|
|
|
|
Martın 14 və 15-i Quba rayonunun “Cənnət Bağı” istirahət mərkəzində Gənclər Fondunun maliyyə dəstəyi və Azəri Gənclər Alyansı İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən “Gənc jurnalistlərin peşəkarlığının artılması məqsədilə Qış Məktəbi” təlimi başa çatıb.
İki günlük təlimdə Gənclər Fondunun nümayəndəsi Mübariz Qədirov, Azərbaycan Mətbuat Şurasının İdarə heyətinin üzvləri Yadigar Məmmədli və Azər Həsrət, “BayMedia” portalının rəhbəri Elçin Mirzəbəyli, Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə, “Aznews” xəbər saytının rəhbəri Elçin Zahiroğlu, RTV-nin icraçı direktoru Məhsim Məhsimov və şair-jurnalist Ramiz Qusarçaylı ekspert qismində iştirak ediblər. Azəri Gənclər Alyansı İB-nin sədri “Gənc jurnalistlərin peşəkarlığının artılması məqsədilə Qış Məktəbi” ni açıq elan edərək iştirakçılara uğurlar arzulayıb, dəyərli ekspert və tanınmış jurnalistlərə təlimdə iştirak etdikləri üçün öz dərin təşəkkürünü bildirib.
Sonra “Azərbaycan internet mediasının mövcud durumu: problemlər və prespektivlər,internet medianın sosial şəbəkələrdə rolu” adlı ilk paneldə tanınmış jurnalist-ekspertlərdən Elçin Mirzəbəyli və Seymur Verdizadə çıxış edərək gənc jurnalistlərin çoxsaylı suallarını cavablandırıb. “İlkin mənbədən informasiya əldə etmək imkanları, internet portalları və yazılı mətbuat:əməkdaşlığın mümkün yolları” adlı ikinci panelin moderatoru Yadigar Məmmədli və ekspert Azər Həsrət gənclərlə öz uğurlu təcrübələrini bölüşüb və fikir mübadiləsi aparıblar. Birinci təlim gününün yekununda isə ekspertlər tərəfindən gənc jurnalistlərlə konkret mövzular, kazuslar müzakirə olunub.
Qış məktəbinin ikinci günündə isə “Ənənəvi media və yeni media münasibətləri necə tənzimlənir- İnternet mediada etik qaydalara əməl edilməsi” və “Medianın həssas davrandığı mövzular: dövlət sirri haqqinda Qanuna necə əməl edirik?” mövzusunda panellər keçirilib və gənclərlə interaktiv müzakirələr aparılıb. Ekspertlər tərəfindən gənclərə müxtəlif mövzularda xəbər yazılması qaydaları , praktiki biliklər və vərdişlər də aşılanıb.
Təlimin sonunda təşkilatçı, Azəri Gənclər Alyansı İB-nin sədri L.Məmmədli Prezident yanında Gənclər Fonduna layihəyə maliyyə dəstəyi göstərdiyinə, gənclərə isə göstərdikləri fəallığa və marağa görə dərin təşəkkürünü bildirib, onları gələcək digər layihələrdə də fəal iştirak etməyə dəvət edib. Sonra 40 nəfər iştirakçıya qış məktəbini uğurla başa vurduqları üçün sertifikatlar təqdim edilib və xatirə şəkilləri çəkilib.