12-15 mart tarixlərində "İrəli" İctimai Birliyi (İB) Prezident yanında Gənclər Fondunun dəstəyi ilə İsmayıllıda "Gənc Əkinçi" layihəsini həyata keçirib. Layihənin əsas məqsədi Azərbaycanda peşəkar jurnalistikanı formalaşdırmaq, fəaliyyət göstərən kütləvi informasiya vasitələri arasında mövcud əlaqələri inkişaf etdirmək, yeni əlaqələrin qurulmasına şərait yaratmaqdır.
İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Akademiya iştirakçılarıyla görüşdə bildirib ki, bu il İsmayıllı rayonunun "Gənclər Paytaxtı" seçilməsi bölgədə böyük inkişafa səbəb olub. O media nümayəndələrinə regionda görülən və görülməsi planlaşdıran işlər haqqında ətraflı məlumat verib: "İsmayıllı rayonunda regionun ən böyük velosiped zavodu tikilir. Biz bu işi bolqarlarla birgə görürük. Bu ilin avqust ayında işlərin başa çatdırılması gözlənilir. İşlərin 51 faizi Azərbaycan, 49 faizi isə bolqar şirkətlərinin payına düşür. Bu zavod bir növ yığma sex olacaq".
İcra başçısı qeyd edib ki, İsmayıllının iqtisadiyyatının 80 faizini kənd təsərrüfatı təşkil edir: "Hal-hazırda İsmayıllı özünü 100 faiz ət məhsulları ilə təmin edir. Bununla belə, 60 faiz taxıl istehsal edir. Hətta deyərdim ki, İsmayıllı rayonun tam gücü var ki, o, 100 tondan artıq buğda istehsal etsin. Azərbaycanda yeganə kolxoz İsmayıllıdadır. Onu da qeyd edim ki, rayonda kənd təsərrüfatı məhsullarının onlayn ticarəti üzrə "Yaşıl market" yaradılır".
M.Sadıqov rayonda müxtəlif dövlət strukturları, özəl sektor və şəxsi biznesdə gənclərin sayının artdığını da qeyd edib. O deyib ki, İsmayıllıda savadlı, müxtəlif dil bilgisi olan, intellektual gənclərə bundan sonra da dəstək veriləcək.
Daha sonra İsmayıllı Rayon Mədəniyyət Mərkəzində layihənin rəsmi açılışı olub. "İrəli" İctimai Birliyinin sədri Mirhəsən Seyidov bildirib ki, layihə çərçivəsində jurnalistlərə məruzəçilər tərəfindən müxtəlif seminarlar keçiriləcək, Azərbaycanın beynəlxalq məkanda tanıdılması, həqiqətlərin dünyaya çatdırılması istiqamətində mətbuat nümayəndələrinin rolundan danışılacaq. Sədr vurğulayıb ki, layihə davamlı olacaq və hazırda iştirakçı olan jurnalistlər bundan sonra "Gənc Əkinçi" proqramı çərçivəsində öz yazıları ilə həm yerli mətbuatda, həm də xarici mətbuatda çıxış edəcəklər: "Bu il Azərbaycan Milli Mətbuatının yaranmasının 140 illiyi münasibətilə biz strateji olaraq gənc jurnalistlərdən ibarət "Gənc Əkinçi" Akademiyası çərçivəsində komanda formalaşdırdıq. 35 nəfərdən ibarət Kütləvi İnformasiya Vasitələrinin, eləcə də informasiya agentliklərinin nümayəndələri bu Akademiyada iştirak edirlər".
M.Seyidov deyib ki, ümumiyyətlə bəzi dövlətlər ölkəmizin uğurlarına qısqanclıqla yanaşır. Onun sözlərinə görə, biz də çalışırıq ki, ölkəmizin tanıdılması istiqamətində səylərimizi daha da artıraq: "Prioritet istiqamətlərdən biri də odur ki, Azərbaycanın gənc jurnalistləri ilə bu istiqamətdə dayanmadan fəaliyyət göstərərək xarici mətbuata çıxış əldə edək. Düşünürəm ki, bu, xarici mediada Azərbaycan həqiqətlərinin üstünlük təşkil etməsinə əsaslar yaradacaq, informasiya müharibəsində mövqeyimizi daha da gücləndirəcək. "Gənc Əkinçi" Akademiyası bundan sonra da davam edəcək".
