İranın
Azərbaycandakı səfiri Möhsün Pak Ayinin APA-ya
müsahibəsi
-
İran-Azərbaycan münasibətlərinin mövcud durumunu necə qiymətləndirmək
olar?
- İran
və Azərbaycan arasında hazırkı münasibətləri çox yüksək səviyyədədir. İki
ölkənin rəhbərliyinin iradəsi odur ki, münasibətləri bütün sahələrdə inkişaf
etməli, əlaqələrin inkişafına hər hansı maneə varsa, aradan qaldırılmalıdır. Mən
Azərbaycan rəsmiləri ilə mütəmadi əlaqə yaradıram, münasibətləri inkişaf
etdirməyə çalışırıq. Rəsmi səviyyədə heç bir problem нщчвгк. Ola bilər ki,
qeyri-rəsmi səviyyədə, hansısa ekspertlərin açıqlamalarında hər hansı mövqe,
söz-söhbət olsun ki, münasibətlər istənilən səviyyədə deyil. Bu münasibətlərin
inkişafının tərəfdarı olmayan və münasibətlərə zərər yetirmək üçün müəyyən
hərəkətlərə yol verən hər hansı üçüncü qüvvələr ola bilər. Lakin hər iki tərəf
bu üçüncü tərəfləri, amilləri yaxşı tanıyır və həmişə onların istəklərinə
çatmaması üçün çalışır. İndiyə qədər bizim bu istiqamətdəki səylərimiz uğurlu
olub. Ona görə də mən münasibətlərin gələcəyini parlaq
görürəm.
- Milli
Məclisdə “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti
arasında sərhədyanı rayonlarda yaşayan Azərbaycan Respublikası və İran İslam
Respublikası vətəndaşlarının sadələşdirilmiş qaydada sərhədi keçmələri haqqında”
Memorandum ləğv edildi. Buna münasibətiniz necədir?
- İran
həmişə iki ölkənin vətəndaşları üçün gediş-gəlişin asanlaşdırılmasının tərəfdarı
olub. Elə buna görə də birtərəfli olaraq Azərbaycan vətəndaşları üçün viza
rejimini ləğv etdik. Biz İranı dünya azərbaycanlılarının evi sayırıq və bu evin
qapısı həmişə bütün dəyərli azərbaycanlıların üzünə açıqdır. Biz tərəfdən heç
vaxt Azərbaycan vətəndaşları üçün heç bir məhdudiyyət
yaranmayacaq.
-
Azərbaycanın bu qərarından sonra İran viza rejimi tətbiq etməyi düşünmür
ki?
- Xeyr,
belə addımın atılmasını faydalı saymırıq. Düşünürük ki, iki millət, iki xalq
bir-biri ilə daha sıx əlaqədə olmalı, gediş-gəlişləri asan olmalıdır. İran
azərbaycanlıları ilə Azərbaycan Respublikasının vətəndaşları çox yaxın
münasibətdədirlər. İranda, Azərbaycanda ailə quranlar var, Azərbaycanda
olanların bəzilərinin İranda, İrandakıların burda qohum-əqrəbaları var.
Adət-ənənələrimizdə, İslamda da var ki, qohum-əqrəbaya baş çəkməlisən,
görüşməlisən. Biz niyə buna mane olmalıyıq?! Nəzərə alaq ki, Azərbaycan
vətəndaşlarının bəziləri müalicə, bəziləri ziyarət, bəziləri qohum-əqrəbalarını
görmək üçün İrana gedirlər. İranda da qardaşlarımız istəyirlər ki, Azərbaycana
gəlsin, Azərbaycan xalqını görsünlər. Mən bu sahədə hər hansı maneə
yaradılmasına səbəb görmürəm. Bəzən deyirlər ki, bu məhdudiyyət narkotik
vasitələrin daşınmasının qarşısını almaq üçündür. Biz bunu ciddi səbəb saymırıq.
