alıyev qrant layihəsi çərçivəsində görülən işlər barədə hesabatla çıxış edib. O bildirib ki, layihədə 19 tələbə müxtəlif istiqamətləri əhatə edən aktual mövzular üzrə tədqiqat aparıb. Layihənin proqramı və qiymətləndirmə meyarları dövlət proqramı çərçivəsində UNEC tərəfindən razılıq məktubu ilə Böyük Britaniyanın Qlazqo Universitetində doktorantura təhsili alan Nicat Muradzadə tərəfindən hazırlanıb. Layihə çərçivəsində tələbələrə mentorluq dəstəyi də göstərilib.
Çıxışlardan sonra gələcək elmi potensialın formalaşdırılmasını hədəfləyən Bs, Ms və PhD təhsilinin digərlərindən (BBA, MBA və DBA) fərqləndirilməsi, Bs, Ms və PhD arasında keçidin təmin edilməsi, elmi layihələrin müsabiqə əsasında maliyyələşdirilməsinə keçid, gənc tədqiqatçılar üçün xüsusi dəstək proqramının tətbiqi barədə təkliflər səsləndirilib.
Sonda layihəni uğurla bitirən tələbələrə sertifikatlar
təqdim olunub.
Sevinc Qarayeva