Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Azərbaycan Ordusuna dəstək tədbiri keçirilib.
Tədbir son günlərdə baş verən döyüşlərdə şəhid olan qəhrəmanların ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Universitetin rektoru professor Fərəh Əliyeva çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasındakı geniş nitqi barədə tələbə və müəllim heyətinə ətraflı məlumat verib.
Kulturologiya fakültəsində Muzeyşünaslıq və arxiv işi ixtisası üzrə təhsil alan tələbə Ayxan Orucov Qarabağ müharibəsinin tarixi xronologiyasına toxunaraq, ermənilərin qəsdlə Azərbaycanın işğal altında olan ərazilərində mədəniyyət nümunələrini silməklə tariximizi silmək istədiklərini, əslində isə bizim onları tarixdən siləcək qədər güclü olduğumuzu qeyd edib.
Rəssamlıq fakültəsinin 3-cü kurs tələbəsi, gənc ictimai fəal Fidan Böyükbabalı gəncləri informasiya müharibəsində aktiv olmağa, lazım gələrsə yaralı əsgərlərə qan verməyə səsləyib.
Rəssamlıq fakültəsinın 2-ci kurs tələbəsi Emil Ağayev gənclərin hər an Qarabağ uğrunda döyüşlərdə iştirak etməyə hazır olduqlarını vurgulayıb.
Sonra universitetin binası qarşısında cəbhədə baş verən hadisələrlə əlaqədar orduya dəstək aksiyası keçirilib. Azərbaycan Dövlət himni ilə başlayan aksiyada tələbələr "Yaşasın Azərbaycan", "Qarabağ bizimdir, bizim olacaq", "Şəhidlər ölməz -Vətən bölünməz", "Liderə inanaq, Qarabağa qayıdaq" kimi şüarlar səsləndiriblər.
Vəfa MƏMMƏDLİ