"Uzun zaman gömrük orqanlarında çalışan Belarusun Ermənistandakı səfiri İqor Nazaruk ya diplomat kimi naşılığından, ya da özünə və ermənilərə bəlli olan hansısa səbəbdənsə Qarabağla bağlı həddini aşan fikirlər səsləndirib".
Bu sözləri Milli Məclisin deputatı Sahib Alıyev deyib. Onun sözlərinə görə, Nazarukun fikirlərindən belə nəticə çıxır ki, əgər Qarabağ uğrunda savaş başlasa ölkəsi işğalçı Ermənistanın yanında yer alacaq:
"Ümid edirəm ki, Azərbaycanın Xarici İşlər Nazirliyi bizim dost gözündə gördüyümüz və bunun üçün gərəkən nə lazımdırsa etdiyimiz Belarusa Ermənistana yeni təyin olunmuş səfirinin Qarabağla bağlı dediklərinin yolverilməz olduğunu bildirəcək və məsələyə aydınlıq gətirilməsini tələb edəcək. Ona da ümid edirəm ki, gec də olsa Belarus rəhbərliyi səfir göndərdikləri adamdan soruşacaq ki, Qarabağ uğrunda savaş başlasa onlar, hansı əsasla Ermənistanın tərəfində vuruşmalıdırlar? Yəqin ki, Nazaruka başa salınacaq ki, bir də Qarabağdan danışanda prezident Lukaşenkonun Azərbaycana etdiyi minnətdarlıqları xatırlasın.
"Belarusun müstəqilliyi və suverenliyinin qorunmasında əvəzsiz xidmət göstərən" ölkə kimi Lukaşenko Ermənistanın yox, Azərbaycanın adını çəkib. Rusiya küncə dirəyəndə Moskvadakıların qıcıqlanmasına baxmayaraq Belarusa 200 milyon dollar krediti Azərbaycan verib, Ermənistan yox. "Mən özəlliklə Azərbaycan və Gürcüstan prezidentlərinə təşəkkür edirəm. Onlar bizi Avropada ən aktiv müdafiə edən insanlardır". Bu sözləri də Aleksandr Lukaşenko Sarkisyana deyil, Azərbaycan Prezidenti İlham Əliyev haqqında deyib".
Qeyd edək ki, belaruslu səfir erməni mətbuatına müsahibəsində Ermənistanın Qarabağ münaqişəsində tək qalmayacağını, ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı üzrə tərəfdaşlarının, dostlarının və qardaşlarının əhatəsində olduğunu bildirib.
Ceyhun ABASOV