|
|
|
|

AMEA Naxçıvan Bölməsi Əlyazmalar Fondunun direktoru, filologiya elmləri doktoru Fərman Xəlilovun “Naxçıvanın elmi, ədəbi və mədəni mühiti: tədqiqlər” seriyasının beşinci kitabı çapdan çıxıb.
525.az xəbər verir ki, “Əcəmi” Nəşriyyat–Poliqrafiya Birliyində nəfis tərtibatla çap olunan kitabın elmi redaktoru AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Əbülfəz Quliyev, rəyçisi filologiya elmləri doktoru, professor İslam Qəriblidir.
Nəşrə müəllifin müxtəlif illərdə qələmə aldığı Naxçıvanın elmi, ədəbi və mədəni mühitinə həsr olunan məqalələri, təəssüratları, müsahibələri və “Gündəliy”indən bəzi parçalar daxil edilib.
Kitab “Elm”, “Ədəbiyyatşünaslıq”, “Mətbuat, maarif və mədəniyyət”, “Müsahibə, çıxış, rəy və təəssüratlar” adlı dörd bölmədən ibarətdir.
Kitabın müxtəlif bölmələrindəki “Molla Nəsrəddin” ədəbi məktəbi ənənələri və çağdaş Azərbaycan ədəbiyyatı”, “Mirzə Cəlilə həsr olunan dəyərli dissertasiya”, “Hüseyn Cavidin irsi müasir Azərbaycan və dünya ədəbiyyatşünaslığında”, “İki şair, bir ruh: Bəxtiyar Vahabzadə və Hüseyn Razi”, “Naxçıvan Ordubadinin qələmi ilə”, Naxçıvan torpağının yetirməsi Əli Səbri Qasımovun fəaliyyətinə həsr edilən “Mahir tərcüməçi” kimi yazıları XX əsr Azərbaycan ədəbi mühitini öyrənmək istəyənlər üçün dəyərli mənbələrdir.
Nəşrdə müəllifin müxtəlif illərdə Naxçıvan mediasında məqalə və çıxışları, həmçinin ilk dəfə olaraq oxuculara təqdim edilən yazıları da yer alıb. Bu mənada “Naxçıvandan oxucu məktubu”, “Bir xatirənin izi ilə”, “Mavi ekran qarşısında”, “Görkəmli alimi anarkən” məqalələri böyük maraq doğurur. “Fərman Xəlilovun Gündəliyi”ndən seçmələr adlı hissədə isə müəllifin müxtəlif illəri əhatə edən xatirələri, müşahidə və təəssüratları diqqəti cəlb edir.
Müəllifin çoxşaxəli elmi və publisistik yaradıcılığı oxucular üçün zəngin bilik mənbəyidir.



