Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı İqtisadiyyat Nazirliyinin struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə geniş kollegiya iclası keçirilib.
Nazirlikdən 525.az-a verilən məlumata görə, dövlət başçısının 2016-cı ilin dərin iqtisadi islahatlar ili olacağını bəyan etdiyini vurğulayan iqtisadiyyat naziri, kollegiyanın sədri Şahin Mustafayev bu istiqamətdə həyata keçirilən tədbirlər və bu ilin birinci yarısının əsas sosial-iqtisadi göstəriciləri barədə məlumat verib.
Vurğulanıb ki, Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında və bundan əvvəl keçirilən müşavirələrdəki çıxışlarında prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələr hazırkı mürəkkəb xarici iqtisadi mühitdə ölkəmizin sosial-iqtisadi inkişafını təmin edəcək strateji inkişaf proqramıdır. Belə ki, dövlət başçısı qeyri-neft sektorunun inkişafı və ixracın strukturunda bu sahənin xüsusi çəkisinin artırılması, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, idxaldan asılılığın azaldılması, ixracyönümlü yeni istehsal sahələrinin yaradılması, sahibkarlığın inkişafı, xarici sərmayələrin cəlb edilməsi, torpaqlardan səmərəli istifadə olunması, ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafı, ixracının genişləndirilməsi, rayonlarda sənaye məhəllələrinin və aqroparkların yaradılması, istixanaların tikintisinin davam etdirilməsi, kənd yollarının tikintisi, içməli su layihələrinin icrası, yeni iş yerlərinin açılması, turizm sənayesinin yaradılması, inşaat materialları üzrə istehsalın genişləndirilməsi, nəqliyyat dəhlizləri üzrə işlərin davam etdirilməsi və s. tapşırıqlar verib.
Kollegiya iclasında İqtisadiyyat Nazirliyinin aidiyyəti qurumlarının rəhbərləri dövlət başçısının tapşırıqlarının icrası istiqamətində görülən işlər, həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə məruzələrlə çıxış ediblər.
Vurğulanıb ki, prezident İlham Əliyevin sənayeləşmə siyasətinə uyğun olaraq, qeyri-neft sənayesində müasir və ixracyönümlü məhsullar istehsal edən müəssisələrin yaradılmasına dövlət dəstəyi tədbirləri daha da gücləndirilib. Ölkəmizdə sənayeləşmənin tempi yüksəlmiş, qeyri-neft sənayesinin diversifikasiyası sürətlənib. Müasir texnologiyalara və qabaqcıl təcrübəyə əsaslanan yeni müəssisələrin yaradılması ilə Azərbaycanda istehsal edilən sənaye məhsullarının çeşidi artır, rəqabətqabiliyyətliyi yüksəlir. Hazırda ölkəmizdə fəaliyyət göstərən sənaye müəssisələrində ərzaq məhsulları, müxtəlif tikinti materialları, avtomobil, kompüter, günəş batareyaları, elektrik avadanlıqları, mebel və s. istehsal olunur, bir çox sənaye məhsulları üzrə Azərbaycan özünü təmin edir. İstehsalda yerli xammalın xüsusi çəkisinin artırılması istiqamətində sistemli tədbir görülür. Son dövrlərdə yaradılan tikinti materialları istehsalı sahələri - sement, gips əsaslı məhsullar, hörgü blokları, metal konstruksiyalar istehsalı, eləcə də elektrik avadanlıqları və elektrik kabelləri, iri qabaritli transformatorlar istehsalı daxili tələbatı tam ödəməyə yanaşı, xarici bazarlara ixrac etmək imkanı yaradır. Hazırda tikintisi həyata keçirilən polimer, əhəng istehsalı və fasad məmulatları müəssisələri bu sahələrdə də özünü təminat səviyyəsini yüksəldəcək. Tikintisi davam etdirilən Karbamid zavodu kənd təsərrüfatının inkişafında xüsusi əhəmiyyət kəsb etməklə, azot gübrəsinə olan tələbatı tam ödəyəcəkdir. Layihənin dəyəri 900 mln. avrodur. Hazırda zavodun tikintisinə 2300 nəfər cəlb olunub. Müəssisənin 2018-ci ilin ilk aylarında istifadəyə verilməsi nəzərdə tutulur.
Sənaye parkları və məhəllələrinin bu sahədəki əhəmiyyəti diqqətə çatdırılıb, Sumqayıt Kimya Sənaye, Balaxanı, Mingəçevir və Qaradağ sənaye parklarında görülən işlər barədə məlumat verilib.
