Əjdər OL
Şair dostum Ağalar Mirzənin altmış yaşı tamam oldu. O, bu altmışın əlli üç il iki ay on bir gününü cismən yaşadı. İndi onun ömrü yaratdıqlarında və yazdıqlarında davam edir.
Ağalar Mirzə illərlə həyata, insana, vətənə olan böyük sevgisini sözündə və işində dönə-dönə ifadə etdi. Bütün əmək fəaliyyəti Azərbaycan radio və televiziyasına aid olan bu insan xalqımızın folklor xəzinəsinin incəliklərini üzə çıxartmaqla yanaşı ölkəmizdə, eləcə də sərhədlərimizdən kənarda qalan ərazilərimizdə ulu babalarımızın tikib-qurduğu qiymətli nə varsa, hamısını zaman-zaman bircə-bircə kameranın yaddaşına köçürüb bizlərə göstərdi.
Ağalar xaraktercə çox ciddi adam olduğu üçün məsuliyyətli işin qulpundan yapışmışdı və bəlkə də buna görə onun şeirlərinin dövlətçilik, vətəndaşlıq, milli mentalitet, əxlaq baxımından xüsusi ölçüsü-biçisi var.
Mən Ağalar Mirzənin on il bundan qabaq, hələ sağlığında çıxan “Karvan” şeirlər kitabına ön söz yazmışam və onun haqqında düşündüklərimi yerli-yataqlı o yazıda qələmə almışam. Şair dostum haqqında əvvəlki fikirlərimdə qaldığıma görə nəyisə yenidən qiymətləndirmək istəmirəm.
Şairin sağlığında çatdırıb çap etdirə bilmədiyi şeirləri var. Sən demə, dostum axır vaxtlar yalnız ölüm haqqında çox yazırmış. Görünür, tezliklə bizdən ayrılacağı ona agah olubmuş. Amma son görüşlərimizdə o, bu barədə mənə bir kəlmə də deməmişdi. Bəlkə ölüm kabusu ondan əl çəkmirmiş, qarabaqara dostumu izləyirmiş və o da dar macalda Əzrayıla şeir oxuya-oxuya vaxtı uzadırmış, nə bilim? Şairlərin işini bilmək olur ki?...
Ağalar MİRZƏ
YENƏ QAPIMIZA ƏZRAYIL GƏLİB
Yenə qapımıza Əzrayıl gəlib,
Bəlkə ötən ildən borcumuz qalıb?
Boyları gödəldən şirindil gəlib,
Səsləri batıran uca səs gəlib.
Gedib qayıdacaq... ona nə tövbə?
Bəxtinə qurbanlar düzülüb daha.
Qoy bəyənib gəlim, mənimdi növbə,
Tanrıdan kəndirim üzülüb daha.
Yatın bu gecəni al qanım üstə,
Sonuncu məktubum haqdan gələcək.
Bizi əcəl kəsir mənzilimizdə,
Sizi yolunuzdan azdırır “mələk”.
Gəlir bu görüşdə gümanım cana,
Haqqa qovuşmağa cəhd eləmişəm.
Tanrı qismətinə, haqq hüzuruna
Piyada getməyi əhd eləmişəm.
Qəm yemə, mənimlə boşalan dolar,
Ölümün, qalımın ölçüsü gəlib.
Əzrayıl olanda, axı, nə olar?
Qapıma Allahın elçisi gəlib.
Niyə qaçmalıyam kimdən suçluyam?
Ölüm – əzabları qabaqlamaqdı.
Nə yaxşı, Allaha bir can borcluyam,
Bəndəyə bir manat borcum da yoxdu.
ÖLÜM – BİZİMLƏ
Bilmədiyin şeyi bilirəm demə,
Yalandan “dərdindən ölürəm” demə,
Ölümün gözünə gülürəm, demə,
Gülsək də, ölsək də, ölüm – bizimlə.
Zəhər sözlərimə bal qatdım, demə,
Üzümə-gözümə əl qatdım, demə.
Bu gün də ölümü aldatdım, demə.
Ölümsüz gəzəndə, ölüm – bizimlə.
Ən dadlı, ən acı günüm səninlə,
Əmanət canımı bölüm səninlə.
Ölümün önündə enim səninlə...
Ensək də, bölsək də, ölüm bizimlə.
Bu tale oyundu, oyunçu, gülək,
Başı bu torpağa qoyunca gülək.
Ölüm ağacına doyunca gülək...
Gülsək də, ölsək də, ölüm – bizimlə.
