“Microsoft” korporasiyasının tədqiqatçıları daha bir sahədə virtual reallıqdan istifadə etməyə başlayıblar.
AZƏRTAC “ictnews.az” saytına istinadla xəbər verir ki, onlar Böyük Britaniyada autizm xəstəliyinə düçar olan uşaqların iş mühitinə daxil olmalarına hazırlıq üçün virtual reallıq texnologiyasından istifadə imkanını nümayiş etdiriblər.
Bu məqsədlə 7-9 yaşlı 22 nəfərdən ibarət seçilən qrup “Windows 10 Mobile” mobil əməliyyat sistemli smartfonlarda “HTC Vive” kaskası və “VISR” virtual reallıq qarnituru vasitəsilə proqramlaşdırmada öz qüvvəsini sınayıb. Qrup virtual dünyada müxtəlif obyektlər yaradaraq ora rəsmləri yükləməyə nail olub.
“Microsoft”un mütəxəssisləri əmindirlər ki, bu, autizmdən əziyyət çəkən uşaqları proqramlaşdırma ilə məşğul olmağa ruhlandıracaq. Həmçinin onlara gələcəkdə Böyük Britaniyada iş yeri seçimində daha böyük imkanlar verəcək.