Bildirilib ki, hazırda Sumqayıt Kimya Sənaye Parkının (SKSP) 167 hektar ərazisində yeraltı infrastruktur şəbəkəsinin tikintisi, o cümlədən parkın əsas giriş yolunun, yeraltı texniki qalereyanın, ərazidaxili qaz, su və kanalizasiya xətlərinin, eləcə də kimyəvi tullantı suyu xətlərinin, ərazidaxili məişət tullantı suyu və yağış suyu şəbəkəsinin, yanğına qarşı, içməli və texniki su xətlərinin tikinti-quraşdırma işləri tamamlanmış, əlavə olaraq ayrılmış 127,96 hektar ərazidə söküntü və düzənlənmə işləri başa çatdırılıb. Sənaye Parkının daxili avtomobil yollarının, Peşə Tədris Mərkəzinin, xarici elektrik verilişi və ərazidaxili elektrik xətlərinin, 110 kV-luq yarımstansiyanın tikinti-quraşdırma işləri davam etdirilir. Xarici elektrik verilişi xətlərinın və yarımstansiyanın tikintisi bu ilin noyabrında tamamlanacaqdır. Hazırda Sumqayıt Kimya Sənaye Parkının 8 rezidenti var.
SKSP-nin ilk rezidenti olan “Azertexnolayn” MMC artıq istehsal prosesinə başlayıb. Hazırda parkın ərazisində “Azertexnolayn” MMC-yə məxsus 3 müəssisə - Türkiyə, Yaponiya və Cənubi Koreya texnologiyaları əsasında ildə 200 min ton müxtəlif diametrli polad borular, 5 min ton müxtəlif diametrli və yüksək təzyiqə davamlı hidrotexniki avadanlıqlar, 3 min ton xüsusi təyinatlı müxtəlif diametrli polietilen borular istehsal edən Polad Boru, Polietilen Məmulatları və Hidrotexniki Avadanlıqlar zavodları fəaliyyət göstərir. Həmin zavodlarda 675 nəfər işlə təmin olunub. Bu istehsal sahələrində istehsal olunan məhsulların 75 faizi ixrac olunur. Bu istehsal sahələrinin yaradılmasına 65,5 mln. manat investisiya yatırılıb.
Parkın digər rezidenti “SOCAR Polymer” MMC tərəfindən sənaye parkında Avstriya və Kanada texnologiyası əsasında illik istehsal gücü 180 min ton polipropilen və 120 min ton yüksək sıxlıqlı polietilen olan zavodların inşası həyata keçirilir. Hazırda polimerlərin istehsalı üzrə iştisaslaşmış ölkələrin istehsal etdiyi avadanlıqlar parkın ərazisinə gətirilməkdədir. “SOCAR Polymer” MMC istehsal prosesində yerli xammaldan - “Azərikimya” İstehsalat Birliyində istehsal olunan propilen və etilendən istifadə edəcəkdir. Ümumi investisiyanın həcmi 700 mln. ABŞ dolları olan layihə çərçivəsində 300 nəfərin daimi iş yeri ilə təmin olunması nəzərdə tutulur. Hazırda tikinti işlərinə 1100 nəfər cəlb edilib. 2018-ci ildən müəssisədə istehsal prosesinə başlanacaq.
Müəssisədə istehsal olunacaq polimerlər - polipropilen, yüksək və aşağı sıxlıqlı polietilen sənayenin müxtəlif sahələrində fəaliyyət göstərən müəssisələrdə, xüsusilə kiçik və orta sahibkarlıq subyektlərində xammal kimi geniş istifadə olunacaq. Bu isə, sənaye məhsullarının rəqabət qabiliyyətinin artırılmasında, kiçik və orta sahibkarlar tərəfindən yeni istehsal klasterlərinin yaradılmasında əhəmiyyətli olacaq. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, kiçik və orta sahibkarlığın dəstəklənməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində bu imkanlardan yararlanmaq məqsədilə “SOCAR Polymer” Şirkəti ilə kiçik və orta sahibkarların görüşü təşkil ediləcək.
SKSP-nın digər rezidenti “AzerFloat” QSC sənaye parkının ərazisində Float texnologiyası əsasında illik istehsal gücü 8 mln. kvadrat metr olan müxtəlif çeşiddə şüşə lövhələri istehsal edəcək. Layihə çərçivəsində 150 yeni iş yeri açılacaq. İstehsal olunacaq məhsullar daxili bazarın tələbatını ödəməklə yanaşı, xarici bazarlara ixrac ediləcək. Layihənin dəyəri 78 mln. avro təşkil edir.
