|
|
|
|
ŞƏHİDİN DƏFNİ
...Gözün aydın,
üzü soyuq,
üzü boz
Ana torpaq,
Torpaq ana!
Gözün aydın, sevin-sevin,
Səni ana qucağından,
daha doğma, isti bilən
Bir oğlun gəlir qoynuna.
Sevin, Torpaq, gözün aydın,
Heç diksinmə,
Vulkan olub da püskürmə,
Böyütdüyün öz oğlundur,
Çox da bu yaşda
Torpaq üstdə gəzib dolaşıb,
Bəlkə tapmayıb axtardığını.
Gözləri dolana-dolana
"uf" demədən
Gəlir sənin qucağına.
Aldın oğlunu qoynuna,
Daha sevin, torpaq ana,
Dünyaya gələn övladını
heç bir ana sənin kimi
beləcə basmazdı bağrına.
2020
BÜKÜLSÜN TABUTUM BAYRAĞA...
...Ölüm haqdır,
Haqdır ölüm...
Gec-tezi var,
əvvəl-axır gələr o gün,
döyülər, qapım döyülər...
nə yalvarış, xahiş-minnət
kara yetməz, dada çatmaz,
yazılanlar heç pozulmaz...
Qismət eylə, Tanrım, qismət...
Bükülsün tabutum bayrağa,
Çiyinlərdəki o tabutdan
əllərində bayraq tutmuş
əsgərlər düşsün qabağa...
Qismət eylə, Tanrım, qismət,
Qoy boyanım al qanıma.
Gərək deyil sidr-kafər,
nə mürdəşir,
Qanım damsın, damcılasın
Qoy daşıma, torpağıma.
Qismət eylə, Tanrım, qismət,
Arzum gözümdə qalmasın,
Cismim yerə gömülsə də,
Ruhum göylərdə dolaşsın...
2023
NEYLƏYİM, AMAN, NEYLƏYİM...
Yüklə dolu gələn gəmi,
Çatıbdır ayrılıq dəmi.
Kimə satım dərdi-qəmi,
Neyləyim, aman, neyləyim?
Durnaların səfi qırıq,
Çevrəmə çəkilib cızıq,
Bəs mən fağır, bəs mən yazıq,
Neyləyim, aman, neyləyim?
Hər bir işin öz çəmi var,
Gülənin də min qəmi var.
Dövranın çox çəm-xəmi var,
Neyləyim, aman, neyləyim?
lll
...Gedir əldən din-imanım,
Halıma da yox yananım.
Canım qızmır, qızmır canım,
Bəlkə cəhənnəmdə qızar.
Üşüyənlər çoxdur hələ,
Ömrü-günü verdik yelə.
Yaşayırıq elə-belə,
Yel vurub yengələr oynar.
Üstümdə qat-qat yorğanım,
Başımda çənim, dumanım.
Deyib gülən, oynayanım,
Dərdimi bəs kimlər qovar?
QARĞIŞ
...Qarğışdan uzağam, uzaq,
Mənimki dua-sənadı,
alqış etməkdi, alqış...
ancaq di gəl,
dözə bilmirəm daha.
Ürəyi daş olanların
daşlar yağsın qoy başına.
Göz yaşına gülənlərin
haqdan kəsilsin,
qəhqəhələri, gülüşləri.
Dedi-qodu, qeybət, yalan,
İftira, şər, quru böhtan...
Dillərinə gələnlərin
Qoy lal olsun dilləri...
Xoş sözə kar olanların
qoy tutulsun qulaqları...
...pis adamın qoy dili lal,
qulağı kar,
gözləri kor
Olsun, olsun...
Açılmasın!
Amin, amin!