Türkiyə-Azərbaycan münasibətləri daha sürətli inkişaf mərhələsinə keçib. Keçən ilin ortalarına kimi qardaş iki ölkə arasında əməkdaşlıqda iqtisadi məsələlər ön plana çıxarılırdısa, hal-hazırda politoloqlar yüksək səviyyəli strateji tərəfdaşlığın qurulmasından olduqca məmnunluqlarını ifadə edirlər.
Təhlükəsizlik sahəsində qurulan hərtərəfli və möhkəm əməkdaşlığın kökləri 2010-cu ildə Türkiyənin keçmiş baş naziri, indiki dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla Azərbaycan prezidenti İlham Əliyev arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yaradılması qərarı ilə salınıb. Yanvarın 15-i dövlət başçısı İlham Əliyevin Ankaraya səfəri isə iki ölkə arasında münasibətlərin 2015-ci il üçün inkişaf perspektivləri, geosiyasi mühitdə və regionda dəyişən vəziyyət, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələlərini müzakirə etmək, eyni zamanda Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 4-cü iclasında iştirak etmək məqsədi daşıyıb. Qeyd etmək olar ki, Türkiyə ilə Azərbaycan arasında münasibətlər daha da dərin kök saldıqca, regionda Rusiya-Ermənistan əlaqələrinin pozulduğunun şahidi oluruq. Sonuncu dəfə Rusiyanın Ermənistanda yerləşən 102-ci Hərbi bazasının əsgəri Valeri Permyakovun Gümrüdə 7 nəfərlik erməni ailəsini güllələyərək qətlə yetirməsi iki ölkə münasibətlərində gərginliyi daha da artırıb. Çünki Moskvanın İrəvanı Avrasiya İqtisadi İttifaqına qeyd-şərtsiz qoşulmasına məcbur etməsindən sonra rus-erməni əlaqələri əks məcraya keçib, erməni xalqının ölkə rəhbərliyinə qarşı inamsızlığı artıb və bu öz nəticəsini böyüyən etiraz dalğalarında tapıb. Ermənistan bu ittifaqa qoşulmaqla 20 ildən artıqdır ki, işğal altında saxladığı Dağlıq Qarabağ torpaqlarından müəyyən mənada imtina etmiş olub. Əlbəttə ki, bu cür tendensiya "məzlum" erməni xalqında narahatlıq və qəzəb yaratmaya bilməz. Sarkisyan rejimin uğursuz siyasəti, dövlətin forpost mahiyyətinin qeyri-müstəqilliklə əvəz olunması və nəhayət rus əsgərinin Ermənistanda 7 nəfəri qətlə yetirməsi dövlətin siyasətinin getdikcə iflasa doğru yuvarlandığını, vəziyyətin idarəedilməz səviyyəyə gəlib çatdığını göstərib. Bu o deməkdir ki, 2015-ci ildə Ermənistanda vəziyyətin daha da pisləşəcəyi, hakimiyyətin uğursuzluğa düçar olacağı, sosial-iqtisadi problemlərin artacağı ilə bağlı politoloqların verdiyi proqnozlar yeni ilin ilk günlərindən artıq özünü doğruldur. Son olaraq Türkiyə-Azərbaycan ölkə rəhbərlərinin qarşılıqlı səfərləri, Ankaranın bu il qəbul edəcəyi G-20 ölkələrinin sammitinə Azərbaycanı dəvət etməsi və eləcə də Ukrayna böhranından sonra sanksiyalarla üz-üzə qalan Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə rəsmi səfəri, Azərbaycanla Şimal qonşumuz arasında qurulan qarşılıqlı etimad münasibəti regionda Türkiyə-Azərbaycan-Rusiya üçbucağının formalaşdığından xəbər verir. Xüsusilə qeyd etmək lazımdır ki, Türkiyə-Azərbaycan prezidentlərinin Ankara görüşü zamanı R.T.Ərdoğanın bəyan etdiyi kimi 24 aprel tarixində Çanaqqala döyüşünün 100 illiyinin qeyd olunması qərarı ermənilərin qondarma "soyqırım" iddialarına tutarlı bir cavab olub. Əlbbəttə ki, Ermənistan rəhbərliyi həmin gün dünyanın diqqətini saxta məsələyə cəlb etmək istəyirdisə, Türkiyə dövlət başçısının verdiyi qərarla onların niyyətlərinin alt-üst olacağını proqnozlaşdırmaq olar. Eyni zamanda, Ukraynada müharibənin faktiki olaraq yenidən başladığını nəzərə alsaq, Qərb-Rusiya münasibətlərinin bir az da pisləşəcəyi qənaətinə gəlmək olar. Onsuz da Kiyevdə hökumət və dövlət rəhbərliyi neçə illərdir ki, siyasi elita və xalq arasında parçalanmış olan Qərb və Rusiya mövqeyi ilə əlaqədar möhkəmlənə bilmirdi. Yenidən alovlanan müharibə isə nisbətən sabit qalmış Poroşenko hakimiyyətinin dağılması və yenidən ölkədə fikir ayrılığının formalaşması ilə nəticələnə bilər. Ancaq yenə də Ukrayna hadisələri fonunda Qərbin sanksiyaları ilə üz-üzə qalan Rusiyanın arxalanacaq qüvvəyə daha çox ehtiyacı var.