Parkın sayca 4-cü rezidenti “Azerbaijan Fibro Cement” MMC sənaye parkının ərazisində illik 6 mln. kvadrat metr fibro-sement lövhələrin istehsalını həyata keçirəcək. İstehsalat Avstriya texnologiyası əsasında qurulacaq. Dəyəri 90 mln. manat olan layihə çərçivəsində 200 nəfər işlə təmin ediləcək.
SKSP-nın digər rezidenti “Bakı Əlvan Metallar və Ferroərintilər Şirkəti” illik istehsal gücü 20 min ton ferrosilisium və 36 min ton ferrosilikomanqan istehsal edən və Cənubi Koreya texnologiyasına əsaslanan zavodun tikintisinə başlayıb və tikinti işlərinə 70 nəfər cəlb olunub. Müəssisədə 120 nəfər daimi işlə təmin ediləcək. Dəyəri 27,5 mln. manat olan müəssisənin 2017-ci ildə fəaliyyətə başlaması nəzərdə tutulur.
Kimya Sənaye Parkının digər rezidenti - İsveçrənin beynəlxalq miqyaslı kimya şirkəti “SİKA” MMC sənaye parkının ərazisində İsveçrə və Türkiyə texnologiyaları əsasında ildə 5 min ton tikinti kimyəvilərinin istehsalını həyata keçirəcək. Dəyəri 5,3 mln manat olan layihə çərçivəsində 60 nəfərin işlə təmin edilməsi nəzərdə tutulur. Layihənin özəlliyi ondan ibarətdir ki, tikinti materialları üçün qatqıların hazırlanması ilə bağlı istifadə olunan xammalı şirkət yeni tikiləcək zavodda istehsal edəcək. Hazırda bu xammala olan tələbat bütünlükdə idxal hesabına ödənilir. İstehsal olunacaq məhsulların Azərbaycan bazarında satışı ilə yanaşı, xarici bazarlara, o cümlədən Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qırğızıstan, Gürcüstan və İran İslam Respublikasına ixrac edilməsi planlaşdırılır. Müəssisənin 2017-ci ildə fəaliyyətə başlaması planlaşdırılır.
Parkın rezidenti “MST Engineering Services” MMC isə ABŞ-nın Parker texnologiyası əsasında ildə 30 min ədəd yüksək təzyiqə davamlı xortum və fitinq istehsal edəcək. Bu məhsullara neft-kimya, maşınqayırma və digər sənaye sahələrində tələbat böyükdür. Layihənin icrası 40-a yaxın yeni iş yerinin açılması imkanı yaradır. Məhsulların daxili bazarın tələbatını ödəməklə yanaşı, MDB ölkələrinə ixracı edilməsi nəzərdə tutulur. Dəyəri 4,5 mln. manat olan müəssisənin 2017-ci ildə fəaliyyətə başlaması nəzərdə tutulur.
Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi yeni qeydiyyatdan keçmiş “Aqrokimya Azərbaycan” MMC isə Türkiyə və Almaniya texnologiyası əsasında ildə 57 min ton maye halında və 13 min ton toz halında pestisidlər istehsalını həyata keçirəcək. Kənd təssərrüfatında geniş istifadə olunan bu məhsullar demək olar ki, 100% həcmdə idxal olunur. Dəyəri 24,1 mln. manat olan müəssisənin 2017-ci ildə fəaliyyətə başlaması nəzərdə tutulur. Layihə çərçivəsində 100 nəfər daimi iş yer ilə təmin olunacaq.
Bununla belə, hazırda Sumqayıt Kimya Sənaye Parkına yeni rezidentlərin cəlb edilməsi istiqamətində bir sıra şirkətlərlə danışıqlar aparılır.
Bu günədək Sumqayıt Kimya Sənaye Parkının rezidentlərinin müraciətləri əsasında 30 təsdiqedici sənəd hazırlanıb və İqtisadiyyat Nazirliyində təsdiq edilərək müraciət edənə və müvafiq gömrük orqanlarına təqdim edilib ki, bunun nəticəsində rezidentlər 20 milyon manatadək vəsaitə qənaət ediblər.
Ümumilikdə, Sumqayıt Kimya Sənaye Parkının rezidentlərinin layihələri əsasında cəlb olunan investisiyaların həcmi 1,1 mlrd. ABŞ dolları təşkil edəcək.
Qaradağ Sənaye Parkının rezidenti olan “Bakı Gəmiqayırma Zavodu” MMC müxtəlif təyinatlı gəmilərin tikintisini və təmirini həyata keçirir. “Bakı Gəmiqayırma Zavodu”nda ildə 15 min ton yükgötürmə qabiliyyəti olan 4 və ya 70 min ton yükgötürmə qabiliyyəti olan 2 tanker və 4 özül təchizat gəmisi tikmək, müxtəlif təyinatlı 80-100 gəmini təmir etmək mümkündür.
