|
|
|
|

Almaniyanın və Avropanın ən nüfuzlu tətbiqi tədqiqat qurumlarından biri olan Fraunhofer İnstitutu ilə AzMİU arasında strateji əməkdaşlıq memorandumu imzalanıb.
Universitetdən 525 az-a bildirilib ki, memorandum Almaniyanın Brandenburq Texniki Universitetində keçirilən beynəlxalq tədbir çərçivəsində rəsmiləşdirilib. Sənədi Fraunhofer Keramika Texnologiyaları və Sistemlər İnstitutunun qrup rəhbəri, Brandenburq Texniki Universitetinin professoru Konstanse Çöpe və AzMİU-nun Mühəndis sistemləri və qurğularının tikintisi kafedrasının müdiri professor Nurməmməd Məmmədov imzalayıblar.
Memorandum çərçivəsində tərəflər arasında birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi, akademik və elmi kadr mübadiləsinin təşkili, doktorantura proqramlarının inkişafı, beynəlxalq qrant layihələrində birgə iştirak və innovativ texnologiyaların tətbiqi istiqamətində əməkdaşlıq nəzərdə tutulur. Əməkdaşlığın əsas istiqamətlərindən biri enerji effektivliyi və dayanıqlı tikinti texnologiyalarının inkişafıdır. AzMİU-nun Azərbaycanın müxtəlif iqlim zonaları üzrə formalaşdırdığı elmi məlumat bazasının Fraunhofer İnstitutunun Passivhaus standartları, nZEB (sıfıra yaxın enerji sərf edən bina) texnologiyaları və enerji modelləşdirmə metodologiyaları ilə inteqrasiyası planlaşdırılır. Bu istiqamətdə aparılacaq tədqiqatların nəticəsində ölkəmiz üçün yeni enerji sertifikatlaşdırma modellərinin hazırlanması nəzərdə tutulur.
Sənəd rəqəmsal tikinti texnologiyaları və Bina İnformasiya Modelləşdirməsi (BIM) sistemlərinin inkişafını da əhatə edir. Tərəflər tikinti sektorunun rəqəmsallaşdırılması, BIM texnologiyalarının enerji modelləşdirmə sistemləri ilə inteqrasiyası və rəqəmsal tikinti idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində birgə fəaliyyət göstərəcəklər. Memorandum çərçivəsində mühəndis kommunikasiya sistemləri, HVAC texnologiyaları, bina idarəetmə sistemləri (BMS), IoT əsaslı monitorinq həlləri və real vaxt rejimində enerji idarəetmə mexanizmləri üzrə tədqiqatların aparılması da nəzərdə tutulur.
Əməkdaşlığın ən strateji istiqamətlərindən biri isə “Ağıllı şəhər” konsepsiyası ilə bağlıdır. Fraunhofer İnstitutunun Almaniyada uğurla tətbiq etdiyi “Ağıllı şəhər” həllərinin Azərbaycan reallıqlarına uyğunlaşdırılması, enerji şəbəkələrinin rəqəmsallaşdırılması, nəqliyyat axınlarının ağıllı idarə olunması, su və tullantı sistemlərinin avtomatlaşdırılması, bərpaolunan enerji mənbələrinin şəhər infrastrukturuna inteqrasiyası istiqamətində birgə tədqiqatlar həyata keçiriləcək.



