|
|
|
|

İyunun 9-da Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən 156 nömrəli tam orta ümumi təhsil məktəbində “Türk dünyasına səyahət” adlı tədbir təşkil olunub.
525.az xəbər verir ki, Milli Məclisin Mədəniyyət komitəsinin təşəbbüsü, Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Xəzər Rayon İcra Hakimiyyətinin əməkdaşlığı ilə keçirilən layihə türk xalqlarının zəngin tarixi-mədəni irsinin, ortaq mənəvi dəyərlərinin və qardaşlıq əlaqələrinin təbliği məqsədi daşıyıb.
Məktəbin həyətində türk dövlətlərinin milli-mədəni irsini, ənənələrini və mətbəx nümunələrini əks etdirən çadırlar qurulub.
Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva bildirib ki, türk xalqlarını bir-birinə bağlayan əsas amillər ortaq tarixi köklər, milli-mənəvi dəyərlər, dil və mədəniyyət birliyidir. O, Prezident İlham Əliyevin “Türk dünyası bizim ailəmizdir” ifadəsini xatırladaraq vurğulayıb ki, bu yanaşma türk dövlətləri arasında həmrəyliyin, qarşılıqlı etimadın və strateji əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edir.
Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov bu cür tədbirlərin gənc nəslin ümumtürk irsini daha yaxından öyrənməsinə töhfə verdiyini vurğulayıb.
Tədbirdə, həmçinin türk dövlətlərinin Azərbaycanda akkreditə olunmuş səfir və nümayəndələri çıxış edərək, Türk dünyasının birliyinin əhəmiyyətindən, mədəni-humanitar əməkdaşlığın inkişafından və ortaq dəyərlərin yeni nəsillərə ötürülməsinin vacibliyindən danışıblar.
Daha sonra şagirdlərin ifasında türk xalqlarına məxsus musiqi və rəqs nömrələri, milli oyunlar və müxtəlif bədii kompozisiyalar təqdim olunub.