Hətta bütün sərhədlər bağlı olsa belə, narkotik qaçaqmalçılığı ilə məşğul olan
qruplar özlərinə yol tapacaqlar. Qaçaqmalçılıqla mübarizənin öz yolları, öz
prinsipləri var. Qaçaqmalçılıqla mübarizə sahəsində İranla Azərbaycan arasında
yaxşı əməkdaşlıq mövcuddur və bu sahədə yaxşı nəticələr də əldə olunub. İranın
Əfqanıstanla 1000 kilometrdən çox müştərək sərhədi var, biz bu sərhədi
bağlamışıq. Amma yenə də narkotik maddələr idxal olunur. Narkotik maddələrlə
mübarizənin yolu viza rejimindən keçmir. Ancaq hər halda biz Azərbaycan
parlamentinin qərarına hörmətlə yanaşırıq.
-
Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin görüşü artıq bir neçə
dəfədir ki, təxirə salınır. Səbəb nədir?
- Bu,
xarici işlər nazirlərinin işinin çox olmasından irəli gəlir. Məsələn, sonuncu
görüş Türkiyə xarici işlər naziri Nyu-Yorkda bir tədbirə getməli olduğu üçün
təxirə salınmışdı. Yəni səbəb daha çox texniki məsələlərdir, siyasi məsələlər
yox.
-
Türkiyə tərəfi isə açıqlamasında daha çox İran xarici işlər nazirinin işinin çox
olduğunu bildirir...
- Heyət
mübadiləsi olmuşdu, bizim ekspertlər də getmişdilər. Hətta görüşdə qəbul
olunacaq bəyanatın layihəsi də hazırlanmışdı. Türkiyə xarici işlər nazirinin
Nyu-Yorka səfəri olduğu üçün bu görüş təxirə salındı. Xarici işlər nazirlərinin
həqiqətən də işləri çoxdur.
- Bu
yaxınlarda Azərbaycan və İran xarici işlər nazirlərinin görüşü
gözlənilirmi?
- İki
ölkənin müştərək İqtisadi Komissiyasının iclasının keçirilməsi nəzərdə tutulub.
Hər iki tərəfdən xarici işlər nazirləri də bu tədbirə qatılacaqlar. Azərbaycan
tərəfdən iclasın tarixini gözləyirik. İnşallah, gələn ilin ilk aylarında bu
iclas keçiriləcək.
- İran
mətbuatında İsrail pilotsuz təyyarələrinin Azərbaycan ərazisindən qalxaraq
İranla bağlı kəşfiyyat işləri aparıldığı barədə məlumatlar dolaşır. Azərbaycan
dəfələrlə rəsmən bəyan edib ki, öz ərazisindən üçüncü dövlətlərin İrana qarşı
istifadə etməsinə yol verməyəcək. Azərbaycan bu mövqeyini dəfələrlə, çox açıq
şəkildə bəyan etsə də, İran mətbuatı İsrailin pilotsuz təyyarələri ilə bağlı
məsələni gündəmə gətirir, İran rəsmiləri isə bunu rəsmi səviyyədə təkzib
etmirlər...
-
Azərbaycanın öz ərazisindən üçüncü ölkələrin İrana qarşı istifadə etməsinə icazə
verməyəcəyi ilə bağlı bəyanatına tam inanırıq. İki ölkə arasında dostluq
münasibətlərini nəzərə alaraq düşünürük ki, Azərbaycan ərazisindən İrana heç
vaxt heç bir müdaxilə olmayacaq. Amma onu da deyim ki, İran əleyhinə olan üçüncü
ölkələrin hər bir hərəkətini tamamilə nəzarətdə saxlayırıq. İran ABŞ-ın iki
pilotsuz təyyarəsini endirərək, nəzarəti altına alıb. İndiyə qədər İsrailin hər
hansı pilotsuz təyyarəsinin Azərbaycan səmasından İran səmasına daxil olması,
casusluq fəaliyyəti aparması barədə əlimizdə hər hansı sənəd
yoxdur.
