
Aparılan təhlillər bir sıra hallarda subsidiyalardan ayrılan vəsaitin bir hissəsinin istifadə edilməyərək qalıqda qaldığını, eləcə də bəzi sahələrə illərdir subsidiya ayrılması fonunda fəaliyyətin nəticəliliyinin aşağı olduğunu göstərib.
525.az xəbər verir ki, bu barədə Hesablama Palatasının "2025-ci il dövlət büdcəsinin icrası" haqqında qanun layihəsinə verdiyi Rəydə bildirilir.
Sənədə əsasən, 2025-ci ildə inzibati təsnifat üzrə 47 istiqamətdə subsidiya proqnozlaşdırılıb, 46 istiqamətdə icra edilib. Belə ki, "Bir sıra dövlət müəssisələrində islahatların aparılması ilə bağlı texniki iqtisadi əsaslandırmanın hazırlanması" istiqaməti üzrə proqnozlaşdırılmış vəsait icra edilməyib, digər istiqamətlər üzrə icra səviyyəsi isə dürüstləşmiş təyinatla müqayisədə 16,2-100% arasında dəyişib. 19 istiqamət üzrə icra səviyyəsi 100 %, 15 istiqamət üzrə 90 %-dən yüksək, 12 istiqamət üzrə isə 90 %-dən aşağı olub.