Prezident yanında Gənclər Fondunun sektor müdiri Orxan Ərəbov vurğulayıb ki, "Gənc Əkinçi" layihəsi öz strategiyası ilə daha öncə gənc jurnalistlər üçün keçirilən seminarlardan fərqlənəcəyinə və jurnalistikaya böyük töhfə verəcəyinə ümidvardır. O.Ərəbov Gənclər Fondunun gənclərin bilik və bacarıqlarının artırılması, ölkəmizin inkişafında rol oynayan layihələrə dəstək verməkdən qürur duyduqlarını və dəstəklərini bundan sonra davam etdirəcəklərini söyləyib.
Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Cahangir Məmmədli qeyd edib ki, ölkədə son illərdə savadlı, intellektual gənclərin sayı artıb və dövlət strukturlarında artıq daha çox gənc təmsil olunur. Jurnalistikanın dövlət və cəmiyyət üçün vacib əhəmiyyət daşıdığını söyləyən Cahangir Məmmədli peşəkar jurnalistlərə indiki dövrdə daha çox ehtiyac olduğunu söyləyib. Müxtəlif ictimai müzakirələrlə layihə gün ərzində davam edəcək: "Hesab edirəm ki, "Gənc Əkinçi" layihəsində iştirak edən gənc jurnalistlər burada öz təcrübələrini təkmilləşdirməklə bərabər peşəkarlardan yeni məlumatlar da əldə edəcəklər. Bu layihə onların xarici mətbuata çıxışını təmin etməklə bərabər, həm də ölkəmiz haqqında pis fikirdə olan insanlara əsl həqiqətləri göstərəcək".
Sonra layihə iştirakçıları İsmayıllı rayonunun Mədəniyyət Sarayında olublar. Gənc jurnalistlər Mirhəsən Seyidovun, Orxan Ərəbovun, Cahangir Məmmədlinin və "Türkel" TV-nin (TTV) baş direktoru Nadir Şəfiyevin mühazirələrini dinləyiblər.
Layihənin növbəti günü "Trend" İnformasiya agentliyinin əməkdaşı İlkin Bağırov media mənsublarına "Hərbi jurnalistika və Azərbaycan gəncləri" mövzusunda mühazirə oxuyub. Onun sözlərinə görə, ölkədə hərbi jurnalistika deyilən anlayış çox dar çərçivədədir: "Azərbaycanda hərbi jrunalistika ixtisasına sahib şəxslərin sayı barmaqla sayılasıdır. Onlardan cəmi 2-3-ü aktiv fəaliyyət göstərir".
İ.Bağırov bildirib ki, onun vətəndaş duyğuları peşəkarlığından daha vacib və üstün nöqtədə dayanır: "Ona görə də, mən özümü heç vaxt peşəkar jurnalist hesab etməmişəm. Bu gün hərbi sirlərin və təmas xətlərimizin sosial şəbəkələrdə yayılması heç də düzgün deyil. Çünki düşmən tərəfi ölkəmizin sirləri haqqında ətraflı məlumat əldə edərək mövqelərimizə hücum edə bilər. Azərbaycan mətbuatında bəzi peşəkarlar jurnalistlər var ki, onlar hələ də jurnalistika peşəsinin nə dərəcədə məsuliyyətli olduğunu dərk etmir. Hərbi məlumatların açıqlanması ilə bağlı problemlər xarici mətbuat orqanlarında da müşahidə olunur".
