Prezident İlham Əliyevin verdiyi tövsiyələrə uyğun olaraq, vergilər naziri Fazil Məmmədov fevralın 12-də İsmayıllı şəhərində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Görüşdə çıxış edən vergilər naziri Fazil Məmmədov dünyada baş verən proseslər, enerji və maliyyə bazarlarında yaranmış iqtisadi vəziyyət, bunun ölkəmizə təsirləri barədə danışıb, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkənin büdcə gəlirlərinin neftdən asılılığının azaldılması, qeyri-neft sektorunun inkişafının təmin edilməsi, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində apardığı işlər və atdığı qətiyyətli addımlar nəticəsində bütün dünyanı bürümüş qlobal böhranının Azərbaycan iqtisadiyyatına təsirinin minimallaşdırılmasına nail olunduğunu vurğulayıb.
F.Məmmədov qeyd edib ki, bu gün Azərbaycan beynəlxalq aləmdə uğurla inkişaf etməkdə olan bir ölkə kimi qəbul edilir.
F.Məmmədov iqtisadi inkişaf dinamikasının saxlanması, yerli istehsalın dəstəklənməsi, sahibkarlığa geniş dövlət dəstəyinin göstərilməsi, vətəndaşların sosial rifahının yaxşılaşdırılması, əhalinin yaranmış yeni iqtisadi vəziyyətdən zərər çəkməməsi üçün Azərbaycan hökuməti tərəfindən atılan addımlar barədə görüş iştirakçılarına geniş məlumat verərək, mövcud iş yerlərinin ixtisarına yol verilməməsinin və yeni iş yerlərinin yaradılmasının qarşıda duran ən mühüm vəzifələrdən olduğunu bildirib.
Açıq dialoq şəraitində keçən görüşdə F.Məmmədov ölkə Prezidenti tərəfindən 2016-cı ildə iqtisadi şaxələndirmə, regional inkişaf, qeyri-neft sektorunun inkişafının prioritet istiqamətlər kimi müəyyənləşdirildiyini görüş iştirakçılarının nəzərinə çatdırıb. Bildirilib ki, Azərbaycan hökumətinin məqsədi ölkədə sahibkarlığın inkişafı, qeyri-neft sektorunun ümumi daxili məhsulda və büdcə daxilolmalarında payının artırılmasına, sahibkarlıq fəaliyyətində canlanmaya nail olmaqdır. Bu mənada 2016-cı ildə regionlarda sahibkarlığın inkişafına xüsusi önəm veriləcək.
F.Məmmədov yerli sahibkarlara müraciət edərək onları öz fəaliyyətlərini genişləndirməyə, rayonun potensialından maksimum istifadə etməyə, yerli istehsalla bağlı layihələrə sərmayə yatırmağa çağırıb. Qeyd olunub ki, İsmayıllı rayonunda kənd təsərrüfatı və turizmin daha da sürətlə inkişaf etməsi üçün böyük potensial vardır. Rayonda iqtisadi inkişafı təmin etmək, yerli gəlirləri artırmaq istiqamətində işlər görülür. Bununla belə, İsmayıllının perspektiv inkişafını sürətləndirəcək layihələrin həyata keçirilməsi zəruridir. Rayonda müasir sənaye müəssisələrinin, yeni sahibkarlıq subyektlərinin açılması, investorların cəlb edilməsi, yeni iş yerlərinin yaradılması istiqamətində səyləri artırmaq lazımdır.
Nazir 2015-ci ildə rayonda 720 yeni iş yerinin, o cümlədən 495 daimi iş yerinin açıldığını, 2016-cı ildə rayonun Qalınçaq kəndində illik istehsal gücü 1000 ton olan quşçuluq fabrikinin, Diyallı kəndində ölkəmizdə ilk velosiped zavodunun, Xanagah kəndində inşaat materialları zavodunun, İsmayıllı şəhərində tikiləcək kartof-çipsi istehsalı müəssisəsinin inşasının başa çatdırılacağının təqdirəlayiq olduğunu vurğulayıb.
İsmayıllının böyük taxılçılıq rayonu hesab olunduğunu vurğulayan F.Məmmədov rayon üzrə məhsul istehsalının əvvəlki illə müqayisədə 20 faizdək artaraq 100 min tondan yuxarı olmasını müsbət qiymətləndirib. İsmayıllının tarixən böyük üzümçülük ənənələrinə malik olduğunu xatırladan nazir bu sahənin böyük gəlir gətirən və əmək tutumlu sahə hesab olunduğunu, onun inkişaf etdirilməsinin rayon iqtisadiyyatına böyük gəlirlər gətirəcəyini və yeni iş yerləri yaradacağını qeyd edib. F.Məmmədov hazırda ümumi sahəsi 1000 hektara yaxın olan üzüm plantasiyalarının gələcəkdə genişləndirilməsi, onunla bağlı emal sənayesinin inkişafına nail olunması, mövcud istehsal güclərinin, xüsusilə də ixrac potensialının artırılmasının zəruri olduğunu vurğulayıb.
İsmayıllının Azərbaycanın əsas turizm istiqamətlərinə daxil olan bölgələri sırasında olduğunu diqqətə çatdıran F.Məmmədov bu sahədə rayonun böyük potensiala malik olduğunu, turizmin dağ gəzintisi, ekoloji turizm, tarixi turizm, ailə turizmi kimi sahələrinin inkişafına sərmayə cəlb edilməsi istiqamətində səyləri artırmağın vacibliyini vurğulayıb.
F.Məmmədov yerli icra hakimiyyətini və bələdiyyələri sahibkarlarla partnyorluq münasibətlərini dərinləşdirməyə, sahibkarlara hərtərəfli yardım göstərməyə, sahibkarları isə öz növbəsində yeni iş yerləri yaratmağa, istehsal sahələrini genişləndirməyə, bütün bunlarla yanaşı fəaliyyət göstərdikləri bölgələrdə öz sosial məsuliyyətlərini də hiss etməyə çağırıb.
Vergilər naziri Fazil Məmmədov görüşdə səslənən bütün müraciət və təkliflərin nəzərə alınacağını bildirib.