Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə mayın 11-i Şuşa şəhərində Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalının açılışı olub.
Şuşa şəhəri ilə yanaşı, həm də Laçın şəhərində keçirilən festival mayın 13-dək davam edib.
Xarıbülbül Beynəlxalq Musiqi Festivalının Şuşada keçirilməsi bir daha bu diyarın milli mədəniyyətimizin mərkəzi, poeziyamızın və musiqimizin beşiyi olduğunu göstərir. Şuşa tanınmış incəsənət xadimlərinin vətəni hesab edilir.
Onun hər bir qarışında görkəmli şəxsiyyətlərimizin izləri var. Şuşanın Güllü bağı da Xan Şuşinskidən bəri bir çox məşhur ifaçıların bir araya gəldiyi, musiqi sənətindən bəhs etdiyi məskənlərdən biri olub.
Tarixi ənənə bu gün də davam edir.
"Xarıbülbül" Beynəlxalq Musiqi Festivalı ərəfəsində Ağcəbədi musiqi məktəbinin yetirməsi, tar həvəskarı, gənc Məcid Məmmədov da məhz bu bağda əyləşib tarını ifa edərkən bağda olan Xalq artisti, tarzən Ramiz Quliyevin diqqətini çəkib.
Ənənəyə sadiq qalaraq Xalq artisti Güllü bağda gənc tar həvəskarına ustad dərsi keçib və öz dəyərli məsləhətlərini verib.
Ustad dərsindən görüntüləri “525-ci kanal” təqdim edir.
Nigar Abbasova