İndiyədək müəssisədə 50 tonluq dartıcı qüvvəyə malik yedək gəmisi tikilmiş, hər biri 80 sərnişin tutumuna malik 3 sərnişin gəmisinin inşası başa çatdırılıb. Zavodun ən böyük sifarişi isə BP şirkəti üçün ümumi dəyəri 378 milyon ABŞ dolları olan “Xankəndi” Sualtı Tikinti Gəmisinin layihələndirilməsi və tikintisidir. Gəminin tikintisinin 2017-ci ilin aprel ayında başa çatdırılması nəzərdə tutulur. Bundan başqa, bu günədək zavodda 73 gəminin təmiri aparılıb.
Mingəçevir Sənaye Parkında fəaliyyətin təşkili, o cümlədən müvafiq infrastrukturla təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir. Sənaye Parkının bütün infrastrukturunun yaradılması dövlət vəsaiti hesabına maliyyələşdiriləcək. Bununla da, sənaye parklarının rezidentləri bu xərcləri qənaət etmiş olurlar. Belə ki, mövcud təcrübəyə əsasən istehsal müəssisələrinin tikintisi zamanı investisiya qoyuluşunun təqribən 25%-i infrastruktur xərclərinə yönəldilir. Artıq Sənaye Parkının ərazisindəki yararsız qurğu və tikililər sökülmüş, tikintiyə hazırlıq işləri başa çatdırılıb. Parkda yerli xammaldan istifadə etməklə yüngül sənayenin müxtəlif sahələri, o cümlədən, iplik, parça, geyim, sənaye üsulu ilə xalça istehsalı üzrə müəssisələr yaradılacaq. İlkin hesablanmalara görə, Sənaye Parkına 100 mln. manatdan çox investisiya yatırılması və 2000-dən yaxın iş yerinin açılması nəzərdə tutulur.
“Yaşıl iqtisadiyyat”ın, təkrar emal sənayesinin inkişafında əhəmiyyətli rola malik Balaxanı Sənaye Parkının ümumi sahəsi 7 hektardır. Artıq Sənaye Parkında torpaqlama və hasarlama işləri, xarici su və qaz xətlərinin çəkilişi başa çatdırılıb. Parkın xarici elektrik təchizat işləri isə tamamlanmaq üzrədir və istehsalat sexlərinin, eləcə də daxili infrastruktur obyektlərinin tikintisi işləri aparılır.
Ümumi istifadədə olan infrastruktur obyektlərinin qurulması və anqar modul tipli istehsalat sexlərinin dövlət vəsaiti hesabına tikintisi nəzərdə tutulur. Hazırda ümumi sahəsi 12 min kvadrat metr təşkil edən 14 anqar modul tipli istehsalat sexinin inşası həyata keçirilir və tikinti işlərinin 2017-ci ilin mart ayınadək tamamlanması gözlənilir.
İndiyədək Balaxanı Sənaye Parkında tullantı yağlarının, plastik butulkaların, kağız-karton məmulatların, avtomobil şinlərinin, plastik materiallarının təkrar emalı sahələri üzrə 5 şirkət Parkın rezidenti olaraq qeydiyyatdan keçib.
Balaxanı Sənaye Parkının ilk rezidenti olan “Ekokat” MMC-nin tullantı yağlarının emalı layihəsinin ümumi investisiya dəyəri 900 min manat təşkil edir. 1700 kvadrat metrlik istehsal sahəsində 12 nəfər daimi işlə təmin olunacaq. Rezidentə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondundan 200 min manat məbləğində güzəştli kredit ayrılıb. Artıq istehsal avadanlığı quraşdırılıb, test rejimində istehsala başlanıb, ilkin olaraq 10 ton hazır məhsul istehsal olunub və satılıb. İstehsal sahəsi ildə 3000 ton təkrar emal gücünə malikdir.
Parkın daha bir rezidenti - “Az.Ekol” MMC pet butulkaların təkrar emalı ilə məşğul olacaq. İnvestisiya məbləği 1.3 milyon manat təşkil edən layihə 1600 kvadrat metr istehsal sahəsində həyata keçiriləcək. Layihənin reallaşdırılması 29 nəfərin daimi işlə təmin olunması imkanı yaradır. İstehsal prosesi zamanı pet butulkalardan alınacaq yüksək keyfiyyətli pet qırıntılarının xarici ölkələrə ixracı nəzərdə tutulur. Gələcəkdə pet qırıntılarından yerli bazarda son məhsul olan pet ipliyin istehsal olunması nəzərdə tutulur (istehsal gücü ildə 2400 ton).
