Salam, əsgər!
Əlbəttə, Vətəni çağırışla sevməzlər. Elə buna görə də mən sənə öz məktubumda ulu tarixin ibrətamiz bir faktını xatırlatmaq qərarına gəldim.
Belə deyirlər ki, Makedoniyalı İskəndərin qoşunları ölkələri fəth edə-edə balaca bir məmləkət olan Əfqanıstana gəlib çıxır. Əfqanlar öz doğma torpaqlarının müdafiəsi uğrunda qəhrəmancasına vuruşub yadellilərə layiqincə müqavimət göstərirlər. Yerli xalqın bu inadlı müqavimətini döyüşlə qıra bilməyəcəklərini görən qəsbkarlar əfqanları uzun müddət mühasirədə saxlayırlar. Aclıq, susuzluq, axır ki, mühasirədəkiləri üzüb əldən salır. İskəndərin qoşunları əfqan torpağına soxulur. Lakin böyük sərkərdə başa düşür ki, bu əsl qələbə deyil. O hələ bu torpağı işğal edə bilməyib... Əfqan döyüşçülərinə qalib gələn onun əsgərləri yox, aclıq-susuzluq olub. Və belə igid xalq gec-tez öz torpaqlarının düşmən tapdağından azad edilməsi uğrunda ayağa qalxacaq. Ona görə də onların mübarizə əzmini qırmaq üçün qoşun başçılarını, ətrafında olan müdrik filosofları məsləhətə yığır...
Hərə bir söz deyir, bir təklif verir. Kimisi bütün əli silah tutan cavanları qılıncdan keçirməyi, kimisi qocalı-cavanlı bütün kişiləri qırıb məhv etməyi məsləhət görür...
Lap axırda İskəndərin müəllimi, müdriklər ustadı Aristotel söz alıb ayağa qalxır. Hamı səbrsizliklə o böyük müdrikin nə deyəcəyini gözləyir və Aristotel də heç kəsin gözləmədiyi bir məsləhət verir...
- Hökmdar sağ olsun,- deyir,- əlimizi qana batırmağa lüzum yoxdur. Əgər biz bu torpağı birdəfəlik işğal etmək istəyiriksə, gəlin yerli xalqı xırda alverə, ticarətə öyrədək. Əgər bunu edə bilsək, beləcə alış-verişə başı qarışan xalq daha öz torpağının, Vətəninin işğaldan azadlığı, müdafiəsi haqqında düşünməz... Hərənin düşündüyü öz cibini qorumaq olar...
Əsgər!
Mən səni tarixi faktları sadalamaqla yormaq istəmirəm. Ancaq yadıma düşmüşkən, qoy tarixdən bir yarpağı da yadına salım: Qədim İran hökmdarlarından biri döyüşdə afinalılar tərəfindən məğlub olur. Hökmdar qorxur ki, özünə gəlib qüvvə toplayana kimi bu məğlubiyyətin intiqamını düşməndən almağı unudar.
Hökmdar əyanlarına göstəriş verir və...
Şahənşah hər gün süfrə arxasına keçən zaman əyanlar içəri girib səs-səsə verirlər: "Əlahəzrət, afinalıları yaddan çıxartmayın!"
Hökmdarın intiqam hissi coşub-daşar, tikəsi boğazında qalarmış.
Əsgər! Yaddaşımızı gərək elə özümüz oyadaq.
Şabran
Yazı Səfərbərvərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin "Əsgərə məktublar" adlı müsabiqəsinə təqdim olunur.