- Bunu
təmsilçisi olduğu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Ramin
Mehmanpərəstin də nəzərinə çatdırmanız mümkündürmü?
-
Düşünürəm ki, Ramin Mehmanpərəstin cavabı tamamilə qaneedici idi. Sadəcə, siz o
cavabın bir hissəsini dərc etmişdiniz, oxuyanda qane etmirdi. Amma Ramin
Mehmanpərəstin cavabına bütünlüklə baxılsa, insan qane olur. Ramin
Mehmanpərəstdən əlavə olaraq İranın müdafiə naziri, digər rəsmilərimiz
açıqlamalarında bildiriblər ki, bununla bağlı hər hansı sənəd yoxdur. İki
ölkənin münasibətlərinə mənfi təsir göstərməyə çalışan üçüncü qüvvələr, bir də
üçüncü ölkələrin mediaları var. Məsələn, bir neçə həftə əvvəl də “Sunday Times”
qəzeti yazmışdı ki, İsrail Azərbaycan vasitəsilə İrana hücum edəcək. Azərbaycan
Xarici İşlər Nazirliyinin mətbuat xidməti bunu təkzib etdi. İran-Azərbaycan
münasibətləri yaxşı məcrada inkişaf edən kimi belə xəbərlər yayırlar. Ona görə
də biz diqqətli olmalıyıq. Bu xəbərlərə rəğmən, İran ətrafında olan bütün hərbi
addımları tamam nəzarətdə saxlayır və tədbir də görəcək.
- Məhz
üçüncü mənbədən məlumatın götürülməməsi üçün biz Tehranda büromuzun açılması
üçün dəfələrlə müraciət etsək də, hələ nəticə yoxdu. Üçüncü ölkələrin
medialarının zaman-zaman Azərbaycan-İran münasibətləri ilə bağlı mənfi xəbərlər
yayması mümkündür, İran və Azərbaycan buna müdaxilə etmək imkanında deyil. Amma
İranda fəaliyyət göstərən “Səhər” telekanalı və daha bir neçə media qurumu var
ki, faktiki Azərbaycan Respublikasının müstəqilliyini və ərazi bütövlüyünü
tanımırlar...
-
İndiyə qədər eşitməmişəm və görməmişəm ki, məsələn, “Səhər” kanalı Azərbaycanın
suverenliyini şübhə altına alsın. Amma bunu qəbul edirəm ki, “Səhər” kanalının
bəzi xəbərləri və süjetləri Azərbaycan tərəfindən razılıqla qarşılanmır. Mən
görməmişəm və eşitməmişəm ki, “Səhər” kanalı Azərbaycanın ərazi bütövlüyü
haqqında hər hansı mövqe ortaya qoysun, belə məsələ olsa, biz etiraz edərik. Onu
da nəzərə alaq ki, Azərbaycan Respublikasında bəzilərinin İranın suverenliyinə
tərəddüdlə yanaşması adi hala çevrilib. DAK adlı qurum rəsmi tədbir keçirir və
orada da bəyan edilir ki, biz Cənubi Azərbaycan tanıyırıq, İran adlı ölkə
tanımırıq. Bu sözü deyən şəxs həm də Milli Məclisin üzvü, bir partiyanın
rəhbəridir. Bununla bağlı rəsmi bəyanat yayırlar. Yaxud inqilab əleyhinə olan
bir əks-inqilabçı... İran təhlükəsizlik orqanlarında onun “dosye”si var. Onu
gətirirlər bura, ağzını açır, nə cür istəyir, İran əleyhinə danışır.
