|
|
|
|
“Hazırkı dövrdə cəbhə xəttində həm hərbi, həm də psixoloji cəhətdən Azərbaycan tərəfinin üstünlüyü və düşmənə vurulan zərbələr kimi kütləvi informasiya vasitələrinin də düzdün addımlar atması çox önəmlidir. Media bu addımları atarkən düşmən tərəfinin tələlərinə düşməməlidirlər.”
Bunu Modern.az-a Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc Ermənistanın qondarma soyqırımının 100 illiyi ilə bağlı planlaşdırdığı tədbirlər ərəfəsində öz informasiya vasitələrində erməni ölümlərini gizlətməməsi haqda danışarkən deyib:
“Biz nəzərə almalıyıq ki, pusqular yalnız səngərdə qurulmur, informasiya sahəsində də buna bənzər və bundan da daha dəhşətli təxribatlar mövcuddur. Biz hər zaman bu proseslərin şahidi oluruq. Ermənilər həmişə öz siyasətlərini manipulyasiya üzərində qururlar. Ona görə də zənn edirəm ki, biz yalnız aprelin 24-ü üçün deyil, bundan sonra da ermənilərin cəbhə xəttindən verdikləri informasiyaları xüsusi düşünülmüş şəkildə qiymətləndirməliyik.
Azərbaycanın aparıcı media qurumlarının əməkdaşları öz aralarında müşavirə keçirməli və onların razılaşmaları olmalıdır. Bu məsələnin koordinasiyaya ehtiyacı var. Hökm deyil ki, bu məsələdə sovet dövründəki kimi məxfi olaraq hansısa qərarlar verilsin və dövlət özü vahid qərarlar qəbul etsin, yaxud senzura tətbiq edilsin. Yox, bu qüsurlu yanaşma olardı”.
Deputat Ermənistanın siyasətinin əsas məqsədinin guya Azərbaycan tərəfinin Qarabağda yaşayan erməni əhalisinin yaşama haqqını tanımamasını dünyaya yalnış şəkildə göstərmək olduğunu bildirib: “Ermənistan cəbhə xəttində məhv edilən bir erməninin ölümünü 10 nəfərə, yaxud 20 nəfərə kimi çatdırır. Bununla da onlar azərbaycanlıların ermənilərə yaşama haqqını tanımadığını göstərməyə çalışır. Ən əsas məsələ isə ölənləri Ermənistanda yox, Qarabağda basdırmaqla dünyaya car çəkmək istəyirlər ki, guya Qarabağda olan ermənilərin yaşama haqqını əllərindən alırıq və onlarla birgə yaşamağa heç bir halda razı deyilik. Əlbəttə, bu bizim maraqlarımıza zərbə vurur. Ona görə hesab edirəm ki, qeyd etdiyiniz məsələdə həm Müdafiə Nazirliyi çox dəqiq təqdimatlarını etməli, həm də informasiyanın səhihliyini ortaya qoymalıdır”.
Milli təhlükəsizlik nazirinin keçmiş müavini, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər isə bildirir ki, Ermənistan artıq digər dövrlərə nisbətən öz təbliğat siyasətində dəyişiklik edib:
“Təbii, bilirik ki, Ermənistanda əsgər ölümləri ilə bağlı ciddi etirazlar var. Əsgər ailələri, anaları və eyni zamanda müxalifət tərəfindən hökümətə ciddi təzyiqlər edilir. Onlar həmişə höküməti ölümləri gizləməkdə ittiham edirlər. Digər tərəfdən, görünür ki, hakimiyyət qərar qəbul edib ki, ictimaiyyəti sakitləşdirsin və ona düzgün məlumat versin. Artıq Ermənistan Azərbaycan tərəfini atəşkəsi pozmaqda günahlandırmaq üçün öz təbliğat siyasətində dəyişiklik edib”.