Balaxanı Sənaye Parkının digər rezidenti “Ekotire” MMC yük avtomobillərinin və xüsusi təyinatlı texnikanın təkərlərinin soyuq üsulla bərpa olunması ilə məşğul olacaq. Layihənin ümumi investisiya dəyəri 3.7 mln manatdır. İstehsal sahəsində 24 nəfərin daimi işlə təmin olunacağı planlaşdırılır.
Daha bir rezident - sahibkar Etibar Eminov Balaxanı Sənaye Parkının ərazisində kağızın təkrar emalı nəticəsində çap-poliqrafiya məhsulları istehsal edəcək. Layihənin investisiya dəyəri 700 min manatdır. İstehsal sahəsində 10-dan çox daimi iş yeri açılacaq.
İyulun əvvəlində rezident statusu almış “MET-AK” MMC təkrar emal olunmuş plastik materiallardan iri həcmli müxtəlif məhsullar istehsal edəcək. İnvestisiya tutumu 16.5 mln manat olan və 2000 kvadrat metr sahədə təşkil olunacaq istehsal sahəsində 130-dan çox daimi iş yerinin yaradılması nəzərdə tutulur.
Ümumilikdə Balaxanı Sənaye Parkının qeydiyyata alınmış 5 rezidenti tərəfindən 23 milyon manat investisiyanın yatırılması nəzərdə tutulur və layihələrin reallaşdırılması 200-dən çox daimi iş yerinin açılması imkanı yaradır.
Artıq bir sıra şirkətlər Balaxanı Sənaye Parkının rezidenti olmaq barədə müraciət ediblər və hazırda bu müraciətlərə baxılır, məişətdə əmələ gələn təhlükəli tullantıların, o cümlədən, akkumulyator və batareyaların, elektrik və elektron tullantılarına marağın yönəldilməsi məqsədilə bir sıra şirkətlərlə danışıqlar aparılır.
Regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, yerli ehtiyatlardan səmərəli istifadə etməklə sənaye sahələrinin inkişaf etdirilməsi, istehsal prosesinin təşkilində infrastruktur xərclərinin azaldılması, sahibkarlar arasında kooperasiya əlaqələrinin gücləndirilməsi, məşğulluğun və məşğulluqda sənayenin xüsusi çəkisinin artırılması baxımından sənaye məhəllələrinin yaradılması böyük əhəmiyyət kəsb edir.
Dövlət başçısının imzaladığı Fərman və Sərəncamlarla verilmiş tapşırıqların icrası olaraq, Neftçala Sənaye Məhəlləsinin tikintisi işlərinə ötən ilin sentyabrında başlanılıb və artıq tikinti işləri başa çatdırılıb. Tikinti işlərinə iş həcmindən asılı olaraq 60-220 nəfər yerli sakin cəlb olunub. Artıq ümumi sahəsi 7800 kvadrat metr olan 8 istehsal təyinatlı modullaşdırılmış blok, 1200 kvadrat metr olan inzibati bina, texniki binalar, bütün zəruri infrastruktur sahibkarların istifadəsi üçün hazır vəziyyətə gətirilib.
Neftçala Sənaye Məhəlləsinin inzibati binası iki mərtəbəli olmaqla toplantı və təlimlərin keçirilməsi üçün iclas otağı, məhəllənin iştirakçılarına müxtəlif xidmətlər göstərən müəssisələrə icarəyə veriləcək müasir ofis sahələri, sərgi-satış mərkəzi, tibb məntəqəsi, poçt, yeməkxana və sənaye məhəlləsinin idarəedici təşkilatının istifadəsi üçün nəzərdə tutulan sahələrdən ibarətdir. Hazırda Neftçala Sənaye Məhəlləsində balıq yemi, balıq konservi istehsalı, kağız stəkanların, nasos, qoşqu avadanlıqlarının istehsalı, eləcə də dizel mühərriklərinin təmiri, müxtəlif təyinatlı kənd təsərrüfatı avadanlıqlarının, sutəmizləyici filtrlərin istehsalı və su hovuzları üçün kimyəvi dərmanların qablaşdırılması, İranın “Khodro” şirkəti ilə birlikdə avtomobil və ehtiyyat hissələrinin istehsalı sahəsində layihələr reallaşdırılır.
Bununla yanaşı, Azərbaycan prezidentinin 13 iyun 2016-cı il tarixli sərəncamı ilə yaradılmış Masallı Sənaye Məhəlləsinin təşkili ilə bağlı işlər intensiv olaraq davam etdirilir. Sahibkarların Masallı Sənaye Məhəlləsinə marağı böyükdür. Belə ki, sahibkarlar tərəfindən artıq ümumi dəyəri 31 milyon manatdan çox olan 33 layihə təklifi təqdim olunub. Bu layihələr əsasən mebel istehsalı, avtomobil təmiri, alüminium və plastik qapı-pəncərə istehsalı, müxtəlif növ tikinti materiallarının istehsalı sahələrini əhatə edir.