Münasibətlərdə problem yaradan amillərdən biri elə belə şeylərdir. İranın
suverenliyi, ərazi bütövlüyü bir qırmızı xətt kimidir. Biz 8 il müharibə etdik
ki, torpaqlarımızın bir qarışı da işğal altında qalmasın. Səddam Hüseyn İrana
ərəblərin yaşadığı cənub və kürdlərin yaşadığı qərb istiqamətlərindən girdi. O
zaman bütün İran milləti, o cümlədən azərilər (İrandakı Azərbaycan türklərini
nəzərdə tutur-red.) bu müharibədə iştirak etdilər, vuruşdular, şəhid verdilər və
imkan vermədilər ki, bir qarış torpağımız işğal altında qalsın. Təəssüflər olsun
ki, Azərbaycandakı bəzi qurum və partiyalarda belə bir fikir var ki, İranda
ayrı-ayrı xalqlar yaşayır. Halbuki İranda müxtəlif xalqların birləşdiyi bir
millət yaşayır. Ayrı-ayrı xalqlar - azərilər, bəlluclar, ərəblər, kürdlər hamısı
bir millət yaradıb.
- Nədir o millətin adı?
- İran milləti. Bizdə xalqları ayırmaq məsələsi yoxdur. Onlar İranın
ərazi bütövlüyü ilə bağlı təhdidlərə qarşı birgə vuruşacaqlar. Bəzən görürsən
ki, mediada Fars körfəzinin adını başqa cür, qondarma sözlə əvəz edirlər. İran
buna etiraz edir, biz özümüzü bir millət
sayırıq.
- İran milləti ilə bağlı dedikləriniz Sovet dövrünü xatırlatdı. O
vaxt da “sovet xalqı” anlayışı vardı. Eyni aqibətlə üzləşməkdən narahat
deyilsiniz ki?
- Biz vahid millətik. İranda farslar, azərilər, digərləri elə
yaxındırlar ki, heç bir ayrılıq yoxdur. Bu ayrılığı bəziləri burada fikirlərdə
yaradıblar. Burada bəzi mediada, bəzi ekspertlər səviyyəsində hər şeyi
ayırırlar, İranda bunun heç bir mənası yoxdur. Sərhədləri də açıq qoymuşuq hamı
gəlib görsün ki, İranda belə söz-söhbətlər, ümumiyyətlə, mövcud deyil. Tehranın
özündə nə qədər azərilər, Azərbaycanda Tehrandan nə qədər adam yaşayır. Mən
Şiraz şəhərindənəm, amma ən yaxın dostlarım azərilərdir. İranda elə şey yoxdur.
Burada bəziləri xalqları ayırırlar ki, ayrı cür baxsınlar, bunun bizim üçün
bunun mənası yoxdur.
- Axı hər xalqın öz adı, dili var, necə ola bilər
ki...
- Biz xalqların mövcudluğunun əleyhinə deyilik ki?! Amma bütün bu
xalqlar bir çətirin altında – İslam və İran milləti adı birləşdirir. Ümid edirəm
ki, bu dediklərimin hamısını yazacaqsınız.
- ABŞ-ın Azərbaycandakı səfiri APA-ya müsahibəsində demişdi ki,
Azərbaycanın ABŞ və İran münasibətlərində vasitəçi olmasını istəyirlər. Bu
məsələyə münasibətiniz necədir?
- Məncə, İran-ABŞ münasibətlərində vasitəçiyə ehtiyac yoxdur.
Amerikalılar yanaşmalarını dəyişsinlər, danışıq və müzakirələr üçün yol
açılacaq. Nə qədər ki, ABŞ hamıya yuxarıdan aşağı baxır, istəyir ki, hamı ilə
belə münasibət qursun. İranla ABŞ münasibətləri bu halda heç vaxt düzəlməyəcək.
ABŞ yanaşmasını dəyişsin, iki bərabərhüquqlu dövlət və xalq kimi müzakirələr
getsin, problemlər həll olunacaq. Nə qədər ki, ABŞ düşmənçilik siyasəti yürüdür,
biz də onun qarşısında dayanacağıq.
