“Rio-2016” Yay Olimpiya Oyunları çərçivəsində yarışların keçirildiyi meydanlara gözlənilməz qonaqlar da gəlir.
İlan, donuz və s. kimi heyvanların sərbəst hərəkətlərinə mane olmamaq üçün insanlar ehtiyatlı davranırlar.
Təşkilat Komitəsinin nümayəndəsi Tania Braqa deyib: “Biz heyvanları gizlətmək istəmirik, əksinə göstərmək istəyirik ki, onlarla yanaşı yaşaya bilərik. Belə müxtəliflik nümayiş etdirmək vacib işdir”.
Oyunların keçirildiyi ərazilərdə heyvanların 230 növünə rast gəlmək mümkündür. Şəhərin genişləndirilməsindən sonra insanlar heyvanlarla daha sıx yaşamağa başlayıblar. “Əslində biz insanlar heyvanların məkanını zəbt etmişik”, - deyə bioloq İzar Aximoff bildirir.
Üzgüçülük hovuzlarında və həyətlərdə ilanlara, qolf meydanlarında donuzlara rast gəlmək nadir hadisə deyil. Xərçənglər, quşlar, müxtəlif həşəratlar kimi kiçik heyvanlar da Olimpiya meydanlarının gözlənilməz qonaqları sırasındadır.
AzərTAc