"Bu gün Azərbaycan televiziya kanalları bəzi hallarda dərman vasitələrini və özəl müəssisələrin göstərdiyi tibbi xidmətləri qanunsuz reklam edirlər".
Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirov "Reklam haqqında" qanun layihəsi ilə bağlı mövqeyini açıqlayarkən dilə gətirib. A.Qədirov qeyd edib ki, dərman vasitələrinin və özəl müəssisələr tərəfindən göstərilən tibbi xidmətlərin reklamına Səhiyyə Nazirliyinin tərkibində fəaliyyət göstərən xüsusi komissiya icazə verir:
"Dərman şirkəti və ya özəl tibbi klinika Səhiyyə Nazirliyinə müraciət edib reklam olunacaq dərman preparatının və yaxud hansısa xidmətin reklamının mətnini və videoçarxını təqdim edir və komissiya, qanuna əsaslanıb müzakirələrdən sonra rəy verir. Təəssüf ki, televiziya kanalları bu qaydaya çox vaxt riayət etmirlər və reklam təqdim edəndən həmin rəyi tələb etmirlər. Biz Milli Televiziya və Radio Şurasına müraciət etmişik və onların da bu istiqamətdə dəstəyini almışıq və telekanallara müraciətlər olunub".
A.Qədirov bildirib ki, belə hallar Səhiyyə Nazirliyinin monitorinq qrupu tərəfindən aşkar edilərkən müdaxilə edilir və bunun qarşısı dərhal alınır. Dərman preparatlarının qiymətinin tənzimlənməsi məsələsinə gəldikdə isə A. Qədirov bildirib ki, Səhiyyə Nazirliyi Sənaye və İqtisadiyyat Nazirliyi ilə bu məsələ ilə bağlı qərar layihəsi hazırlayaraq Nazirlər Kabinetinə təqdim edib: "Hazırda Nazirlər Kabinetində bu məsələ üzərində iş gedir".
Kamil HƏMZƏOĞLU