Hazırda yerli potensial nəzərə alınmaqla digər regionlarda da sənaye parkları və məhəllələrinin yaradılması istiqamətində tədbirlər həyata keçirilir.
Prezident İlham Əliyevin tapşırığına əsasən, xüsusi əhəmiyyət kəsb edən əczaçılıq məhsullarının istehsalının təşkili üzrə işlər davam etdirilir. İranın ən böyük əczaçılıq holdinqi olan və 31 şirkətin daxil olduğu “Tamin Pharmaceutical İnvestment Company” şirkəti ilə bu ilin aprelində Anlaşma Memorandumu imzalanıb.
Layihəyə uyğun olaraq, istehsal müəssisəsinin yaradılması mərhələli şəkildə həyata keçiriləcək. I mərhələdə həb və kapsula istehsalı, II mərhələdə ampula və flakon, III mərhələdə isə antibiotik dərmanların istehsalı nəzərdə tutulur. Müəssisə tərəfindən I mərhələdə 54 təsiredici maddə üzrə 84 adda ağrıkəsici, vitamin və antiinfektiv, antidiabetik, antihistamin, sinir sistemi xəstəliklərinə və qastroentroloji xəstəliklərə qarşı dərmanlar istehsal olunacaq. Layihənin I mərhələsi çərçivəsində 60 daimi iş yeri açılacaq.
Əczaçılıq məhsullarının istehsalı üzrə danışıqların aparıldığı digər şirkət Rusiya Federasiyasının “R-Pharm” şirkətidir. Bu ilin iyun ayında təşkil edilmiş Rusiya-Azərbaycan biznes forumu çərçivəsində "R-Farm", Azərbaycanın "Vita-A" MMC və Azərbaycan İnvestisiya Şirkəti arasında əczaçılıq məhsullarının istehsalının təşkilinə dair niyyət protokolu imzalanıb. Layihənin icrası məqsədilə “Həyat Farm” MMC təsis edilib. Ümumi dəyəri 47 mln. avro olan layihənin reallaşması zamanı qabaqcıl texnologiya və avadanlıqlardan, Avropanın aparıcı şirkətlərinin mühəndislik işlərindən istifadə olunacaqdır. Birgə Müəssisə tərəfindən onkologiya, QİÇS, hepatit, nevrologiya və psixiatriya istiqamətli dərmanlar və antibiotiklərin istehsal edilməsi, 200 yeni iş yerinin yaradılması nəzərdə tutulur. İstehsal ediləcək məhsulların yerli bazarla yanaşı, Gürcüstan, İran, Türkiyə, Mərkəzi Asiya və Ukrayna bazarlarında satışının təşkili planlaşdırılır.
Əczaçılıq məhsullarının birgə istehsalı üzrə Türkiyə, Ukrayna, Almaniya, İsveçrə və digər ölkələrin aparıcı şirkətləri ilə danışıqlar aparılır. Artıq dünyanın aparıcı əczaçılıq müəssisələrindən biri Azərbaycanda yaradılacaq əczaçılıq istehsalı müəssisəsində özünün patent hüququ qorunan dərmanlarının qablaşdırılmasının təşkili niyyətini ifadə edib.
Kollegiya iclasinda həmçinin, qeyd edilmişdir ki, ölkəmizdə ənənəvi sənaye sahələrinin, o cümlədən, xalçaçılığın inkişaf etdirilməsi məqsədilə “Azərxalça” ASC-nin təşkili işləri aparılır. Azərbaycanda bölgələrdə 10 xalça istehsalı müəssisəsinin, Sumqayıtda isə əyirmə-boyama müəssisəsinin yaradılması nəzərdə tutulur. Bu müəəsisələrdə 1700-ə yaxın iş yerinin açılması planlaşdırılır. Xalça istehsalı müəssisələrinin sayının gələcəkdə 30-a çatdırılması və 5000 nəfərin işlə təmin olunması gözlənilir.
Bununla yanaşı, “Azərbaycanda xalçaçılığın inkişafı üzrə Dövlət Proqramı”nın layihəsi hazırlanıb və hazırda aidiyyəti qurumlarla razılaşdırılma mərhələsindədir. Xalça və xalça məmulatlarının istehsalı və ixracının genişləndirilməsi məşğulluğun artırılmasında mühüm rol oynayacaq.
