|
|
|
|
Ötən gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə "Azərbaycan multikulturalizminə səyahət" layihəsi çərçivəsində ölkəmizdə səfərdə olan ABŞ-ın Sinay Məbədinin nümayəndə heyəti ilə görüşüb.
Mərasimi açan Allahşükür Paşazadə öncə Misirdə Rusiyaya məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxlu sayda insanın vəfatından kədərləndiyini bildirib, onların xatirəsinə rəhmət diləyib. A. Paşazadə hadisədən sarsıldığını bildirərək tədbirdə iştirak edən müsəlman, yəhudi və xristianları ayağa qalxaraq onları öz dini inanclarına uyğun dua etməyə çağırıb.
Şeyxülislam bildirib ki, Azərbaycanda nümunəvi dövlət-din münasibətləri var: "Azərbaycan özünün çoxəsrlik tolerantlıq ənənələri ilə bütün dünyada multikulturalizm mərkəzi kimi tanınır. Burada təkcə dinlər arasında deyil, həm də məzhəblər arasında yaxınlıq, qarşılıqlı anlaşma və dostluq münasibətləri mövcuddur. Bu da dövlətin dinə olan münasibətindən irəli gəlir. Ulu öndər Heydər Əliyevin Azərbaycanda dinlərarası və millətlərarası münasibətlər sahəsində tətbiq etdiyi tolerantlıq ənənələr bu gün də yaşayır və cənab prezident İlham Əliyev tərəfindən məqsədyönlü şəkildə davam etdirilir. Hazırda multikulturalizm Azərbaycan siyasətinin prioritet istiqamətlərindən biridir. Azərbaycanda müstəqillik illərində yeni məscidlər tikilib, sinaqoq və kilsələr bərpa olunub. Kənardan gələnlər üçün bəlkə də inandırıcı olmaya bilər, amma Azərbaycan indiyədək hələ heç bir din, heç bir məzhəb arasında təfriqə olmayıb və olmayacaq".
Sinay Məbədinin ravvini David Volpe Şeyxülislamı Azərbaycanda yaşa yan bütün dinlərin nümayəndələrinin dostu adlandırıb.
Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev Azərbaycandakı sinaqoqa Tövratın hədiyyə olunmasını xeyir-bərəkət gətirən bayram kimi xarakterizə edib, buna görə Sinay Məbədinin rəhbərliyinə bir daha təşəkkür edib. İcma rəhbəri bildirib ki, yəhudilər və digər xalqlar uzun əsrlərdir Azərbaycanda dostluq və qardaşlıq şəraitində yaşayırlar.
Rus Pravoslav kilsəsinin Bakı-Azərbaycan yeparxiyasının başçısı Aleksandr Ata tolerantlıq dəyərinin önəmindən bəhs edib: "Azərbaycanda tolerantlıq, multikulturalizm ənənələri özünü həm müxtəlif dinlərin və konfessiyaların, həm də müxtəlif xalqların bir yerdə əsrlərdir dinc, yanaşı yaşamasında özünü göstərir".
Tədbirdə çıxış edən qonaqlar bu səfər çərçivəsində Azərbaycan multikulturalizmi ilə əyani tanışlıqdan məmnunluqlarını ifadə ediblər.
S. ABDULLAYEVA