
“Dərsliklərə ayrılan büdcəni daha fərqli istifadə edərək, təhsildə kütləvi təsirə malik islahatlar etmək olar. Məsələn Beynəlxalq bakalavriat sistemində kitab yoxdur və buna ehtiyac da yoxdur. Müəllimlərin qarşısına standartlar və təlim nəticələri qoyulub ki, uşaqlar bunları bilməlidir. Bunları necə öyrədəcəyinə isə müəllim özü qərar verir. Müəllim istəyər sıfırdan slayt hazırlayar, istəyər youtube kanalı tapıb orada videoları şagirdlərə təqdim edər, istəyər özü video çəkər, istəyər kitab tapar, istəyər platforma üzərindən pdf kitablar vasitəsi ilə məqsədə çatar. Bu yanaşma ilkin mərhələdə çətin görsənə bilər. Ancaq müəllimi yaradıcılığa sövq edir və ona avtonomluq verir”.
Bunu 525.az-a təhsil eksperti Qoşqar Məhərrəmov bildirib. Ekspert qeyd edib ki, yazılması lazım olsa da kitabların, çapına ehtiyac yoxdur:
“Kitablar pdf olaraq trims edu az, e-derslik kimi platformalarda yer alsa bəsdir. Çap üçün ayrılan pula həmin dərslərlə əlaqədar qısa videoizahlar, oyunlar, oyunlaşdırılmış quizlər və.s hazırlansa və şagirdlərin, müəllimlərin öhdəsinə verilsə, daha faydalı və qalıcı olar. Bu qədər kitab çap etmək, biraz da kağız israfı kimi gəlir mənə. Bu dediyim rəqəmsal savadı müəyyən qədər olan müəllim və şagirdlər üçün keçərlidir əlbəttə. Bir qisim şagirdlər və müəllimlər hazırda bilirəm ki, kitaba məcbur və möhtacdırlar. Ancaq dövrün tələbinə uyğun olan müəllim və şagird üçün kitab sadəcə köməkçi vasitədir. Kitab və dərslik 10-larla mənbədən sadəcə biridir. Dərslər və öyrənmə sadəcə kitaba əsaslanmamalıdır. Biz artıq şagirdlərə öz-özünə öyrənmənin yollarını göstərməliyik, elə etməliyik ki, onlar bizsiz də öz başlarına öyrənə bilsinlər. Buna student agency ilə self learning deyirlər. Yəni artıq şagird öz öyrənmə səyahətinin sürücüsüdür. Müəllim isə ehtiyac duyulduqda müraciət olunan rəhbərdir”.
Sevinc Qarayeva