- Siz işğala, işğalçılığa qarşı olduğunuzu deyirsiniz. Amma bu
regionda daha bir işğalçı var - Ermənistan! Və reallıq budur ki, İran həmişə
Ermənistanla yaxşı münasibətlər qurub, dost olub...
- Ermənistan bizim qonşumuzdur. Regionun təhlükəsizliyi çox
əhəmiyyətlidir və ayrı-ayrı vaxtlarda regionda sülhün bərqərar olması üçün çox
çalışmışıq. İstər Azərbaycan- Ermənistan, Dağlıq Qarabağ məsələsi, istər İraq
məsələsi olsun. Əgər hər iki ölkə ilə münasibətimiz olsa, regionda sülhün
bərqərar edilməsi üçün daha rahat çalışa bilərik. Bizim Ermənistanla
münasibətlərimiz normal qonşuluq münasibətlərdir və bu bizə Azərbaycanın haqlı
olduğunu deməyə mane olmur. İstər BMT səviyyəsində, istər xarici işlər naziri,
istərsə də digər rəsmilərimiz səviyyəsində Azərbaycanın haqqını, ərazi
bütövlüyünü tanıdığımızı və müdafiə etdiyimizi dəfələrlə
vurğulamışıq.
- İranın dini lideri Seyyid Əli Xameneyi fətva vermişdi ki, Qarabağ
kafirlər tərəfindən işğal olunub və hər bir müsəlmanın Qarabağ uğrunda cihada
qalxması vacibdir. Amma Siz “qonşumuzdu” deyirisiz...
- Ayrı-ayrı ölkələrlə münasibət qeyri-qanuni hərəkət deyil ki?! Biz
bütün dünya ölkələri ilə münasibət qurmaq istəyirik. Ola bilər ki, ölkələrin
içərisində çoxlarının bir-biri ilə problemləri olsun, amma biz onların hamısı
ilə münasibət qururuq. Məsələn, Hindistanla Pakistan arasında Kəşmir problemi
var, bir-birini günahkar, işğalçı sayırlar. Onların hər ikisi ilə münasibətimiz
var. İstəyirik ki, bu ölkələr arasında ixtilafı dostluğa çevirək, onları
əməkdaşlığa dəvət edək. Türkiyənin Suriya ilə problemləri var, onların hər ikisi
ilə normal münasibətimiz var. İstəyirik ki, onlar arasında problemləri,
ixtilafları azaldaq, həll edək. Fələstində FƏTH və HƏMAS arasında problemlər
var, bizim isə onların hər ikisi ilə münasibətlərimiz var. İstəyirik ki,
aralarındakı problem həll olunsun.
- Azərbaycanla Ermənistan arasında necə, vasitəçi olmaq
mümkündürmü?
- İran bir dəfə vasitəçilik təşəbbüsünü irəli sürmüşdü, yaxşı
müzakirələr oldu. Nəticəyə də çox yaxın idik. Azərbaycan və Ermənistan
dövlətləri ATƏT-in Minsk Qrupu formatını bəyəndilər. Biz də onların seçiminə
hörmətlə yanaşdıq və kənara çəkildik. Hərçənd o zaman da inanırdıq ki, Minsk
Qrupu bu məsələni həll edə bilməz. İndi də hamı bu nəticəyə gəlib. Minsk
Qrupunun həmsədri olan ölkələrdən ikisi bölgədən kənar ölkələrdir, onlar üçün
regionun təhlükəsizliyi heç bir əhəmiyyət daşımır. Maraqları da yoxdur ki,
çalışsınlar, həqiqətən bu problem həll olunsun. Onların özləri İraqda,
Əfqanıstanda problemlərə ilişiblər. Ona görə də bu əqidədəyik ki, Qarabağ
məsələsi elə region ölkələri vasitəsilə həll olunmalıdır. Bu, regional
münaqişədir və region ölkələri bu münaqişənin həlli üçün daha çox
çalışmalıdırlar. Əgər hər iki tərəf razılıq versə, İran vasitəçilik etməyə
hazırdır.
