Anti-Azərbaycan qüvvələrin apardığı qara kampaniya, ikili standartlar və təzyiq siyasətinə qarşı dövlətimizin həyata keçirdiyi qabaqlayıcı tədbirlər və apardığı uğurlu xarici siyasət nəticəsində son zamanlar Ukrayna məsələsi ilə yanaşı Dağlıq Qarabağ problemində də dünya birliyinin yenidən aktivliyi müşahidə olunmağa başlayıb.
Xüsusilə, Avropa İtitfaqının “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində Latviyanın paytaxtı Riqada baş tutacaq sammit zamanı Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkil olunması haqqında xəbərlər yayılandan sonra ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik də fəallıq göstərməyə çalışır. Artıq bir neçə gündür ki, o həmsədrlərin regiona səfər edəcəkləri, prezidentləri yenidən görüşdürəcəkləri haqqında məlumatlar yayır. Lakin Minsk qrupunun vasitəçiliyi ilə görüşün baş tutacağı tarix qeyri-müəyyən olaraq qalır. Bu isə ermənilərə daim rəğbət bəsləyən amerikalı həmsədrin niyyətində Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək deyil, əslində başqa formatlara keçməsinə əngəl törətmək olduğu haqqında deyilən fikirləri doğruldur.
Buradan belə bir nəticə çıxarmaq olar ki, dövlət başçılarının Riqa görüşü müsbət irəliləyişlərə gətirib çıxara bilər. Çünki Avropa İttifaqı ilə Azərbaycanı siyasi, iqtisadi, enerji təhlükəsizliyi və eləcə də hərbi sahədə - NATO çərçivəsində sülhyaratma prosesi, anti-terror əməliyyatlarına dəstəklə bağlı yaxın tərəfdaşlıq əlaqələri bir-birinə bağlayır. Ona görə də, Qərb münaqişənin beynəlxalq hüquq çərçivəsində, Azərbaycanın xeyrinə həll edilməsinə təsir edə bilər. Əks halda, ermənipərəst Ceyms Uorlik bu qədər canfəşanlıq etməz, narahatlıq keçirməzdi.
Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri, politoloq Emin Həsənli bildirib ki, Azərbaycan hər zaman sülhə sadiq dövlətdir. Onun sözlərinə görə, bizim Ermənistana ən böyük güzəştimiz odur ki, bu qədər faciələrdən sonra onlarla danışıqlar aparırıq: “Azərbaycan Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün sülh modeli tapmağa çalışır.
Hərçənd ki, bu məsələnin həlli çox sadədir. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə var.
Ermənilər bir dəfə köçürmə yolu ilə Azərbaycana gələrək bu torpaqlarda özlərinə dövlət yaradıblar. Onlar Azərbaycanda yaşamaq istəmirlərsə gedib Ermənistanda yaşaya bilərlər. Əgər ermənilər Azərbaycan vətəndaşlığını qəbul edib bizim torpaqlarda qalmaq istəyirlərsə, digər azsaylı xalqlar kimi eyni hüquq çərçivəsində ölkəmizdə yaşaya bilərlər. Əks halda gərək Rusiya, ABŞ kimi iri ölkələrdə də əllidən artıq dövlət yaransın”.
E.Həsənli qeyd edib ki, xarici qüvvələr ikili standartlardan istifadə edərək Dağlıq Qarabağ münaqişəsini beynəlxalq hüquq çərçivəsində həllinə mane olmağa çalışırlar: “Dəfələrlə xarici dövlətlərin təşəbbüsü ilə prezidentlər səviyyəsində danışıqlar təşkil olunub, lakin heç bir nəticə əldə olunmayıb. Çünki Ermənistana qarşı konkret addımlar atılmır, sanksiyalar tətbiq edilmir. Diqqət yetirsək, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarlardan cəmi iki-üç saat sonra münaqişə ocaqlarına NATO qoşunları yeridilir, beynəlxalq sanksiyalar tətbiq edilir. Ermənistana gəldikdə isə “gözün üstə qaşın var” deyən yoxdur. Bu danışıqların o zaman nəticəsi olacaq ki, Ermənistana qarşı konkret sanksiyalar irəli sürüləcək, zəbt etdikləri Azərbaycan torpaqlarını boşaltmalarına qısa vaxt veriləcək və beləliklə işğal faktı aradan qalxacaq. Əks halda, bu danışıqların heç bir nəticəsi olmayacaq”.
Azərbaycanın daim öz ordusunu gücləndirdiyini, iqtisadi dayanıqlılığını artırdığını, müasir müdafiə sənayesi kompleksi yaratdığını, quruda, havada, suda, gecə və gündüz irimiqyaslı hərbi təlimlər keçirdiyini xatırladan politoloq hesab edir ki, danışıqlar nəticə verməsə, dövlətimiz öz müasir ordusunun gücünə erməni işğalı altında olan torpaqlarımızı geri qaytaracaq: “Eyni zamanda, Azərbaycan Avropanın enerji təhlükəsizliyində də böyük rol oynayır, beynəlxalq aləmdə anti-terror əməliyyatlarına öz töhfəsini verir”.
