Ermənistanda mitinq əhval-ruhiyyəsinin hələ də qaldığını, hökumət əleyhdarlarının getdikcə çoxaldığını nəzərə alsaq, Gümrü hadisəsindən sonra etirazçıların sırasına Rusiyaya qarşı narazı şəxslərin də qoşulmasıyla Sarkisyan hakimiyyətinin çox uzun sürməyəcəyi qənaətinə gəlmək olar.
Kütləvi aksiya və nümayişlərdə iştirak edənlər Sarkisyan rejimi və heç cür təsir dairəsindən çıxa bilmədikləri Rusiyaya qarşı etirazlarını bildirir, avetisyanların timsalında üzləşdikləri faciəni Moskvanın Ermənistan xalqına qəzəbi kimi qiymətləndirirlər. Ermənilər artıq dövlətin siyasi xəttinin tamamilə iflasa uğradığının fəqrinə varıblar. Bunun səbəbi isə Sarkisyanın böyük ölçüdə Moskvanın diqtəsindən kənara çıxa bilməməsi və nəticədə illərdir ki, dondurulmuş vəziyyətdə saxlanılan Dağlıq Qarabağ torpaqlarının hələ də işğalının davam etdirilməsidir. Əzəli Azərbaycan torpaqlarının bu günə qədər işğal altında saxlanılması üçün Ermənistanın borc xərc bahasına formalaşdırdığı dövlət büdcəsindən kifayət qədər vəsait sərf olunub. Halbuki milyonlarla ABŞ dolları məbləğində ölçülən bu vəsait vətəndaşların illərdir üst-üstə yığılan sosial problemlərinin həllinə yönəldilə bilərdi. Bunu Ermənistan vətəndaşları hamıdan yaxşı başa düşür:
Uğursuz daxili və xarici siyasət, sosial-iqtisadi tənəzzül, diplomatik əlaqələrin heç bir nəticə verməməsi, dövlətin sadəcə bir alət kimi himayəçi qüvvələr tərəfindən lazımi anda istifadə edilməsi "məzlum" erməni xalqının gələcəyini şübhə altında saxlayan əsas amillər hesab olunur. Ermənistanda məlum hadisələrdən sonra iki dövlət arasında gərginliyin artmasına baxmayaraq, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun ömürlük həbs cəzasına məhkum edilən soydaşımız Dilqəm Əsgərovun taleyi ilə bağlı bəyanat verməsi şimal qonşumuzun İrəvandakı vəziyyətlə bağlı bir o qədər narahatlıq keçirmədiyini, əksinə rəsmi Moskvanın Azərbaycanla qurduğu yeni tərəfdaşlıq əlaqələrinə uyğun olaraq xarici siyasət apardığını təsdiqləyir. O bildirib ki, Rusiya öz vətəndaşı Dilqəm Əsgərovun saxlanılması məsələsini Ermənistanla ciddi şəkildə müzakirəyə çıxarmaq fikrindədir. Əks tərəfdən baxanda isə Ermənistanın Moskva ilə müzakirəyə hazırlaşdığı aktual bir məsələ də var idi. Lakin Putin hökuməti istənilən halda Gümrü hadisəsini neytrallaşdırmaq istəyir.
Həmin məsələ ki, Ermənistanın sərhədləri daxilində mövcud olan rus hərbi bazasının əsgəri bir erməni ailəsini qətlə yetirib. Bu da öz növbəsində İrəvana əsas verir ki, rus hərbçilərinin ölkədə özbaşınalığından birdəfəlik imtina etsin. Ancaq Moskva başqa cür düşünür. Lavrov deyib ki, biz indi bu vəziyyətin siyasiləşdirilməsi cəhdlərini müşahidə edirik. Onun sözlərinə görə, belə cəhdlərə təkcə Ermənistanda deyil, Rusiyada da yol verilir:
"Bunu arzulayanlar bu faciədən sui-istifadə edərək hansısa geosiyasi üstünlük qazanmaq istəyirlər. Bu iyrəncdir, bu, yolverilməzdir". Rusiyanın xarici işlər naziri onu da bildirib ki, hər şey edəcəklər ki, bu cinayət cəzasız qalmasın, günahkar ən sərt cəzanı çəksin: "Nə lazımdır edəcəyik ki, bundan sonra oxşar hadisələr təkrarlanmasın. Əminəm ki, yaranmış vəziyyətdən Rusiya-Ermənistan münasibətləri zərər çəkməyəcək".
