Təhsil Problemləri İnstitutunda “İstedadlı uşaqların harmonik inkişafı məsələləri” mövzusunda seminar keçirilib.
İnstitutdan verilən məlumata görə, seminar-müzakirədə TPİ-nin rəhbər və elmi heyəti, Təhsil Nazirliyinin nümayəndələri, məktəbəqədər, ümumtəhsil, peşə, orta ixtisas, ali və əlavə təhsil müəssisələrinin nümayəndələri, respublikanın müxtəlif istiqamətlərindən seminara qatılan metodbirləşmə üzvləri, müəllim və xüsusi istedadlı şagirdlər üçün təhsil müəssisələrinin pedaqoji heyəti iştirak edib.
ARTPİ-nin direktoru, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov bildirib ki, hafizə yönümlü təhsildən təfəkkür yönümlü təhsilə keçid istedadların üzə çıxarılması istiqamətində müsbət rol oynayacaq. Bu baxımdan təlim tədris prosesində standartların reallaşdırılmasına xüsusi diqqət yetirilməlidir.
Onun sözlərinə görə, müasir dövrdə istedad və yaradıcılıq potensialı hər bir cəmiyyətin milli sərvəti, onun gələcək inkişafını şərtləndirən strateji potensialıdır. Ölkə prezidenti tərəfindən təsdiq edilmiş “Xüsusi istedada malik uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)” mühüm bir addım olub.
Sonra ARTPİ-nin İstedadlı Uşaqlarla İş şöbəsinin müdiri Elxan Bəylərovun “İstedadlı uşaqların harmonik inkişafı məsələləri” mövzusunda elektron təqdimat-məruzəsi dinlənilib.
Seminarda qeyd olunub ki, ARTPİ-də bu məsələ ilə əlaqədar Elmi-praktik konfrans keçiriləcək.
Vəfa MƏMMƏDLİ