Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyevlə Serj Sarkisyanın Vyana görüşü bir sıra pozitiv məqamlarla yadda qalıb.
Əvvəlki görüşlərdən fərqli olaraq bu dəfə danışıqlarda ABŞ dövlət katibi Con Kerri, Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov, Fransanın Avropa məsələləri üzrə dövlət katibi Harlem Desir, ATƏT-in Minsk Qrupunun həmsədrləri Ceyms Uorlik, İqor Popov və Pyer Endryu, eləcə də ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik iştirak ediblər. Bu, aprel döyüşlərindən sonra vasitəçilərin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində aktivləşdiklərinin, məsələyə daha ciddi yanaşdıqlarının göstəricisi sayılmalıdır.
Ermənistanın ciddi səylərinə və müqavimətinə baxmayaraq, Azərbaycan ordusunun 2-5 aprel tarixlərində 2000 ha ərazini işğaldan azad etməsi beynəlxalq birlik tərəfindən qəbul olunub. Ermənistan Vyana danışıqlarına qədər ciddi cəhdlə orduların təmas xəttinin 1994-cü ilin mayında imzalanmış atəşkəs zamanı müəyyən edilən xəttə çəkilməsinə çalışıb, əks halda beynəlxalq ictimaiyyəti atəşkəsin pozulacağı ilə şantaj edib. Buna qədər Ermənistan bütün beynəlxalq müzakirələrin formal olduğunu nümayiş etdirib, heç bir vəchlə danışıqlar masası arxasında ciddi müzakirələr aparmayacağını göstərib. Lakin Azərbaycan ordusunun aprel qələbəsi Ermənistanı danışıqlar masası arxasına oturmağa məcbur edib. Eyni zamanda bu zəfərdən çıxış edərək qeyd etmək olar ki, ATƏT-in Minsk Qrupu Ermənistana konstruktiv danışıqlar məcrasına qayıtması üçün təzyiq göstərməyə başlayıb. Artıq Ermənistan və ATƏT-in Minsk Qrupuna üzv dövlətlər anlayıblar ki, mövcud status-kvonun zaman limiti bitib, danışıqları uzatmaqla Azərbaycan dövlətini işğal faktı ilə barışmağa məcbur etmək mümkün olmayacaq.
Vyana görüşü zamanı münaqişə zonasında yaranmış vəziyyətdən çıxış yolları müzakirə olunub, tərəflər arasında atəşkəsin möhkəmləndirilməsinə dair razılıq əldə edilib. Lakin münaqişəyə dair danışıqlardan dərhal sonra Ermənistanın silahlı qüvvələri tərəfindən qoşunların təmas xəttində atəşkəs rejimi yenidən pozulub. Bu, Ermənistanın danışıqlar prosesinə, əldə olunan razılaşmalara məhəl qoymadığını bir daha ortaya qoyub. İşğalçı ölkə öz təcavüzkar niyyətindən əl çəkmək fikrində deyil. Ona görə də, həmsədr dövlətlərin "danışıqlar prosesinin alternativi yoxdur", "Dağlıq Qarabağ münaqişəsi hərbi yolla həll edilə bilməz" kimi ifadələr heç də münaqişənin həllinə kömək etməyəcək. Əksinə həmsədr dövlətlər, xüsusilə ABŞ və Rusiya Ermənistanı konstruktiv mövqeyə gətirmək üçün ciddi addımlar atmalıdırlar. Lakin görünən odur ki, hər iki ölkə bu məsələdə güclərini birləşdirmək əvəzinə, rəqib olaraq çəkişməyə davam edir, sadəcə təşəbbüsü bir-birinin əlindən almağa çalışırlar.