Təlimçi qeyd edib ki, jurnalistikada operativ olmaq vacib meyardır. Onun sözlərinə görə, lakin təhlükəsizlik və məlumatın dəqiqliyi baxımından jurnalist daha diqqətli olmalıdır: "Xüsusilə bu müharibə şəraitində yaşayan dövlətin nümayəndələrinə aiddir. Çünki düşmən boş dayanmır. Bizim yaydığımız dövlət sirri qədər əhəmiyyətli məlumatları dərhal əldə edirlər. Operativlik baxımından ənənəvi media sosial mediaya uduzur. Bunun qarşısını almaq yolları hələ də tapılmayıb. Keçən ilin avqust hadisələri əslində təkcə media orqanlarında deyil, eyni zamanda mühafizə və təhlükəsizlik strukturlarında bir sıra boşluqların olduğunu göstərib. Bununla yanaşı istər cəbhə bölgələrində yaşayan, istərsə də ortaya səfər edən insanlar məsuliyyətsizlik edərək hərbi hissə və təmas xəttində çəkdirdikləri fotoları sosial şəbəkələrdə paylaşmaqla ümumi təhlükəsizliyə ziyan vururlar".
İ.Bağırov hesab edir ki, hərbi jurnalist birinci növbədə psixoloji hazırlıq keçməlidir: "Çünki onlar ölümə hazır olmalıdır. O insanlarda ölüm qorxusu olmamalı, təhlükəli situasiyalarda qorxuya düşməməlidir".
"Modern.az" informasiya agentliyinin baş redaktoru, Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı "KİV-də Qarabağ problemləri" mövzusunda çıxış edib. Onun sözlərinə görə, İŞİD terror qruplaşması girov götürdüyü insanlara qarşı müxtəlif üsullarla qətllər törədir ki, bizim kimi münaqişə şəraitində yaşayan dövlətlər də düşmən vəhşiliklərini dünya ictimaiyyətinə təqdim edəndə onları təəccüblədirə bilmir: "Ümumiyyətlə, Qərb və Amerika dairələri Qarabağı bizə unutdurmaq istəyirlər. Artıq dünya aqressiyanı qəbul etmir. Ona görə də, biz Qarabağ həqiqətlərini, Xocalı soyqırımını dünyaya onların başa düşəcəyi dildə təqdim etməliyik. Bu baxımdan xarici mətbuatı araşdırıb onların üslubları ilə tanış olmalıyıq".
Millət vəkili Rövşən Rzayev bildirib ki, hər bir azərbaycanlı vətənini sevməli, onun müstəqilliyinin, dövlətçilik ənənələrinin qorunması, inkişaf etdirilməsi üçün əlində gələni etməlidir: "Bu gün Azərbaycan torpaqlarının bir hissəsi - Dağlıq Qarabağ bölgəsi işğal altındadır. Sovet İttifaqını dağıdan qüvvələr müəyyən nöqtədən fəaliyyətə başlamaq üçün Moldova və Gürcüstanda olduğu kimi Azərbaycanda da münaqişə ocağı yaratmağa nail olublar. Dünya xəritəsi mütləq dəyişəcək. Bunun üçün proseslər davam edir. Bu gün Azərbaycan inkişaf edir və dövlətimiz uğurlu siyasət aparır. Bu siyasəti davam etdirmək üçün yüksək hazırlıqlı gənc nəsil yetişir. Hər zaman biz Azərbaycanın bütövlüyü, müstəqilliyi və inkişafı üçün canla-başla çalışmalıyıq. Dövlətimizin əsas məqsədi Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etməkdir. Çünki müharibə görmüş dövlətimiz hesab edir ki, bu yol doğru yol deyil. Biz ilk növbədə vasitəçi dövlətlərin dəstəyi ilə çalışacağıq ki, münaqişəni sülh yolu ilə həll edək. Hesab edirəm ki, Minsk qrupu bu baxımdan xeyli işlər görüb. Qurumun formatı dəyişməyəcək. Buna ehtiyac yoxdur. Əks halda biz sülh danışıqlarına sıfırdan başlamalı olacağıq. Təbii ki, zərurət yaranarsa, Azərbaycan Silahlı Qüvvələri öz sözünü deyəcək. Biz buna daim hazır olmalıyıq. Düşmən hər an anti-terror əməliyyatı ilə üz-üzə dayana bilər".
