|
|
|
|

Bakının ev sahibliyi etdiyi Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) öz işini uğurla başa çatdırdı. 17-22 may tarixlərində keçirilən sessiya həm yüksək təşkilatçılıq, həm iştirak səviyyəsi, qlobal miqyasda göstərilən böyük maraq, aktiv müzakirələr, eyni zamanda bir sıra yeniliklər və nəticələrin əldə edilməsi ilə tarixə düşdü. Dünyanın müxtəlif regionlarından olan iştirakçlar, ekspertlər, xarici qonaqlar tədbiri çox yüksək qiymətləndirdilər. Bu, bir daha Azərbaycanın mühüm beynəlxalq tədbirlərdə uğurlu ev sahibliyini, həmçinin yeni təşəbbüslərin müəllifi kimi rolunu göstərdi.
Qeyd edilən məqamlar WUF13-ün sonunda Forumun yekun sənədi olaraq qəbul edilmiş “Bakı Fəaliyyətə Çağırış” (“Baku Call to Action”) sənədində də öz əksini tapıb.
Sənəddə 176 ölkədən 58 mindən çox iştirakçının qatıldığı və bu günə qədər keçirilən ən böyük WUF tədbirinə ev sahibliyi etdiyinə görə Azərbaycan Hökumətinə səmimi minnətdarlıq ifadə olunub. Qeyd edilib ki, tarixdə ilk dəfə olaraq, ev sahibi ölkənin təşəbbüsü ilə 27 dövlət və hökumət başçısı, yüzdən çox nazir, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibinin müavini və yüksəksəviyyəli bir neçə rəsmi şəxs Liderlər Sammitində iştirak edib. WUF13-ün yeniliklərinə Bakı Şəhərsalma Mükafatı, Biznes və İnnovasiya Mərkəzi, WUF Akademiyası kampusu və Təcrübə Mərkəzi daxildir.
Sənəddə vurğulanıb ki, münaqişə, müharibə və urbisid məktəblər, xəstəxanalar, ictimai obyektlər, evlər kimi mülki infrastruktur sahələrinə birbaşa təsir göstərir və insanların tez-tez qaçqın, yaxud məcburi köçkün kimi evsiz qalmasına səbəb olur. Dünyada məcburi köçürülmələr artaraq birbaşa köçürülməyə və mənzil böhranının daha da ağırlaşmasına səbəb olur. Bir evin sökülməsini görmək yalnız şəxsi əşyaların itirilməsi deyil, həm də uzunmüddətli zehni, emosional və fiziki travma deməkdir. Milli və yerli hökumətlər, humanitar və inkişaf məsələləri ilə məşğul olanlar, beynəlxalq qurumlar mənzil və vacib mülki infrastrukturu qorumalı, köçkünlüyə və dağıntılara qarşı qorunma tədbirlərini gücləndirməli, bu qorunmaların səmərəli şəkildə həyata keçirilməsini təmin edən mexanizmləri dəstəkləməlidirlər.
Bu mənada Azərbaycanın təcrübəsinə diqqət çəkilib. Bildirilib ki, ev sahibi Azərbaycan Hökuməti də daxil olmaqla, münaqişədən sonrakı yenidənqurma üçün əhəmiyyətli qlobal presedentlər mövcuddur.
Ümumiyyətlə, forum günlərində Azərbaycanın şəhərsalma təcrübəsi, münaqişədən sonrakı bərpa-yenidənqurma fəaliyyəti böyük marağa səbəb olmaqla, bir model kimi qəbul olunub.
Azərbaycan bu fəaliyyətində müasir, innovativ konsepsiyaları əsas götürür, “Ağıllı şəhər”, “Ağıllı kənd” qurur, eyni zamanda şəhərsalmada tarixi irs də əsas götürülür ki, bu da müasirlik və qədimliyin vəhdətini təqdim edir.
Xatırladaq ki, “Bakı Fəaliyyətə Çağırış” məsləhətləşmələrə və müzakirələrə əsaslanaraq WUF13-lə bağlı maraqlı tərəflərin tələbatlarını nəzərə alan yekun sənəddir.
Milli Məclisin deputatı Vüqar İskəndərov mövzu ilə bağlı deyib ki, WUF13 indiyədək keçirilən BMT-nin qlobal tədbirləri arasında ən yüksək səviyyədə hazırlanmış və təşkil olunmuş tədbirlərdən biri kimi tarixdə qalacaq:
“Forum çərçivəsində Prezident İlham Əliyevin iştirakı ilə Liderlər Konfransı keçirildi, həmçinin “Baku Urban Awards” mükafatı təsis olundu və bundan sonra hər il bu ad altında təqdim ediləcək. WUF tarixində ilk dəfə olaraq yalnız Azərbaycanda, Bakı şəhərində təşkil olunan bir çox digər mühüm məqamlar da var. Biz, həmçinin dünyanın şəhərlərdə yaşayış, mənzil problemləri, inklüzivlik və gələcəyin şəhərlərinin necə formalaşacağı ilə bağlı məsələlərin müzakirəsində fəal iştirak etdik. Azərbaycanın bu sahədə təcrübəsi var. Dünyanın gələcəyə aid düşüncə səviyyəsində nəzərdə tutduğu bir çox layihələri biz artıq həyata keçirmişik. “Ağıllı kənd” və “Ağıllı şəhər” konsepsiyalarımız təqdim olundu.
Azərbaycan Bakı şəhərində müasirliklə qədimliyin vəhdətini necə yaratdığını göstərdi. Eyni zamanda, torpaqlarımızın uzun müddət işğal altında qalması, şəhər və kəndlərimizin dağıdılmasını, daha sonra Vətən müharibəsində qazanılan qələbə ilə bu ədalətsizliyin aradan qaldırılmasını, beynəlxalq hüququn və ədalətin bərpa olunmasını nümayiş etdirdik. Post-müharibə dövründə şəhər və kəndlərimizin yenidən qurulmasını, onların hansı formatda və hansı konsepsiya əsasında yaradıldığını da təqdim etdik.
Bütün bu məsələlər və təcrübələrin bölüşdürülməsi düşünürük ki, WUF13 kimi qlobal tədbiri daha da işgüzar səviyyəyə çatdırdı. Burada müzakirə olunan yeniliklər və məsələlər gələcəkdə şəhərlərin problemlərinin həllində nəzərə alınacaq”.
Deputat hesab edir ki, WUF13 dünyamızın gələcəyi, insanların yaşayış mühiti və müasir şəhərlərin qarşılaşacağı çağırışların həlli yollarını axtaran mühüm platforma kimi çıxış etdi. Azərbaycanın bu tədbirdəki təqdimatı, eləcə də Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən müasir layihələrin nümayiş etdirilməsi ölkəmizin dünyada tanıdılması baxımından əvəzsiz rol oynadı.
PƏRVANƏ