Məsələ ilə bağlı "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu bildirib ki, Vaşinqton Rusiyanı bütün perimetr boyunca sıxışdırır: "Vaşinqton əvvəlcə Rumıniya və Polşada raketlərdən müdafiə sistemləri yerləşdirməyə qərar verib, ardından Baltik ölkələrində və Gürcüstanda hərbi təlimlər keçirdib". Politoloqun sözlərinə görə, ABŞ 1963-1974-cü illər arasında Vyetnamda kommunistlərlə qanlı savaş aparıb, müharibədə onminlərlə amerikalı hərbçi və milyonlarla vyetnamlı həlak olub: "ABŞ Vyetnamla diplomatik münasibətləri 1995-ci ildə bərpa edib. İndi isə üstündən az qala 40 il keçdikdən sonra Vaşinqton müharibə etdiyi kommunist rejimə silah satmağa qərar verib".
E.Şahinoğlu bildirib ki, Vaşinqtonun Vyetnamla əlaqələrini intensivləşdirməkdə iki praktik marağı var: "Birinci maraq odur ki, Vaşinqton Çinlə Vyetnam arasında bəzi ərazilərlə bağlı mübahisədə ikinci dövlətin tərəfini tutur. Təsadüfi deyil ki, amerikalı hərbçilər vaxtilə günahsız vyetnamlıları qətlə yetirmələrinə rəğmən, aparılan sorğuların nəticəsinə görə, vyetnamlıların indiki nəslinin təxminən 70 faizi Amerikaya simpatiya ilə yanaşır. Vaşinqtonun Vyetnama silah satmasının ikinci marağı isə Rusiya-Vyetnam hərbi əməkdaşlığını zəiflətməkdir. Məsələ burasındadır ki, Rusiya Vyetnama milyardlarla dollar silah satır. Rusiya uzun illər ABŞ-ın Vyentama silah satmaq qadağasından öz məqsədləri üçün istifadə edib. İndi isə ABŞ bu bazarda da Rusiyanı sıxışdıracaq".
Mərkəz sədri qeyd edib ki, əslində Azərbaycan da Vyetnam kimi ABŞ-dan silah almaq istəyərdi: "Ancaq bunun üçün Konqresin qərarı lazımdır. ABŞ-ın Azərbaycana silah satmaması Rusiyanın xeyrinədir. Çünki ABŞ Azərbaycana silah satmadığı halda, Rusiya Azərbaycana satdığı silahdan milyardlarla dollar gəlir əldə edir. Halbuki, bu gəliri ABŞ əldə edə bilərdi, üstəlik də bu Azərbaycan-ABŞ strateji əməkdaşlığına müsbət təsir edərdi".
E.Şahinoğlu hesab edir ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiya ilə rəqabət aparmır: "Əksinə, hər iki dövlət Cənubi Qafqazda müharibədə maraqlı deyil. Rusiya ona görə müharibədə maraqlı deyil ki, Ukrayna və Suriyanın ardından Cənubi Qafqazda yeni enerji - fiziki və maliyyə itkisinə yol vermək istəmir. Amerika isə müharibədə ona görə maraqlı deyil ki, Azərbaycan bölgənin açar dövlətinə çevrilib və enerji resursları dünya bazarlarına çatdırılır. Müharibə isə bu planlara ziyan vura bilər. Amerika həm də ondan ehtiyat edir ki, müharibə başlayarsa İran Cənubi Qafqaza daha çox nüfuz etməyə çalışacaq. Rusiya ilə Amerikanı Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə biganə qalmaları da birləşdirir. Hər ikisi sadəcə, atəşkəsin qorunmasını istəyirlər. Ancaq Dağlıq Qarabağ ətrafındakı rayonlar boşaldılması məqsədilə Ermənistana təzyiq etmək nə Moskvanın gündəmində var, nə də Vaşinqtonun".
