Jurnalist Rasim Əliyevin ölümünə görə həbs edilən "Qəbələ” futbol klubunun kapitanı Cavid Hüseynovun zaminə buraxılması ilə bağlı bir qrup media təmsilçisi Azərbaycan Prezidenti İlham Əliyevə və Baş Prokuror Zakir Qaralova müraciət edib.
Müraciətə imza atanlar arasında "Ədalət” qəzetinin təsisçisi, millət vəkili Aqil Abbasın da adı qeyd olunub.
Millət vəkili Aqil Abbas məsələyə aydınlıq gətirib. Qeyd edib ki, belə bir müraciətə imza atmayıb:
"Mənə futbolçu Cavid Hüseynovla bağlı müraciət olundu. Mən də onlara bildirdim ki, müraciətinizi aparın "Ədalət"qəzetinə təqdim edin. Məsləhət bilsələr çap edərlər”.
A.Abbas deyir ki, hazırda məsələ hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. Belə bir məqamda bu kimi müraciətlərə imza atmaq hüquqi cəhətdən düzgün deyil:
"Millət vəkili kimi çox gözəl bilirəm ki, istintaqı aparılan hər hansı bir işlə bağlı olan müraciətə imza atmaq bu işə müdaxilə etmək deməkdir. Bizdə isə istintaq və məhkəmə sistemi tam müstəqildir. Onların fəaliyyətinə təsir göstərməyə heç kimin haqqı çatmaz. Həmin müraciəti çap etdirsələr, görərlər ki, orda mənim imzam yoxdur".