Millət vəkili dünya arenasında Azərbaycanın mövqeyini gücləndirmək üçün mətbuatın üzərinə böyük iş düşdüyünü deyib. Onun sözlərinə görə, jurnalistlər ölkəmizin sülhsevər olduğunu və eyni zamanda işğal faktı ilə heç zaman barışmayacağını beynəlxalq ictimaiyyətə çatdırmalıdır: "Əksər beynəlxalq təşkilatların mövqeyi onu göstərir ki, biz buna böyük ölçüdə nail ola bilmişik. Beynəlxalq təşkilatların mövqeyi onu göstərir ki, biz istənilən halda Ermənistanın torpaqlarımızı işğal etdiyini sübut edə bilmişik. Ortada yenilənmiş Madrid prinsipləri var. Ermənistan istənilən vəchlə çalışır ki, danışıqların baş tutmasına mane olsun. Tam arxayın ola bilərsiz ki, danışıqlar prosesində Azərbaycan tamamilə üstün vəziyyətdədir. Hər kəs bizim haqlı olduğumuzu bilir. Dağlıq Qarabağın azərbaycanlı icması tərəfindən də böyük işlər görülür. Elə bir dövlət, qurum yoxdur ki, bizim müraciətimiz göndərilməsin. Lakin biz əksəriyyətindən gözlədiyimiz reaksiyanı almamışıq. Biz Dağlıq Qarabağın erməni icması ilə dialoq qurulmasını təklif etmişik. Çünki düşünürük ki, əgər biz müharibə vaxtında pozulan dialoqu bərpa etsək münaqişə çərçivəsində danışıqlarda əlavə üstünlüklər qazana bilərik. Lakin hələ də istəyimiz baş tutmayıb".
Millət vəkili girovlarla bağlı problemə də toxunaraq AŞPA səviyyəsində məsləni qaldırdıqlarını bildirib: "Biz avropalıların diqqətinə çatdırmışıq ki, keçən ilin iyul ayında öz doğmalarının qəbirlərini ziyarət edərkən ermənilər tərəfindən tutulan 3 azərbaycanlıdan biri - Həsən Həsənov qətlə yetirilib, digər ikisi - Dilqəm Əsgərovla Şahbaz Quliyev girovluqda işgəncələrə məruz qalır, qanunsuz "məhkəmə"də mühakimə olunur. Ona görə də, girovların geri qaytarılması üçün beynəlxalq dairələrin dəstəyinə ehtiyacımız var. Bunun üçün Dağlıq Qarabağın azərbaycanlı icması olaraq müxtəlif xarici instansiyalara müraciətlər də etmişik".
Layihənin üçüncü günü isə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev "Beynəlxalq jurnalistika və xarici mətbuata çıxış" mövzusunda mühazirə oxuyub. O hesab edir ki, informasiya yoxdursa, onu uydurmaq olmaz: "Dünyada 3 peşə sahiblərinin işində oxşar cəhətlər var: Junalist, diplomat və kəşfiyyatçılar. Hər üçünün məqsədi informasiya toplamaqdır. Lakin diplomatik danışıqlar zamanı informasiyanın əsas hissəsi pərdə arxasında qalır".
XİN-in mətbuat katibi ATƏT-in Minsk qrupunun fəaliyyətində həqiqətən müsbət irəliləyişlərin olduğunu bildirib. Onun sözlərinə görə, "Böyük Sülh Sazişi" real məsələdir. Hər üç vasitəçi dövlət bu sənədi dəstəkləyir. Bu baxımdan biz Ermənistanı dalana dirəyə bilmişik.