Belə görünür ki, Putin regionda öz maraqlarını yeritmək üçün artıq erməni dəstəyinə ehtiyac duymur. Bu eyni zamanda əlinə düşən ilk fürsətdə Moskvanı arxadan vurmaq üçün vurnuxan Sarkisyana xəbərdarlıq siqnalı olub. Lakin bu, o mənaya gəlmir ki, rus qoşunları Ermənistanı tərk etmək fikrindədir. Çünki işğalçı dövlət Rusiyaya boyun əyməklə onun tərkib hissəsinə artıq çevrilməkdədir. Bunun əyani sübutu kimi Ermənistanın qeyd-şərtsiz Avrasiya İqtisadi İttifaqına qoşulmasını göstərmək olar. Yəni, Sarkisyan sənədlərə imza ataraq İttifaqa Dağlıq Qarabağsız qoşulmaqla yanaşı, sərhədlərini də Rusiyaya tapşırmış olub. Bu isə təkcə Şuşa həbsxanasına göndərilən azərbaycanlı girovların azad edilməsini deyil, eyni zamanda həmin torpaqların Azərbaycana qaytarılması istiqamətində danışıqların nəticə vermə ehtimalını gücləndirir. 22 il və ömürlük həbs cəzasına məhkum edilən Şahbaz Quliyev və Dilqəm Əsgərovun azad olunması istiqamətində görülən işlərlə bağlı son olaraq Azərbaycanın Xarici İşlər Nazirliyindən daxil olan məlumatlara əsasən bu məsələnin 20 ildən artıqdır ki, davam edən Dağlıq Qarabağ münaqişəsi kimi dövlətin hər zaman gündəliyində duran ciddi məsələ olduğunu qeyd etmək olar.
Bildirilib ki, məsələ ilə əlaqədar xüsusilə ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərilə mütəmadi danışıqlar aparılır:
"Təəssüf ki, 2014-cü ildə soydaşlarımızın azad olunması mümkün olmayıb. Bu da qarşı tərəfin siyasətindən daha çox irəli gəlir. Onlar üzərində qurama bir "məhkəmə" təşkil olunub və bunun heç bir hüquqi əsası yoxdur, heç bir hüquqi mahiyyət də kəsb edə bilməz".
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu hesab edir ki, Azərbaycanın istər siyasi, istər iqtisadi, istərsə də hərbi sahədə güclənməsi Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə də təsir edir. O bildirib ki, regionda vəziyyətin Azərbaycanın xeyrinə dəyişməsi münaqişənin həllini sürətləndirən amillərdəndir: "Eləcə də nəzərə almaq lazımdır ki, Azərbaycanın ayrıca Dağlıq Qarabağ konsepsiyası var. Hal-hazırda rəsmi Bakının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı siyasətində kreativlik hiss olunur. Yəni, sülh prosesi istiqamətində danışıqların getdiyi bir vaxtda vaxtaşırı üzləşdiyimiz diplomatik jestlərə, hərbi manevrlərə, təxribat cəhdlərinə də vaxtında reaksiya göstərilir. Eynilə bu fikirləri Rusiya ilə münasibətlərə də aid etmək olar. Şimal qonşumuz Azərbaycana doğru nə vaxt addım atırsa, dərhal müsbət cavabını alır".
Azərbaycanın güclənən dövlət olduğunu deyən politoloqun sözlərinə görə, artıq Rusiya və İranda başa düşüblər ki, Azərbaycansız regionda iş görmək mümkün deyil: "Regionun açar dövləti Azərbaycandır. Ona görə də, onlar Cənubi Qafqazda maraqlarının olmasını istəyirlərsə daim Azərbaycanla əlaqədə olmalıdırlar. Bu mənada mən elə başa düşürəm ki, Azərbaycan gücləndikcə Ermənistanda bir o qədər zəifləmə prosesi gedəcək. Bu amil Rusiyanı Azərbaycana doğru daha da yaxınlaşdıracaq".
Ceyhun ABASOV