Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası silahlı qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında" sərəncamına uyğun olaraq 19-20 fevral tarixində Təhsil Nazirliyi və Müdafiə Nazirliyinin birgə təşkilatçılığı ilə bir qrup mətbuat nümayəndəsi cəbhəyanı ərazilərdə yerləşən təhsil müəssisələrinə səfər edib.
Bu tədbir Xocalı soyqırımının 23 illiyinə həsr olunub. İlk görüş Ağcabədi rayonu Hindarx qəsəbəsindəki Milli Qəhrəman Etibar İsmayılov adına 1 saylı tam orta məktəbdə olub. Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov qeyd edib ki, tədbiri təşkil etməkdə məqsəd jurnalistlərin döyüş bölgələrindəki vəziyyət, orada yerləşən məktəblərin müəllim-şagird heyətinin əhval-ruhiyyəsi ilə yaxındaş tanış olmasıdır.
Bəzi məktəblərdə hərbi dərslər üçün nəzərdə tutulan əyani dərs vəsaiti çatışmazlığının olduğunu deyən mətbuat katibi hesab edir ki, əgər bununla bağlı rayon təhsil şöbəsi və məktəb rəhbərləri Nazirliyə müraciət edərsə, məsələni aradan qaldırmaq olar: "Son üç ay ərzində iki nazirliyin birgə təşkilatçılığı ilə artıq media nümayəndələrinin cəbhə bölgəsinə ikinci səfəri baş tutur. Bu tədbirlər davamlı olaraq həyata keçiriləcək. Ötən ilin noyabr ayında biz Qazax və Tovuz rayonlarında yerləşən məktəblərdə olduq. Artıq fevral ayında Xocalı soyqırımının 23 illiyinə həsr olanan bu tədbiri Qarabağ bölgəsində keçiririk. Təmas xəttinə yaxın olan digər bölgələrə də jurnalistlərin səfərini planlaşdırırıq. Hesab edirəm ki, belə tədbirlərin təşkili çox önəmlidir. Çünki media nümayəndələri cəbhəyanı ərazilərə gələrək əyani şəkildə vəziyyətlə tanış olur, faktları öz gözləri ilə görürlər".
Ağcabədi rayon təhsil şöbəsinin müdiri Mehdi Əhmədov bildirib ki, Hindarx qəsəbəsi təmas xəttindən 15 km məsafədə yerləşir. Onun sözlərinə görə, təmas xəttində Ermənistan tərəfindən tez-tez atəşkəsin pozulmasından xəbərdar olsalar da, bu məktəblərdə təhsilin səviyyəsinə heç bir təsir etmir: "Dərslər öz qaydasında davam etdirilir".
Məktəbin direktoru Qaryağdı Qarayev isə qeyd edib ki, orta məktəbdə 729 şagird təhsil alır. Onun sözlərinə görə, şagirdlərin təhsili ilə 96 nəfər müəllim məşğul olur: "Ötən il məktəbin 56 məzunu olub. Onlardan 14-ü Respublikanın ayrı-ayrı ali təhsil müəssisələrinin tələbəsi adını qazanıb". Q.Qarayev hesab edir ki, bu il məktəbin qazanacağı uğurlar daha çox olacaq.
Məktəbə adı verilən Milli Qəhrəman Etibar İsmayılovun qardaşı Vəfadar İsmayılov və döyüş yoldaşları Əliyev Şükür, Davudov Natiq, Əliyev Atamoğlan, Ağalarov Əmir və digərləri şəhidin Qarabağ döyüşlərində göstərdiyi şücaətlərdən danışıb, ona həyat borcu olduqlarını bildiriblər. Məlumat verilib ki, E.İsmayılov 1994-cü il yanvarın 4-ü Pirbulağı istiqamətində gedən döyüşlərdə canı bahasına öz döyüş yoldaşlarını xilas edərkən qəhrəmanlıqla şəhid olub.
Növbəti tədbir Ağdamın Ziyəddin İsgəndərov adına Çəmənli kənd tam orta məktəbində keçirilib. Ağdam rayon Təhsil şöbəsinin müdiri Elmira Şükürova deyib ki, dərslərin keçirilməsinə heç nə mane olmur: "Ötən ilin avqust ayında təmas xəttində yaranan gərginlik insanlarda narahatlıq yaratsa da hamı Silahlı Qüvvələrimizin düşməni zərərsizləşdirəcəyinə inanırdı. Ona görə də ciddi narahatçılığa heç bir səbəb yoxdur".