Azərbaycan Respublikası Prezidentinin kənd təsərrüfatında ənənəvi sahələrin inkişafı istiqamətində verdiyi tapşırıqların icrası barədə məlumat verilərək bildirillib ki, pambıqçılığın, baramaçılığın, tütünçülüyün, üzümçülüyün, çayçılığın, fındıqçılığın və xurma istehsalının inkişafı istiqamətində stimullaşdırma tədbirləri həyata keçirilir, bu sahədə fermerlərə güzəştli kreditlərdən və aqrolizinq xidmətlərindən daha geniş istifadə imkanları yaradılır, əkin sahələri genişləndirilir.
Eyni zamanda, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində xüsusi əhəmiyyətə malik iri fermer təsərrüfatlarının, aqroparkların, intensiv metodlara əsaslanan müasir təsərrüfatların yaradılmasına dövlət dəstəyi tədbirləri davam etdirilir. Əhalinin ərzaq təminatını yerli istehsal hesabına daha da yaxşılaşdırmaq məqsədilə prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, respublikanın 19 rayonunda 40 min hektardan artıq sahədə 30 iri fermer təsərrüfatı yaradılıb. Bu məqsədlə fermerlərə 60.6 milyon manat güzəştli kredit verilib. Bu təsərrüfatlarda müasir suvarma sistemləri qurulub. Hər hektardan məhsuldarlıq arpa və buğda üzrə 60 sentnerədək, qarğıdalıda isə 120 sentnerədək təşkil edir.
Dövlət başçısının tapşırığına uyğun olaraq, mövcud aqroparkların infrastukturunun təkmilləşdirilməsi, istehsalın genişləndirilməsi, qabaqcıl texnologiyalara əsaslanan emal sahələrinin qurulması, eyni zamanda yeni aqroparkların yaradılması istiqamətində işlər davam etdirilir.
Bu məqsədlə aqroparklarda müasir istehsal, emal və infrastruktur müəssisələrinin yaradılmasına 43 milyon manat güzəştli kredit verilib.
Xaçmaz rayonunda 523 hektar ərazidə yaradılmış Yalama Aqroparkında 3000 başlıq cins iri buynuzlu heyvandarlıq kompleksi, 385 hektar sahədə müasir suvarma sistemlərinin tətbiqi ilə iri fermer təsərrüfatı, gücü saatda 5 ton olan qüvvəli yem zavodu yaradılıb, tutumu 4.5 min ton olan taxıl anbarı və qurutma avadanlığı quraşdırılıb, su və elektrik enerjisi, qaz, eləcə də müasir texnika və avadanlıqla təmin olunub. Hazırda aqroparkda 1100 baş cins heyvan saxlanılır. Artıq bu heyvanlardan 471 baş bala alınıb. Təsərrüfatda gündəlik 10 tondan artıq süd emala göndərilir. Qısa müddətdə emala gedən südün həcminin gündəlik olaraq 25 tona çatdırılması gözlənilir. Heyvandarlıq kompleksinin yem bazasının formalaşdırılması üçün növbəli əkin sistemi tətbiq olunmaqla müxtəlif kənd təsərrüfatı bitkiləri - yonca, arpa və qarğıdalı əkilib.
Bununla yanaşı, aqroparkda qabaqcıl texnologiyanın tətbiqi ilə gündəlik emal gücü 100 ton olan süd emalı zavodunun və 60 hektar ərazidə intensiv bağçılıq təsərrüfatının yaradılması nəzərdə tutulur. Hazırda Yalama aqroparkında 100 daimi iş açılmış, daha 50 nəfər mövcümi işlərə cəlb olunmmuşdur. Layihənin II mərhələsinin icrası əlavə olaraq 100 daimi iş yerinin açılmasına imkan yaradacaq.
Şəmkir aqroparkında 1-ci mərhələ üzrə işlər yekunlaşmaq üzrədir. Aqroparkda 26 min ton tutumu olan logistika mərkəzinin yaradılması işləri tamamlanmaqdadır. Bundan başqa, müasir suvarma sistemlərinə əsaslanan iri fermer təsərrüfatı təşkil edilmişdir. II mərhələnin icrası üçün hazırlıq işləri davam etdirilir.
Azərbaycanın digər bölgələrində də aqroparkların yaradılması məqsədilə aidiyyəti qurumlarla birgə araşdırmalar aparılır.