E.Həsənli deyib ki, dünyada siyasi maraqlar beynəlxalq hüququ üstələyir: “Dünən ABŞ və Qərblə İran arasında münasibətlər həddindən artıq gərgin vəziyyətdə almasına baxmayaraq bu gün rahat şəkildə bir-biri ilə əlaqə qura bilirlər. Rusiya Krımı ilhaq edir, Ukraynada iki münaqişə ocağı yaradır, Gürcüstanda Cənubi Osetiya və Obxaziya müxtariyyatlarının müstəqilliyini tanıyır, lakin Ermənistan Dağlıq Qarabağı nə “dövlət” kimi tanıya, nə də öz ərazilərinə qata bilir. Bu Azərbaycan dövlətinin apardığı uğurlu xarici siyasətin nəticəsidir. Bunun ardı gələcək və biz öz torpaqlarımızı işğaldan azad edəcəyik.
Politoloq əlavə edib ki, Avropa İttifaqı, Rusiya və ABŞ-ın həmsədrliyi ilə aparılan danışıqlarda müsbət nəticə əldə olunacağına inanmaq çətindir: “Əgər BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr yerinə yetirilərsə, beynəlxalq hüquqa əməl olunarsa, o zaman Dağlıq Qarabağın işğalına qısa zamanda son qoyular. Ermənistan Rusiya və erməni lobbisindən asılı olan gücsüz bir dövlətdir. İşğalçıları ayaqda saxlayan da məhz onlardır.
İctimai Problemlərin Tədqiqi Assosiasiyasının rəhbəri, politoloq Məhərrəm Zülfüqarlı hesab edir ki, Avropa İttifaqının təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentlərinin Riqada danışıqlar masasına əyləşməsi Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının axtarılması baxımından müsbət qiymətləndirilməlidir. Riqa sammiti Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində baş tutduğuna görə Ermənistanın burada iştirakı yalnız Rusiyanı müdafiə etmək xarakteri daşıyır. Çünki bu toplantının əsas müzakirə mövzusu Ukrayna məsələsi və Rusiyanın işğalçı mahiyyəti barədədir.
Sarkisyanın məqsədi Dağlıq Qarabağ məsələsini həll etmək deyil. Əksinə status-kvonun dondurulmuş vəziyyətdə qalması onların daha çox işinə yarayır. Hər halda prezidentlər səviyyəsində ikitərəfli görüşün baş tutması müsbət haldır. Lakin danışıqlardan ümidverici nəticə gözləmirəm. Çünki Ermənistan müstəqil dövlət deyil, Rusiyanın forpostudur. Kremlin razılığı olmadan Sarkisyan heç bir addım ata bilməz.
Danışıqların müsbət tərəfi isə odur ki, bu cür görüşlərdə dünya birliyi kimin haqlı, kimin haqsız olduğunu, kimin müstəqil siyasət yürütdüyünü, kimin isə yalnız manipulyasiya ilə məşğul olduğunu görür”.
M.Zülfüqarlı qeyd edib ki, Ukrayna böhranı dünyaya Rusiyanın hansı siyasət yeritdiyini bir daha göstərib:
“Yəni, bu münaqişə rəsmi Moskvanın bütün kartlarını açıb. Əgər biz Dağlıq Qarabağ məsələsi ilə Ukrayna problemini müqayisə etsək xeyli oxşar cəhətlərə rast gələrik. Ukraynada rusdilli əhalidən, Azərbaycanda isə ermənilərdən istifadə edilərək münaqişə ocaqları yaradılıb. Bütün bunların arxasında dayanan Rusiyadır. Hər halda dünya dövlətləri obyektiv mövqe ortaya qoyarlarsa, Azərbaycanın haqq işini qətiyyətli şəkildə dəstəkləyərlərsə gələcəkdə müsbət nəticələr əldə etmək olar”.
Dağlıq Qarabağ münaqişəsi çərçivəsində danışıqların iki istiqamətdə - birdəfəlik və mərhələli şəkildə aparıldığını deyən politoloqun sözlərinə görə, ilk mərhələdə 7 rayonun qaytarılması məsələsi uzun müddətdir ki, müzakirə mövzusudur: “Mərhələli həll variantını rəsmi Bakı dəstəkləyir. Bu o deməkdir ki, yeddi ətraf rayon işğaldan azad olunur və daha sonra Dağlıq Qarabağın status məsələsi müzakirə olunur.
Ermənilər isə bunu qəbul etmək istəmirlər. Onlar istəyir ki, danışıqlarda ətraf rayonların qaytarılmasıyla eyni zamanda Dağlıq Qarabağın status məsələsi də həll olunsun. Hətta təklif olunan Madrid prinsiplərini bizim qəbul etdiyimiz halda ermənilər heç cür danışıqlar masasına yaxın buraxmaq istəmirlər.
Ermənistanın və Rusiyanın mövqeyi zəiflədikcə onlar kompramisə getməyə məcbur olacaqlar. İndiki şəraitdə Kreml rəhbərliyinin vəziyyətinin heç də ürəkaçan olmadığını görərik. Çünki Ukrayna məsələsində Rusiya özünü tamamilə küncə sıxıb. Ermənistan da onun forpostu kimi həm rublun dəyərdən düşməsinə görə iqtisadi böhran yaşayır, həm də artıq dünya ictimaiyyəti kimin kim olduğunu yaxşı dərk edir. Ona görə də, Qərb dövlətləri obyektiv mövqe nümayiş etdirib Azərbaycanın haqq işinə dəstək versə, qısa zamanda Dağlıq Qarabağ münaqişəsi öz həllini tapar”.
Ceyhun ABASOV