“Bizim Ramazan ayında görüşlərimiz ənənəvi xarakter daşıyır. Xahiş edirəm ki, mənim səmimi salamlarımı və xoş arzularımı təmsil etdiyiniz ölkələrin dövlət və hökumət başçılarına çatdırasınız. Sizin təmsil etdiyiniz ölkələrlə Azərbaycanın sıx əlaqələri var, biz ikitərəfli formatda gözəl əməkdaşlıq edirik və bu əməkdaşlıq günü-gündən dərinləşir ”.
APA-nın məlumatına görə, bunu Azərbaycan prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirləri ilə görüşündə deyib.
Dövlət başçısı bildirib ki, Azərbaycan müsəlman ölkələri ilə siyasi, iqtisadi və mədəni əlaqələrin daha da inkişaf etməsində maraqlıdır:
“Eyni zamanda beynəlxalq təşkilatlar çərçivəsində biz uğurla əməkdaşlıq edir, bir-birimizi dəstəkləyirik. Xüsusən BMT və İslam Əməkdaşlıq Təşkilatında əməkdaşlığımız yüksək səviyyədədir. Son vaxtlar İslam Əməkdaşlıq Təşkilatı ilə əlaqələrimiz daha da inkişaf edir. Aprel və may aylarında Ciddədə və Bakıda mənim İslam Əməkdaşlıq Təşkilatının baş katibi ilə görüşlərim olub. İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanın uğurlu inkişafını qeyd edir, Azərbaycanda gedən işlərə çox yüksək qiymət verir.
Biz də təşkilatın fəal üzvü kimi çalışırıq ki, ölkələr arasındakı həmrəyliyi daha da gücləndirək. Ümumiyyətlə, Azərbaycanın mövqeyi belədir ki, islam həmrəyliyi daha da möhkəmlənməli, müsəlman ölkələri bir-birinə daha böyük səviyyədə dəstək verməlidir. Xüsusilə ölkələrimizi narahat edən məsələlərdə bu dəstəyə daha böyük ehtiyac var. Biz bu dəstəyi görürük. Xüsusən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində Azərbaycanın mövqeyi müsəlman ölkələri tərəfindən dəstəklənir.
BMT-də müsəlman ölkələrinin mütləq əksəriyyəti bizim mövqeyimizi dəstəkləyir, İslam Əməkdaşlıq Təşkilatı isə dəfələrlə münaqişə ilə bağlı reallığı, ədaləti, beynəlxalq hüququ və Azərbaycanın mövqeyini əks etdirən qətnamələr qəbul edib. Bu dəstəyə görə təşkilata üzv olan ölkələrə bir daha təşəkkürümü bildirmək istəyirəm”.