Qalxaq arzularla günəşə kimi,
Bitək kol dibində bənövşə kimi,
Düşüb əllərindən bir şüşə kimi
Sınsaq da, qalsaq da, ölüm – bizimlə.
Sən də səbirli ol, belə tələsmə,
O gül tez solacaq, üstündə əsmə!
Ölüm içindədi, ölümü gəzmə,
Gəzsən də, bezsən də, ölüm – bizimlə.
DƏYƏRSƏN MƏNİM XƏTRİMƏ
Dəyərsən mənim xətrimə,
Xatirəmi də daşlarsan.
Bir gün düşüb qəfil ölsəm,
Yəqin məni bağışlarsan.
Ölüb getdim, unutmadın,
Yoluma işıq tutmadın,
A gözləri bulud qadın,
Xatirəmi yağışlarsan.
Yazıb Bisituna adın,
Öldü bu eşqin Fərhadı.
Cən də öz başını qatıb
Təzə sevdalar başlarsan.
Sevdalar dərin olmasa.
Ölsəm, xəbərin olmasa,
Qalmağa yerin olmasa,
Gəlib gözümdə qışlarsan.
GETDİN
Getdin, sən də getdin,
bahar da belə,
Məni tənha qoyub yağışla-qarla.
Gedən qışla gedir, yağışla gedir,
Durna qatarında gəlir baharla.
Mənim ünvanımda bir yazın adı,
Taleyim sevginin suçəkənidi.
Bu yazın sevinci səninlə olsun,
Mənə o payızın dərdini gətir.
Mənim o illərdə məzarımı qaz,
Gəzirəm, gülürəm, demə ki, sağam.
Məni bu sevgisiz yazda dəfn elə,
Sevgili payızda qayıdacağam.
BU SEVDA BİR SOLAN GÜLDÜ
Mən gedirəm, sən qalırsan,
Sənə məndən zülüm olar.
Başın qoyub baş daşıma
Kim ağlasa, gülüm olar.
Daha öldüm, barışarsan,
Dost-tanışa qarışarsan.
Məndən deyib danışarsan,
Dinən dilin dilim olar.
Bu sevda bir solan güldü,
Çiçəklər gözünü sildi.
Mən bir yol ağrıyıb öldüm,
Sənə hər gün ölüm olar.
“OĞLUMA NƏSİHƏT”
Mən ki çox çəkmişəm sözün bəlasın,
Əyriyə dov gələn düzün bəlasın,
Allah da qorumur gözün bəlasın,
Yayın bədnəzərdən, gözünü qoru.
Bugünkü günahı sabah qoruyur,
Handa bir igidi qorxaq “qoruyur”.
Elə bil əyrini Allah qoruyur,
Tanrı qəzəbindən düzgünü qoru.
İrmaq ol, üzülüb qarışma çaya,
Bulanıq sularda çoxalım deyə.
Çox yemək adamı azından qoyar,
Daimi qismətin azını qoru.
Hərə bu fələyin atını minir,
Haqq ilə ucalan, yalanla enir.
Dilində Tanrının məktubu dinir,
Yalan kəlmələrdən səsini qoru.
Payız taleyində yaz gəzdirən var,
Göz yuman dalınca göz gəzdirən var.
Arada-bərədə söz gəzdirən var,
Xətadan, bəladan sözünü qoru.
Güvənib adına İNSAN demişəm,
Qəzalar yolunda dur, yan demişəm.
Ruhunu Allaha qurban demişəm,
Hələlik bəndədən özünü qoru.
QALDI QİYAMƏTƏ
Qaldı qiyamətə görüşməyimiz,
Nə olsun görüşə içimiz gedir?
Burax, gecikirik ayrılığa biz,
Bizdən irəlidə köçümüz gedir.
Dəvə zınqırovu göz yaşımızdır,
Oyadar səhrada Məcnunu bu səs.
Bizim də Lələmiz yaddaşımızdı,
Onu kimsə bizdən ayıra bilməz.
Bizlərə qalıbmı dünyanın qəmi?
Ayrılıq... dünyanın kefinə gedək.
Azadlıq bizimlə, ayrılan kimi
Adımın adamsız evinə gedək.
Üzümüz ayrılıq kağızı kimi,
Ruhun izi ilə düzünə baxsın.
Sənin gözlərinə baxmayan gözüm
Bir də Əzrayılın gözünə baxsın.
Qaldı qiyamətə görüşməyimiz,
Biz çıxıb gedərik, sevgi-dərd qalar.
Yenə başlayırıq görüşməyə biz,
Qiyamət olsa da, məhəbbət qalar.