Şiə məzhəbinə tapınan müsəlmanların müqəddəs şəhəri – Məşhəd. Rəvayətə görə, səkkizinci imam sayılan İmam Rza 818-ci ildə bu şəhərdə zəhərlənərək öldürülüb. Onun məqbərəsi - İmam Rza hərəmi şiələrin əsas ziyarətgah yerlərindən biridir.
Dini bayramlarda Məşhədə gələn, İmam Rza hərəmini ziyarət edənlərin sayı daha çox olur. Bu vaxtlar Məşhəd əhalisinin sayı təqribən 2 dəfə artır.
Məşhəd sözünün mənası - Məşhəd əl-Rza, yəni “Rzanın şəhid edildiyi yer” deməkdir. Buna qədər şəhərin adı Tus və Sinabad olub. İmam Rzanın məzarının yerləşdiyi bu yerə hərəm deyilir, IX əsrin sonlarına yaxın qəbrin üzərində günbəz tikilib və ətrafında çox sayda tikililər meydana gəlib.
Əsrlər boyu bu məkan dəfələrlə dağıdılıb və yenidən inşa edilib. Kompleksin daxilində muzey, kitabxana, məzarlıq, məscid və mədrəsə fəaliyyət göstərir. Bu gün hərəm və içindəki muzey İranın ən geniş mədəni və incəsənət sərvətini, xüsusən əlyazma kitablar və rəsm əsərlərini özündə cəmləşdirir.
Məşhəd dini əhəmiyyətinə görə ziyarət məkanıdır. Belə bir deyim var: “Varlı Məkkəyə, kasıb Məşhədə gedər”. Məkkəni ziyarət edənlərə “Hacı”, Məşhəddə İmam Rza hərəmini ziyarət edənlərə “Məşhədi” deyilir. Həmçinin şəhər əhalisi də “Məşhədi” deyərək çağırılır. Hesablamalara görə, hər il Məşhədə 20 milyondan çox ziyarətçi gəlir. Ümumiyyətlə, bu məkan Cəfəri təriqətinə tapınan müsəlmanlar üçün İranda ən müqəddəs məkan sayılır və bəzən dünya üzrə 3-cü ən böyük şiə hərəmi hesab edilir.
Teymurun oğlu Şahruxun arvadı Gövhərşad bəyim Məşhəd şəhərində, İmam Rzanın (ə) hərəminin yanında möhtəşəm məscid tikdirib, hərəmdə bəzi təmir və genişləndirmə işləri aparıb. Hərəmin əsas inkişaf dövrü Səfəvi dövrünə təsadüf edir. Bu dövr şəhərin dirçəliş dövrü hesab olunur. Hərəm kompleksdə inqilabdan öncə iki qızıl minarə olub. Onlardan birini I Şah Abbas Səfəvi, digərini isə Nadir şah tikdirib. Şah Abbas Hərəmdə minarə tikdirməklə yanaşı, onun ətrafında abadlıq işləri aparıb. Nadir şah Əfşar da Məşhəd şəhərinə xüsusi qayğı göstərib. Onun hakimiyyəti dövründə Məşhəd şəhərinə paytaxt statusu verilib.
İnqilabdan sonra isə Hərəmə iki qızıl minarə də əlavə olunub. Hazırda burada daha altı minarə tikilməkdədir.
Əmir Teymur zamanında şahın gəlişini bəyan etmək üçün İmam Rza hərəmində tikililərin üzərində təbil, şeypur çalınarmış. Bu ənənə indi də qalıb. Sübh namazından sonra və bayram namazında bu mənzərə təkrar olunur.
İmam Rza Hərəminə bir neçə muzey, məktəb, fabrik, zavod, tikinti şirkəti, istehsal müəssisələri daxildir. Hərəmi hətta kiçik şəhər də hesab etmək olar.
Maraqlı eksponatları ilə ziyarətçilərin marağına səbəb olan yerlərdən biri İmam Rza muzeyidir. Ayətullah Əli Xameneiyə verilən hədiyyələr bu muzeyə göndərilir. Eksponatların əksəriyyəti müasir dövrün nümunələridir.
Kompleksdə Quran muzeyi də yerləşir. Muzeydə müxtəlif dövrlərə aid Quran nümunələri saxlanılır. Burada ən qədim əlyazma İmam Əli zamandan qalan Quran hesab olunur. Bu Quran 1400 il bundan əvvəl hazırlanıb. Muzeydə buğda küləşindən hazırlanmış əsərlər də qorunur.
Səfəvi şahı I Şah Abbas İmam Rzanın hərəminə bir neçə Quran hədiyyə edib. Onlardan biri 1600-cü ildə hədiyyə edilmiş bu Qurandır. Bu Quran kufi xətti ilə yazılıb.
Burada Cağatay türkcəsində yazılmış, Səfəvilər və Qacarlar dövrünə aid Quranlar da var. Dəri üzərində yazılmış Quran nüsxələri 400-500 il əvvələ məxsusdur. Hətta Əmir Teymurun nəvəsinə məxsus olan, dünyanın ən böyük Quran vərəqləri də burada saxlanır. Ümumilikdə muzeydə saxlanan Quran nümunələrinin böyük əksəriyyəti I Şah Abbas dövrünə aiddir.
İmam Rza hərəmində yerləşən Xalça Muzeyində isə yaşı 1000-dən çox olan xalça nümunələri nümayiş olunur. Ən qədim xalçalardan biri də I Şah Abbasın hərəmə bağışladığı xalçadır. 400 il bundan əvvəl hədiyyə edilmiş bu xalçanı “Əfşanı Şah Abbas” adlandırırlar. Yəni Şah Abbasın əfşanı. Xalçanın toxunmasında gümüşdən istifadə olunub. Xalçanın yarpaqları və digər bəzi hissələri gümüş və ipək qarışığı ilə işlənib deyə onların üzərində başqa naxışlar yoxdur. Gümüşdən istifadə olunduğuna görə bu, Güləbətin işləməsi sayılır. Xalça Təbriz xalçaçılıq məktəbinə aid olan Əfşan kompozisiyası ilə işlənib. İlmələrin rəngləri bitki mənşəli boyalardan alınıb. “Əfşanı Şah Abbas” xalçası əvvəllər hərəmdə yerə sərilib, istifadə olunub, amma ötən 4 əsrdə rəngi və keyfiyyəti zərrə qədər dəyişməyib.
Bu xalça isə Heydər Əliyev tərəfindən 20 il öncə Ayətullah Xameneiyə - İranın ali dini liderinə hədiyyə olunub. Xalçanın rəssamı Kamil Əliyevdir.