Politoloq bildirib ki, Rusiya prezidenti Vladimir Putindən fərqli olaraq ABŞ prezidenti Barak Obama heç zaman Dağlıq Qarabağla bağlı açıqlama verməyib: "Buna baxmayaraq, Vaşinqton Moskvanın Dağlıq Qarabağ münaqişəsinin həllində təkbaşına vasitəçiliyinə də seyrçi qalmaq istəmir. 6 apreldə atəşkəsin əldə olunması Rusiya prezidentinin xidməti idi. O Azərbaycan və Ermənistan prezidentlərinə zəng etdi, nəticədə tərəflər atəşkəsə razılıq verdilər. Daha sonra hər iki ölkənin baş qərargah rəisləri Moskvaya dəvət olundu. Üstəgəl, bu müddətdə Bakı və İrəvana da səfər edənlər əsasən rusiyalı rəsmilər idi. Ona görə də Vaşinqton gec də olsa, prosesə qoşuldu. Böyük ehtimalla Dövlət Departamenti və Pentaqon Rusiyanın Cənubi Qafqaza təsir imkanlarının artdığını gördükdə Barak Obamaya bu bölgədə fəal olmağı məsləhət bildilər. Nəticədə, ABŞ dövlət katibi Con Kerri vəziyyətlə maraqlanmağa başladı, həm Azərbaycan və Ermənistan prezidentlərinə zəng etdi, həm də böyük ölçüdə Vyanadakı görüşün əsas təşəbbüskarlarından biri oldu. Doğrudur, Vyana görüşündən nəticə çıxmadı, ancaq ən azı Kerri prezidentlərin görüşündə iştirak etməklə ABŞ-ın da vəziyyətdən narahat olduğuna işarə vurdu. Daha sonra ABŞ vitse-prezidenti Cozef Baydenin Azərbaycan və Ermənistan prezidentlərinə telefon zəngi bir daha onu göstərdi ki, Vaşinqton Moskvanın təkbaşına vasitəçiliyində deyil, digər həmsədrlərlə birgə fəaliyyət göstərməsində maraqlıdır".
E.Şahinoğlunun fikrincə, Moskvanın münaqişənin həllində təkbaşına vasitəçilik etməsi Azərbaycanın da maraqlarına cavab vermir: "Çünki Moskvanın münaqişənin həlliylə bağlı Bakıya ağır şərtləri var. Bu şərtlər arasında Azərbaycan ərazisində yalnız rusiyalı sülhməramlı qüvvələrin yerləşdirilməsindən tutmuş "paket həll variantının" ağırlıq qazanmasına qədər bəndlər yer alır. Bu şərtlərin heç biri Azərbaycanın maraqlarına cavab vermir. ABŞ-ın özü də Azərbaycanda rusiyalı sülhməramlı qüvvələrin yerləşdirilməsini istəmir. Ona görə də Vaşinqtonun Moskvanın təsirlərini neytrallaşdırması Azərbaycanın maraqlarına uyğundur. Ancaq bu amilin Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini sürətləndirəcəyini söyləmək çətindir. Azərbaycan üçün önəmli olan ilkin şərt irəli sürülmədən Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasıdır. Bu məsələdə isə rəsmi Bakı nə Rusiyadan, nə də hələ ki, Vaşinqtondan dəstək alır".
Mərkəz sədri əlavə edib ki, Ermənistan hakimiyyəti iyun danışıqlarına hazırlıqsız gedir: "Ermənistan prezidenti Serj Sərkisyanın işğal altındakı 5 rayonu qeyd-şərtsiz azad etmək kimi fikri yoxdur, əvvəlkitək status məsələsindən ikiəlli yapışıb. Sərkisyan da bilir ki, iyundan sonra iyul və avqust ayları onun üçün və ölkəsi üçün ağır keçəcək. Ona görə də mümkündür ki, iyul və avqustu gözləmədən iyun ayı ərzində cəbhə bölgəsində hansısa təxribat baş versin. İrəvanın məqsədi bu təxribata görə məsuliyyəti Azərbaycanın üzərinə qoymaqdır. Çünki Ermənistanın təxribatına Azərbaycan ordusu yenə əks-hücumla cavab verəcək. Sərkisyan düşünür ki, böyük dövlətlər bu dəfə də rəsmi Bakıya təzyiq edib, atəşkəsə riayət etməyə çağıracaqlar.
Rəsmi Bakı isə əksinə iyun danışıqlarına qədər təmas xəttində sakitliyi qoruyacaq. Bunun bir səbəbi iyunun ortalarında Bakıda keçiriləcək Formula-1 yarışlarıdırsa, digər səbəbi Azərbaycan hakimiyyətinin danışıqlara sadiq qaldığını göstərməkdir".
Ceyhun ABASOV