Ümumilikdə Qarabağ döyüşlərində Ağdamın 6000 şəhid verdiyini deyən təhsil şöbəsinin müdiri qeyd edib ki, rayon Qarabağ döyüşlərində ən çox şəhid verən torpaqdır: "Ağdam əhalisi qazancını məşğul olduğu təsərrüfat işlərindən qazanır. Müharibədən əvvəl rayonun iri zavod və fabrikləri olsa da, indi düşmən tapdağındadır. Buna baxmayaraq əhali heç yerə köçməyib, ümidini itirməyib, doğma Ağdamda torpaqla - təsərrüfatla yaşamağı üstün tutub".
Məktəbin direktoru Eyvaz Məmmədov bildirib ki, 432 şagirdin təhsil aldığı məktəbdə 68 müəllim dərs deyir. Onun sözlərinə görə, təhsil müəssisəsi cəbhə xəttindən 1 km aralıda yerləşir: "Məktəbin ötən il 25 nəfər məzunu olub. Onlardan 6-sı ali məktəblərə daxil olub. İlkin Məmmədzadə adlı məzunumuz isə 700 bal toplayaraq Tibb Universitetinin tələbəsi adını qazanıb".
Ötən ilin avqust ayında baş verən insident zamanı təhsil ocağının da ziyan çəkdiyini deyən məktəb direktoru qeyd edib ki, düşmənin açdığı atəş nəticəsində güllə məktəbin dam örtüyünə dəyib: "Şükürlər olsun ki, müəllim-şagird heyətinə heç nə olmayıb. Ancaq hər şey ola bilərdi. Elə olur ki, axşamdan başlayaraq gecə saat 3-ə qədər dayanmadan atəş açırlar. Belə olan halda kənd əhalisi əkin-biçin sahəsinə gedə bilmir. Təsərrüfatla məşğul olduğu yerdə güllə səsi gələn kimi ərazini tərk etmək məcburiyyətində qalırlar. Sonuncu dəfə ötən il ermənilərin traktorçunu atəşə tutması nəticəsində texnika tam yararsız vəziyyətə düşüb, təsərrüfatçı Bayramov Rövşən isə 6 aya yaxın xəstəxanada müalicə almaq məcburiyyətində qalıb. Düşmən atəşkəsi tez-tez pozsa da biz təhsilin səviyyəsinin aşağı düşməsinə imkan vermirik".
Baş çəkdiyimiz Müşfiq Hüseynov adına Əhmədağalı kənd tam orta məktəbi isə 2013-cü ilin sentyabrında təmirdən çıxıb. Məktəb direktoru Məhərrəmova Aygün məlumat verib ki, təhsil ocağında 223 şagird təhsil alır. Onun sözlərinə görə, şagirdlərin təhsili ilə 58 müəllim məşğul olur. Keçən il məktəbi 11 nəfərin bitirdiyini deyən direktor onlardan 6-sının ali məktəblərə, 3-nün orta ixtisas məktəblərinə daxil olduğunu qeyd edib.
Ağdam rayonu 18 saylı köçkün tam orta məktəbi isə 2010-cu ildə istifadəyə verilib. Məktəbin açılış mərasimində ölkə başçısı İlham Əliyev və xanımı Mehriban Əliyeva da iştirak edib. Məktəbin direktoru Bayramova Sürəyya bildirib ki, təhsil ocağında 416 şagird təhsil alır. Keçən il məktəbi 16 nəfərin bitirdiyini deyən direktor onlardan 8-nin ali mətkəblərə, 4-nün orta ixtisas təhsil müəssisələrinə daxil olduğunu söyləyib.
Təhsil ocağında Qarabağ döyüşlərinin iştirakçısı, müharibə veteranı, Xocalının müdafiəsində iştirak edərək ermənilərin girov götürdüyü insanları geri qaytarmaq üçün yol açan ilk insanlardan olan Oruc Cabbarovla şagirdlərin görüşü təşkil olunub. Ağdamın Əhmədavar kəndinin könüllü batalyonun komandiri yoldaşları ilə Qarabağ döyüşlərində göstərdikləri şücaətlərdən danışıb. Onun sözlərinə görə, elə vaxt olub ki, 1 gecəyə 100-dən çox erməni zərərsizləşdiriblər. Qeyd edək ki, 2010-cu ilin noyabrın 10-da dövlət başçısı İlham Əliyev xanımı Mehriban Əliyeva ilə barəbar Oruc Cabbarova yeni təqdim olunan mənzildə qonaq olub.
