Sentyabrın 8-də Rusiya XİN-də ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə Dağlıq Qarabağ münaqişəsinə dair məsləhətləşmələr keçiriləcək.
Sentyabrın 1-də isə münaqişə ATƏT-ə üzv dövlətlərin XİN rəhbərlərinin qeyri-formal görüşündə müzakirə olunub. Son vaxtlar intensivləşən belə müzakirələrin və məsləhətləşmələrin münaqişənin həllində nə kimi rolu ola bilər?
Millət vəkili Elman Məmmədov hesab edir ki, Ermənistan deyilən bir dövlət normal hüquqi, demokratik dövlət deyil. Cinayətkar qurumdur və cinayətkarlar, terrorçular tərəfindən idarə olunur. Buna görə də onlarla xoş danışmaq, müzakirələr aparmaq heç bir nəticə vermir. Onun sözlərinə görə, nəticəyə o zaman ümid etmək olur ki, qarşı tərəfə güc tətbiq edirsən, gücünü göstərirsən və onlar az da olsa konstruktiv mövqeyə yaxınlaşırlar. Amma bir qədər keçəndən sonra yenə öz bildiklərini edirlər.
Millət vəkili hesab edir ki, Ermənistan rəhbərliyi bu danışıqlardan, məsləhətləşmələrdən ancaq vaxt udmaq, qazanmaq, zəbt etdikləri siyasi hakimiyyəti əldə saxlamaq və Azərbaycan torpaqlarını işğalda saxlamaq üçün istifadə edirlər: "Buna görə hesab edirəm ki, ATƏT, həmsədr dövlətlər məsləhətləşmələrini aparsın, ancaq biz də öz işimizi görməliyik. Biz onlarla başa düşdükləri dildə danışmalıyıq. Bu da güc yoludur, hərbi yoludur. Silahlı Qüvvələrimiz onlara gücünü göstərməlidir".
E.Məmmədova görə, həmsədr dövlətlər Ermənistanın nazı ilə oynayan, şirnikləndirən, stimul verən tərəfdir: "Həmsədr dövlətlər bizim xeyrimizə heç nə etməyəcəklər. Bütün məsləhətləşmələrdə, danışıqlarda tutuquşu kimi əzbərlədikləri bir cümləni deyirlər: çalışmalıyıq ki, hər iki tərəf dayanıqlı atəşkəs rejiminə əməl etsin. Bundan iyrənc fikir yoxdu. Bu onlara sərf edir, işğalçı dövlətə də. Axı bu mövqe Azərbaycanın ziyanınadır, bizim torpaqlarımız işğal olunub. Biz məcburi köçkünlər 24 ildən çoxdur gözləyirik ki, torpaqlamız azad olunacaq öz yerimizə qayıdacağıq. Bu gün cəbhə xətti Azərbaycan ərazisindən keçir. Azərbaycan qoşunları öz ərazisindədir. İşğalçı dövlətin qoşunları da bizim ərazidədir. Mən nəyə görə dayanaqlı atəşkəsə əməl etməliyəm, buna dözməliyəm, düşməni darmadağın edib torpaqlarımdan qovum, çıxarmalı deyiləm?!"
Politoloq Cümşüd Nuriyev isə bu cür müzakirələrin Dağlıq Qarabağ münaqişəsinin həllində müsbət nəticə verməyəcəyini deyib. Bu gün Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı nüfuz savaşı getdiyini deyən politoloq qeyd edib ki, bu savaşda ATƏT, eləcə də Avropa İttifaqı da iştirak edir: "Bilirsiniz ki, bir müddət əvvəl Amerika elan etdi ki, münaqişənin həllində Rusiya aparıcı dövlət kimi çıxış etməlidir. Bu məsələ Avropa İttifaqı tərəfindən böyük qısqanclıqla qarşılanıb. Məhz bu səbəbdən də onlar tez bir zamanda yığışıb müzakirələr aparmaq qərarına gəliblər. Bütün bu məsələlər də məhz Fransanın təkidi ilə gündəmə gəlir. Çünki Avropanın siyasətini daha çox Avropa İttifaqı, Fransa müəyyən edir, diplomatiya onların əlindədir. Bu baxımdan da həm ATƏT, həm də Aİ münaqişənin həlli ilə bağlı gedən nüfuz savaşından istifadə etməyə çalışırlar".
C.Nuriyev bildirib ki, ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin həllində ciddi rolu görünmür: "ATƏT indiyədək problemin həllinə o qədər qeyri-ciddi yanaşıb, yalan danışıb ki, hətta düzgün iş gördükləri zaman belə onlara inanmaq olmur. Amma bir fakt var ki, Azərbaycan Prezidentinin münaqişənin həlli ilə bağlı öz iradəsini həddən artıq ortaya qoyaraq problemi gündəmə gətirərək onun həllini tələb etməsi, eləcə də aprel döyüşləri onların fəaliyyətində bir qədər canlanmaya səbəb olub. Bu döyüşlərdən sonra onlar da bildilər ki, Azərbaycan öz problemini həll etməyə qadirdir və siyasi cəhətdən onlara ehtiyacı da yoxdur. Bu baxımdan problemin həllini tez-tez müzakirə edib, gündəmə gətirməyə çalışırlar".
PƏRVANƏ