“Rusiya və Azərbaycanı dövlət suverenliyi, milli təhlükəsizlik və adət-ənənələrin qorunması birləşdirir”.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu “Parlamentskaya qazeta”da keçirilən “Azərbaycanda birinci Avropa oyunları. Siyasi aspekt” adlı dəyirmi masada çıxış edən Rusiya Dövlət Dumasının deputatı, Elm və texnologiya komitəsinin sədr müavini Axmet Erkenov deyib.
O bildirib ki, Avropa Oyunlarının keçirilməsi ənənəsi davam etsə də, insanlar hər zaman birinci Avropa Oyunlarını xatırlayacaqlar:
“Əminəm ki, Avropa oyunları təkcə idman deyil, dünyəvi məna daşıyır. Tikilən otellər, idman kompleksləri iqtisadiyyatı inkişaf etdirir”.
A. Erkenov Avropa Oyunlarının açılış mərasimində təkcə Rusiya prezidentinin deyil, 20-yə yaxın dövlət başçısının iştirak etdiyini xatırladıb.
Avropa Oyunlarındakı Rusiya parlament nümayəndə heyətinin koordinatoru Darya Qrevtsova isə bu yarışların sayəsində Azərbaycanın turizmlə bağlı qarşısına qoyduğu məqsədə çatdığına əmin olduğunu söyləyib.