Bakıda keçiriləcək I Avropa Oyunlarının məşəli Cəlilabad rayonundan sonra Salyan rayonuna gətirilib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, paytaxtdakı qədim od məbədi Atəşgahda alovlandırılan məşəl şəhərin giriş qapısında qarşılanıb.
Kür sahilini dolaşan məşəl estafeti saat 12:20-də start götürüb.
Məşəli qəbul edən Kinq boksinq üzrə idmançı, məşqçi Rahil İsgəndərov 10 həmkarı ilə birgə yürüşü davam etdirib. 3200 metr məsafədə rəmzi növbə ilə bir-birinə ötürən atletlər məşəli Heydər Əliyev parkına çatdırıblar. Burada Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 2-ci kurs tələbəsi, boksçu Cavid Quliyev məşəli Meydanda qurulan səhnəyə qaldıraraq, simvolik çırağı yandırıb.
Mərasimdə aprelin 26-da Azərbaycan Prezidenti İlham Əliyev, I Avropa Oyunları Təşkilat Komitəsinin sədri, millət vəkili Mehriban Əliyeva, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki və eləcə də 150-dən artıq qonağın iştirakı ilə dövlət başçısı tərəfindən Atəşgah məbədində birinci Avropa Oyunları məşəlinin alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirilib.
Daha sonra Salyan şəhəri Aşıq Pənah adına məktəb-liseyin 2-ci sinif şagirdi Zərxanım Ağabəyova Avropa Oyunlarının sonuna qədər saxlamaq üçün simvolik çırağı təhvil alıb.
Yürüş iştirakçıları Salyan şəhər mərkəzində təşkil olunana konsertlə tədbiri canlandırıblar. Yarışın rəmzi Salyandan Neftçalaya yola salınıb.