Layihə çərçivəsində təlimlərin son günü İrəli İB-nin sədri Mirhəsən Seyidov 6 ayın yekunlarına dair (01.07.2014 - 10.03.2015) hesabat verib. Onun sözlərinə görə, məqsədimiz 140 illiyini qeyd etməyə hazırlaşdığımız "Əkinçi" brendini qoruyaraq gələcək nəsillərə çatdırmaqdır. Təşkilat olaraq bir çox layihələrə imza atdıqlarını deyən M.Seyidov qeyd edib ki, yaxın zamanlarda "Gənc Əkinçi" adlı qəzet çap etmək niyyətindəyik: "Layihə iştirakçıları qəzetdə öz yazıları ilə çıxış edəcəklər. Yaxın günlərdə layihə iştirakçıları arasında yazı müsabiqəsi keçiriləcək və qaliblər müxtəlif hədiyyələrlə mükafatlandırılacaqlar. Bundan başqa, gənc jurnalistlər hansısa təkliflə çıxış etsə biz onu dəyərləndirməyə hazırıq. Əsas odur ki, yeni ideyalar səsləndirsinlər və təşkilatçılıq işində maraqlı olsunlar. Biz lazım olan bütün dəstəyi verməyə hazırıq".
M.Seyidov layihənin digər vacib məqsədinin jurnalistlərin xarici mediaya çıxışını təmin etmək olduğunu söyləyib və rəhbərlik etdiyi təşkilatın artıq bu sahədə bir neçə xarici media qurumları ilə əməkdaşlıq müqavilələri imzalanıb: "Azərbaycan jurnalistlərinin xarici mediaya çıxışında ciddi problemlər var. Xarici mediada Azərbaycan haqqında kifayət qədər məlumat yoxdur. Biz öz həqiqətlərimizi dünyaya çatdırmaq üçün media gücümüzdən istifadə etməliyik. Layihə çərçivəsində seminarlar keçən ekspertlər "Gənc Əkinçi"lərə də bu işdə yardımçı olacaqlar. Onlarda bu sahədə artıq təcrübəlidirlər və xarici mediaya çıxış imkanları genişdir. Jurnalistlərimiz ciddi yazılar yazsınlar, biz həmin yazıları xarici mediaya çıxarmaq üçün əlimizdən gələni edəcəyik".
Azərbaycanın gənclər siyasətindən də danışan M.Seyidov bildirib ki, dövlət hər bir gəncə fərdi yanaşır və onların hər birinin təşəbbüsünə dəstək vermək üçün müxtəlif strategiyalar hazırlayıb: "Dövlər gənclərin hansısa təşkilatda təmsil olunmadan da fərdi olaraq layihələrdə təşəbbüskarlıq etməsində maraqlıdır. Dünyada Azərbaycan qədər gənclərə kapital qoyan ikinci bir dövlət yoxdur. Azərbaycan dövləti gələcək siyasətini məhz gənclər üzərində qurduğu üçün gənclər üçün bütün maddi və texniki dəstəyi göstərir. İndiki gənclər üçün yaradılan şərait əvvəllər yox idi. Hansısa təşkilatda kompüterdə iş görmək istəyəndə növbəyə düzülürdülər.
Çünki kompüter yox idi. İnternet zəif idi. Lazımi qədər təchizatlı ofislər yox idi. Amma indi dövlət gənclərə və gənclər təşkilatlarına hər cür şərait yaradıb. Gənclər bu imkanları dəyərləndirməyi bacarmalıdırlar".
İB-nın sədri sonda məlumat verib ki, təşkilat 6 ay ərzində 7 genişmiqyaslı layihə təşkil edib ki, bu layihələrdə iştirak etmək üçün 2085 nəfər müraciət edib, onlardan 958 gənc seçilib.
Qeyd edək ki, "İrəli" İB-nin "Gənc Əkinçi" Akademiyası təlimlərdən sonra yaradılacaq qrupla mütəmadi işlərin aparılması, onlar üçün dil kurslarının təşkili, həmçinin gələcəkdə müxtəlif ölkələrin mətbuat orqanlarının təcrübə proqramlarına qatılması və həmin KİV-lərlə əməkdaşlığa cəlb edilməsi nəzərdə tutulur. Bu il İsmayıllının "Gənclər paytaxtı" elan edilməsini nəzərə alaraq təlimlər məhz burada keçirilib.
Ceyhun ABASOV