Türkiyə Cümhuriyyətinin Gəncə şəhərindəki Baş Konsulluğu qardaş ölkədə 15 iyul hadisələrindən sonra bölgədə yaranan yeni siyasi perspektivlərə həsr olunan mətbuat konfransı keçirib.
Mətbuat konfransında Gəncə bölgəsində çalışan mətbu və teleyayım jurnalistləri iştirak edib. Türkiyə Cümhuriyyətinin Gəncədəki baş konsulu Orhan Işık görüşün əsas məqsədinin ölkəsindəki çevriliş cəhdi, onun qaynaqları, eləcə də bu dağıdıcı hadisələrin qarşısının qətiyyətlə alınmasından sonrakı vəziyyət haqda daha geniş məlumat əldə edilməsi üçün bölgə media təmsilçiləri ilə fikir mübadilələri olduğunu vurğulayıb.
Məlum 15 iyul hadisələrini Türkiyə dövlətinin sabitliyinə və gələcəyinə qəsd kimi dəyərləndirən baş konsul qeyd edib ki, on illər ərzində ölkənin müxtəlif strukturlarında, o cümlədən, ordu daxilində təşkilatlana bilən, Fətullah Gülənə bağlı qüvvələrin çevrilişi gerçəkləşdirmək cəhdləri xalqın öz iradəsini qəti şəkildə ortaya qoyması ilə tam iflasa uğrayıb.
"Türkiyə üçün ölüm-qalım məsələsinin özünü tam açıqlığı ilə biruzə verdiyi 15 iyul gecəsində qardaş Azərbaycan xalqının və iqtidarının yanımızda olmasını duymaq bizim üçün böyük dəstək oldu. Hadisələrin axarına sadəcə şahidlik etmədiyinizi, sizlərin də ürəyiniz və canınızla bizim yanımızda olduğunuzu duyduq" - deyə, Orhan Işık vurğulayıb.
Gəncədəki baş konsul FƏTÖ adlandırılan terror şəbəkəsinin Türkiyəni fəlakətə sürükləmək cəhdlərinin qarşısının alınması ilə Azərbaycanın da daxil olduğu böyük bir coğrafiyada da İraq, Suriya və digər gərgin yerlərdə yaşananlara bənzəyən gələcək təlatümlərin önlənmiş olduğunu qeyd edib.
"Qərbdəki müttəfiqlərimizin Türkiyədə demokratiyanın irtica üzərindəki bu böyük qələbəsini rəğbətlə qarşılayacaqlarını, buna sevinəcəklərini gözləsək də bu, baş vermədi. Onlar Türkiyənin dörd bir yanında on milyonlarla, o cümlədən, İstanbulda 5 milyonadək insanın qatıldığı demokratiya mitinqlərin görməzliyə vurur, əvəzində öz telekanallarında daha çox orda-burda gözə dəyən radikal islamçı qiyafəli adamları göstərərək cəmiyyətimizi, cümhuriyyətimizi aşağılamaq istəyirlər" - deyə, Orhan İşık bildirib.
Baş konsul Türkiyə xalqının əzm nümayiş etdirərək dünyada sabitliyi pozan qüvvələrin planlarını alt-üst etdiyini dilə gətirib: "Ukraynada Maydan, Misirdə Təhrir, Türkiyənin özündə Gəzi-Taksim hadisələri ümumi ssenarinin tərkib hissələridir. Türkiyədə sabitsizlik yaratsaydılar, bu xaos təzahürləri mütləq ətraf coğrafiyaya da yayılacaqdı".
O, Fətullah Gülənə bağlı təhsil şəbəkəsinin fəaliyyətinə də toxunaraq onların maarif ilə paralel olaraq gələcəyi hədəfə alan pozucu siyasi məqsədlərə xidmət etdiyinə diqqət çəkib: "Bəlkə də 90-cı illərdə bu tədris ocaqlarına ehtiyac vardı. Amma bəlli oldu ki, həmin məktəblərin də söykəndiyi bu hərəkat Anadolu insanının, eləcə də digər yerlərdə yaşayanların başqa səmtə yönəlmələrinə xidmət edir. Yəni bu hərəkatın artıq bir kəşfiyyat kimi çalışdığı ortaya çıxdı. Təsəvvür edin, onların 160 ölkədə mindən çox tədris müəssisəsi mövcud olub, illik ümumi maliyyə dövriyyəsi 25 milyard dolları keçib".
Konsul qarşısı alınan çevriliş cəhdindən sonra Türkiyənin yeni bir gələcəyin astanasında olduğunu vurğulayaraq, ölkəsinin dünya siyasət və iqtisadiyyat meydanında daha qətiyyətli mövqelərə çatacağını bildirib.
Türkiyə və Rusiya prezidentlərinin görüşü haqda suallar ətrafında danışan baş konsul bu görüşün əhəmiyyətini yüksək dəyərləndirib: "Türkiyənin Rusiya Federasiyası ilə ticari dövriyyəsi 2008-ci ildə 35 milyard dollar təşkil edirdi. O vaxtdan bu rəqəm get-gedə azalaraq, ötən 2015-ci ildə 28 milyarda enib. Hökumətimiz yaxın gələcəkdə bu rəqəmi 100 milyard dollara çatdırmaq niyyətindədir".
"Türkiyə NATO üzvü olan, həmçinin Avropa İttifaqına qoşulmaq istəyən bir ölkə kimi öz Qərb müttəfiqlərilə əlaqələri möhkəmlətməklə bərabər, Şərqdəki tərəfdaşları ilə də qarşılıqlı faydalı münasibətləri nəzərə alan balanslı siyasət aparmaq niyyətindədir. Bu, ümumi sülh və əmin-amanlığa xidmət edəcək"-deyə, baş konsul fikirlərini dilə gətirib.
Azərbaycanın bölgədə və dünyada sabitlik və iqtisadi inkişafa böyük töhfələr verən vacib bir dövlət olduğuna da diqqət çəkən Orhan Işık həmçinin qeyd edib ki, qardaş ölkələrimiz tarixin sınaqlarından uğurla çıxaraq, daha güclü və daha işıqlı bir gələcəyə qovuşacaqlar.
Görüşün sonunda Orhan Işık onu da bildirib ki, hökumətinin qərarı ilə Gəncə Baş Konsulluğunun ərazi əhatə dairəsi genişləndirilib. Artıq Gəncəbasar və Qərb bölgəsinin şəhər və rayonları, həmçinin Ağdam və Tərtər ilə yanaşı bu dairəyə Dağlıq Qarabağ və Azərbaycanın düşmən işğalı altındakı digər əraziləri da daxil edilib. Baş konsul yaxın gələcəkdə həmin ərazilərin azad olunacağına və oralara səfər edə biləcəyinə əminlik ifadə edib.
Zakir MURADOV
Gəncə