"Atlas" Araşdırmalar Mərkəzinin direktoru, politoloq Elxan Şahinoğlunun sözlərinə görə, Rusiya ilə Ukrayna arasında danışıqlar Donbasda atəşkəsin cəmi bir neçə ay çəkməsilə nəticələnib. O bildirib ki, Ukraynada faktiki müharibə yenidən başlayıb: "Bu isə o deməkdir ki, Rusiya separatçılara daha çox silah və sursat, o cümlədən, canlı qüvvə göndərəcək. Əvəzində Qərb-Rusiya münasibətləri bir az daha gərginləşəcək. Kiyevə də çətin olacaq. Yenə itkilərin sayı artacaq, müharibəyə xərclənən milyonlar və Radada ucu-bucağı görüməyən "kimdir günahkar" mübahisələri qızışacaq".
Azərbaycan prezidenti İlham Əliyevin Ankaraya səfərini də qiymətləndirən politoloq bu səfərə böyük ehtiyac olduğunu deyib. O qeyd edib ki, iki ölkənin liderlərinin sonuncu görüşündən sonra Azərbaycan-Türkiyə münasibətlərində bir neçə aktual məsələ var idi və onlar bu barədə müzakirə aparmalıydılar. E.Şahinoğlu bildirib ki, ölkə başçılarının Ankara görüşündə regional və enerji təhlükəsizliyi, hərbi əməkdaşlıq, Dağlıq Qarabağ problemi ətrafında danışıqlar, terrorizmlə mübarizə sahəsində məlumat mübadiləsinin aparılması kimi vacib məsələlərə toxunulub.
2015-ci ildə Türkiyəni daha geniş arealda qınaq məhkəməsinə çəkəcəyinə böyük ümid bəsləyən dünya erməniçiliyinin potensialı, milli hiddət və qəzəb selinin indi tamam ayrı səmtə yönəldiyini deyən millət vəkili Zahid Oruc hesab edir ki, soyqırım ruhuna yüz illər ərzində aludə olmaq, bir toplum kimi genosidə pərəstişi varlığının və siyasi mövcudluğunun əsasına çevirmək mistik bir mahiyyət alaraq erməniləri qara zolaqdan- kütləvi ölüm zolağından uzaqlaşmağa qoymur. Onun sözlərinə görə, əslində,Valeri Permyakovun bir ailənin qətlinə bais olması 7 nəfər avetisyanların faciəsindən daha böyük rezonans doğurub: "Elə bil min illik sirlərin qorunduğu qalaya dəyən zərbə hər şeyi gün üzünə çıxardı və rəsmi dövlət orqanları təkcə lokal etiraz selinin qabağında durmaqla deyil, həm də ölkənin fundamentini təşkil edən ideoloji və siyasi platformanın çökməməsi üçün tədbirlər görməyə məhkum oldular. Söhbət təkcə taxt-tacını qorumaq vəzifəsindən getmir, üstəlik bir rus əsgəri qədim ingilis imperiyasının çökməsi hadisəsində olduğu kimi, şaha vaxtında xəbəri çatdıra bilməyən və bununla da qoşunların basılmasına şərait yaradan günahkara çevrilib. Ona görə küçələrə axışan insanların əvvəlcə yerli hakimiyyət orqanlarına, sonra Rusiyaya yönələn ittihamlarının səbəbi iki əsrin suallarını çözmək qədər mürəkkəb məsələdir. Lakin belə geniş əks-səda doğuran cinayətin üzərinə yeriyən kütlə qollarındakı zəncirdən xilas ola bilməyəcəyinə də əmindir. Axı ermənilərin ata-babalarının qoyub getdiyi təbəəlik ənənələrinin və ağa-vassal münasibətlərinin alternativi türk-azərbaycanlı əhatəsi ilə yaşamağın şərtlərini tapmaq, dörd bir tərəfini almış müsəlman ölkələri ilə razılaşmağı bacarmaqdır".