Daha sonra KİV nümayəndələri Ayaz Abbasov adına Qaradağlı kənd tam orta məktəbinə səfər edib. Məktəbin direktoru Muradova Gülnarə qeyd edib ki, keçən il təhsil ocağını 11 şagird bitirib: "3 nəfər ali məktəbə, 8 nəfər isə orta ixtisas məktəblərinə daxil olub. Məktəbin ümumilikdə 323 şagirdi, 49 müəllimi var. Təkcə məktəbin 3 şagirdi Qarabağ döyüşlərində şəhid olub".
"Azərbaycan bayrağı" ordeni ilə təltif olunan Qarabağ döyüşlərinin iştirakçısı, əməkdar jurnalist Baxşeyiş Hətəmli şagirdlərlə görüşərək Qarabağ müharibəsi, hərbi hazırlıqla bağlı onları maraqlandıran suallara cavab verib.
Məktəbin 25 yaşlı müəllimi Sübhan Məhərrəmov bu il Təhsil Nazirliyinin müəllimlər üçün keçirdiyi imtahanda yüksək bal toplayaraq, təyinatla Qaradağlı orta məktəbinə göndərilib. S.Məhərrəmov jurnalistlərə açıqlamasında bildirib ki, könüllü olaraq Bakı şəhərindən cəbhə xəttində yerləşən Qaradağlı kənd orta məktəbinə gəlib və Tarix fənni üzrə dərs keçir. Məktəbdə digər fənlər kimi Hərbi çağırışa hazırlıq fənni də yüksək keyfiyyətdə tədris olunur. Məktəbin "Şahin" Hərbi İdman komandası müxtəlif respublika yarışlarında yüksək nəticələr əldə edərək, 2 və 3-cü yerlərə layiq görülüb. Komanda nümayəndələr önündən hərbi marşla keçərək, hərbi hazırlıqlarını nümayiş etdiriblər.
Fevralın 20-si mətbuat nümayəndələri Tərtər rayonunda yerləşən şəhid Fəqan Həmidov adına Qapanlı kənd tam orta məktəbə baş çəkiblər. Təhsil ocağının direktoru Fitat Əliyeva bildirib ki, rəhbərlik etdiyi məktəbdə 159 şagird oxuyur, 30 müəllim çalışır: "Məktəb 2013-cü ildə istifadəyə verilib. Keçən il təhsil ocağının 13 məzunu olub və onlardan 7-si tələbə adını qazanıb".
Məktəbin Qarabağ döyüşlərində 19 şagirdinin şəhid olduğunu deyən direktor onlardan 3-nün məktəbli, 4-nün mülki, 12-nin isə hərbi şəhid olduğunu qeyd edib.
Məktəbin riyaziyyat müəllimi Məmmədov Yolçu bildirib ki, təhsil ocağının yerləşdiyi ərazi düşmən postu ilə 500-600 metr məsafədə yerləşir: "Məktəbin köhnə binasının divarlarında ermənilərin açdığı atəş nəticəsində düşən güllə yerləri var. Kənd mütəmadi olaraq düşmən tərəfindən atəşə tutulur".
Məktəbin şəhidi Əfqan Hüseynovun atası 77 yaşlı İsmayıl Hüseynov oğlunun 1994-cü ildə 14 yaşında olarkən düşmən gülləsinə tuş gələrək şəhid olduğunu deyib. Ermənilərə nifrət etdiyini deyən İsmayıl kişi onların nə qoca, nə cavana fərq qoymadan çirkin əməllər törətdiyini bildirib.
Sonda Tərtər rayonunda yerləşən N saylı hərbi hissədə şagirdlərin əsgərlərlə görüşü keçirilib. Burada xidmət edən kəşfiyyatçılarımız öz nümunəvi çıxışlarını nümayiş etdiriblər. Daha sonra şagirdlərə ölkəmizin sahib olduğu bəzi hərbi texnika və silah-sursatlar barədə məlumat verilib, əsgərlərə yaradılan şəraitlə tanışlıq olub.
Ceyhun ABASOV