- Axı bir dəfə İranın vasitəçiliyi oldu, həmin vaxt da Şuşa işğal
edildi...
- Bu, tarixin təhrifidir, elə olmayıb. İran vasitəçilik edəndə
münaqişə başlamışdı. Münaqişə başlanandan, Şuşa şəhəri işğal ediləndən sonra biz
müzakirələrə başlamışdıq ki, vasitəçilik edək. Bir təklifim var və fikirləşirəm
ki, bu, insanların məlumatlandırılması üçün yaxşı olar. Təklif edirəm ki, hər
iki ölkənin tarixçi ekspertləri səviyyəsində toplantı keçirək. Bu toplantıda
media vasitəsilə yayılan bəzi tarixi şübhələrlə bağlı ekspertlər səviyyəsində
müzakirə aparılsın. Yoxsa üçüncü qüvvələrin əlində bəhanələr çox olur ki,
xalqları bir-birindən ayırsınlar.
-
Azərbaycan xalqının Türkiyəyə sevgisinin kökündə həm də o durur ki,
torpaqlarımız işğal ediləndə Türkiyə Ermənistanla sərhədləri bağladı və indiyə
qədər də bu siyasətinə sadiqdir. Bəzən İran rəsmiləri deyirlər ki, Türkiyədən
Ermənistana təyyarə, başqa yollarla yüklər daşınır, amma fakt budur ki, hələ də
sərhədlər bağlıdır. Ancaq İranın o dövrdə də Ermənistanla sərhədləri açıq idi,
hətta Ermənistanın sabiq prezidenti İran yolunun Ermənistan üçün o dövrdə “həyat
yolu” olduğunu bəyan etmişdi. O yolla gətirilən yanacaqdan yəqin ki, Qarabağda
erməni tankları, İrandan gətirilən ərzaqdan Qarabağı işğal etmək üçün gələn
erməni əsgərləri də istifadə edirdilər. Siz indi Bakıdan İran-Ermənistan
münasibətlərinə baxanda da Azərbaycan xalqının incikliyini görür və
anlayırsınızmı?
- Sizin
dediyiniz sözlərin heç birini düzgün saymıram. Ona görə də dedim ki, ekspertlər
səviyyəsində otursunlar, tarixi məsələləri müzakirə edib ortaya qoysunlar. Mən
bir diplomat kimi indi onları ortaya qoya bilmərəm. Bunları tarix üzrə
ekspertlər araşdırmalıdırlar. Amma mən sizin sualınızla bağlı deyə bilərəm ki,
qeyd etdikləriniz elə olmayıb, tam tərsinə olub. Ekspertlər, tarixçilər
otursunlar, bu məsələlər barədə müzakirə aparıb hər şeyi şəffaf ortaya
qoysunlar.
-
Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsinə dair məsələ nə
yerdədir?
-
Xəzərin statusu çox mürəkkəb məsələdir. Hər bir Xəzəryanı ölkə öz marağını bu
statusda tam əks etdirməyə çalışır. İranın bu məsələdə prinsipial mövqeyi ondan
ibarətdir ki, Xəzər qeyri-hərbi, sülh və dostluq dənizi olsun, kənar ölkələrin
bu dənizə heç bir dəxli olmasın. Hər bir Xəzəryanı ölkə də maraqlarını təmin
etsin. Bu istiqamətdə müzakirələr davam edir və indiyə qədər bir çox məsələlərdə
fikir ayrılıqları aradan götürülüb.
-
Bununla bağlı növbəti görüş nə vaxt gözlənilir?
-
Tərəflər çalışırlar ki, növbəti görüşün vaxtını təyin
etsinlər.