Millət vəkili qeyd edib ki, indi İrəvanda baş qaldıran üsyan sanki öz tarixi məntiqinə doğru geriyə dönərək hər şeyi ötən yüzilin əvvəlinə qaytarır. Onun sözlərinə görə, Osmanlının çöküşü səbəbilə Rusiyaya sığınan və kollaborasionistlik edən bir millət təzədən Atatürkün xilas etdiyi Cümhuriyyətdən yaşayış vəsiqəsi almağa məcburdur: "Axı başqa bir səbəblə 102-ci hərbi bazanı öz ərazisində saxlamağın zərurətini necə əsaslandırmaq olar ki? Bir yandan da Permyakovu rus-erməni birliyini çökdürmək istəyən Qərbin casusu adlandırmağa əldə heç bir əsas yoxdur. Avrokomissarlar onsuz da 6 il ərzində "Yaxın qonşuluq" siyasətinə xərclədikləri milyonların havaya sovrulacağını, Sarkisyanın bir gün Brüsseldəki məmurlara arxa çevirəcəyini və ermənilərin əbədi izdivacda olduqları Avrasiya İqtisadi İttifaqına qoşulacaqlarını kəşfiyyatsız belə bilirdilər. Ancaq Cənubi Qafqazda ikinci dövlət başçısına Yanukoviçin taleyini yaşatmaq nəinki iki cəbhədə vuruşmaq kimi riskli qərar idi, o cümlədən, Saakaşvilinin 2008-ci il avantürasından sonra onsuz da nüfuz dairəsi və dayaqları xeyli sarsılmış Qərbin rüsvayçı şəkildə Qafqazları tərk etməsinə səbəb ola bilərdi".
"Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri" İctimai Birliyinin sədri, politoloq Mehdi Mehdiyevin sözlərinə görə, Azərbaycanın beynəlxalq aləmdə getdikcə artan nüfuzu böyük dünya dövlətlərinin də diqqətindən kənara qalmayıb. O qeyd edib ki, Ermənistan isə öz gələcəyi ilə bağlı strateji planlar qura bilməyəcək: "Dağlıq Qarabağ münaqişəsinin necə yaranması və ermənilərin kimə arxalanaraq bu işğalı başlatmasının səbəbləri hamıya məlumdur. Bir həqiqət də var ki, Ermənistan Rusiya üçün çiyində artıq yük kimi olub. Ancaq Rusiyanın Azərbaycanla istənilən sahədə əməkdaşlığı onların həm siyasi, həm də iqtisadi maraqlarına uyğundur. Ona görə də Moskva bizimlə bu əməkdaşlıqda olduqca maraqlıdır. Təbii ki, dünyada gedən proseslər fonunda şimal qonşularımızın iqtisadi böhranla üz-üzə qalması onların bizə tərəf meyllənməsinə zəmin yaradır ki, bu da iki ölkə arasında qonşuluq münasibətlərinin daha da dərinləşməsinə gətirib çıxarır".
Türkiyə ilə Azərbaycan əlaqələrinin həmişə qardaşlıq münasibətlərindən irəli gəldiyini deyən politoloq bu müstəviyə Rusiyanın da qoşulmasını regional təhlükəsizlik baxımından müsbət dəyişiklik kimi qiymətləndirib. Onun sözlərinə görə, regionda Türkiyə-Azərbaycan-Rusiya üzbucağının yaranması Dağlıq Qarabağ münaqişəsində də hər hansı bir irəliləyişə nail olmağımıza, məsələnin həlli prosesinin daha da sürətlənməsinə kömək edəcək: "Hesab edirəm ki, Azərbaycanın davamlı inkişafı, Ermənistanın isə əksinə olaraq getdikcə uçuruma yuvarlaqlanması münaqişənin həllinə bizi bir addım da yaxınlaşdırır. Məlumdur ki, Ermənistanda vəziyyət olduqca acınacaqlıdır. Yoxsulluğun səviyyəsi durmadan artır. Belə düşünmək olar ki, təxminən 8-10 ildən sonra rəhbərlik çıxılmaz vəziyyətdə qalaraq ölkənin müqəddəratını həll etmək üçün Azərbaycanla münasibətləri qaydasına salmağa can atacaq".
Ceyhun ABASOV