Kollegiya iclasında sənayedə və aqrar sektorda həyata keçirilən layihələrə dovlət dəstəyi tədbirlərinin gedişi də müzakirə olunmuş və qeyd edilib ki, 2016-cı ilin birinci yarısında İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən sənayenin və aqrar sektorun inkişafına güzəştli kreditlərin verilməsinə, sahibkarların maarifləndirilməsinə dair işgüzar forumların keçirilməsi davam etdirilib. Bu dövrdə 1252 sahibkara 73.2 milyon manat dövlətin güzəştli krediti verilib, 3200-dək yeni iş yerinin açılması imkanı yaradılıb. Verilən kreditlərin 56.8 milyon manatını və ya 77.6%-ni qaytarılmış vəsaitlər təşkil edir. Ümumilikdə, 2016-cı ildə sahibkarlara böyük hissəsi geri qaytarılan vəsaitlər olmaqla 250 milyon manat güzəştli kreditin verilməsi nəzərdə tutulur.
Kollegiya iclasında həmçinin bildirilib ki, 18 hüquqi şəxsə investisiya təşviqi sənədi və 13 müəssisəyə təsdiqedici sənəd təqdim olunmuşdur. Abşeron rayonu, Xırdalan, Sumqayıt, Qazax, Şəmkir, Şəki, Xaçmaz, Şabran, Xızı, Qusar kimi geniş coğrafi ərazini əhatə edən layihələrin reallaşması nəticəsində ölkə iqtisadiyyatına ümumilikdə 193,7 mln. manat həcmində investisiya yatırılacaq, 1700-dən çox yeni iş yerləri açılacaq.
Hazırda investisiya təşviqi sənədinin verilməsi ilə bağlı 11 layihəyə, təsdiqedici sənədin verilməsi ilə bağlı isə 3 müraciətə baxılır. İnvestisiya təşviqi ilə bağlı baxılmada olan layihələrin dəyəri isə 1,7 milyard manatdan çoxdur. Bu layihələr üzrə 1200-ə yaxın yeni iş yeri açılması nəzərdə tutulur.
Azərbaycan prezidentinin qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı müvafiq fərman və sərəncamına uyğun olaraq, İqtisadiyyat Nazirliyi tərəfindən kənd təsərrüfatı və emalı məhsullarına ixracla bağlı geri ödəmə mexanizminə, xarici ölkələrə ixrac missiyalarının təşkil edilməsinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə ixrac təşviqinin ödənilməsinə dair və s. qaydaların layihələri hazırlanaraq aidiyyəti üzrə təqdim edilib, ixrac prosedurlarının sadələşdirilıməsi və xərclərin azaldılması istiqamətində tədbirlər həyata keçirilib. Daxili bazarın qorunması üçün “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Qanun qəbul olunmuş və qanunun icrası istiqamətində tədbirlər görülür. Yerli istehsalın qorunması istiqamətində bir sıra mexanizmlər hazırlanaraq aidiyyəti üzrə təqdim olunub. Həmçinin, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən Azərbaycanın ixrac və investisiya imkanlarının təşviqi, yerli şirkətlərin biznes əlaqələrinin daha da genişləndirilməsi və ölkə iqtisadiyyatına investisiya qoyuluşunun təbliği istiqamətində işlər davam etdirilib. 2016-ci ilin yanvar-iyun aylarında ixrac olunan məhsul çeşidləri 25% artıb.
Hazırda logistik imkanların genişləndirilməsi məqsədi ilə Rusiya Federasiyasının Yekaterinburq şəhərində Azərbaycanın növbəti Logistik Mərkəzinin yaradılmasına dair işlər aparılır.
Bundan başqa, iclasda qeyd edilmişdir ki, “Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 mart 2016-cı il tarixli Sərəncamına uyğun olaraq, Ələtdə azad ticarət rejimli xüsusi iqtisadi zonanın təşkili istiqamətində işlər davam etdirilir.
Tranzit imkanlarının genişləndirilməsi məqsədilə aparılan koordinasiya işlərinin, tranzit yükdaşımaları üçün yaradılan əlverişli şəraitin nəticəsi olaraq, bu ilin birinci yarısında ölkə ərazisindən keçən yük avtomobillərinin sayı 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,3 dəfə artıb.
Kollegiyanın sədri Şahin Mustafayev dövlət başçısının Azərbaycanın bütün sahələrdə inkişafının istiqamətlərini müəyyənləşdirdiyi proqram xarakterli çıxışından irəli gələn və İqtisadiyyat Nazirliyi qarşısında qoyulmuş vəzifələrin vaxtında və keyfiyyətli icrası üçün Nazirliyin struktur bölmələrinə konkret tapşırıqlar vermiş, bu vəzifələrin icrası ilə bağlı Tədbirlər Planının hazırlanması qərara alınıb.
Kollegiyanın iclasının sonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təltif edilmiş İqtisadiyyat Nazirliyinin əməkdaşlarına medallar və onların vəsiqələri təqdim olunub.