Müasir İtaliya televiziyasında bədii televiziyası seriallarının istehsalı və yayımlanması, uzun illərdən bəri formalaşmış tarixi təhkiyyəçilik ənənələri, həmçinin ssenarinin kompleks şəklində ardıcıl olaraq davam etdirilməsi bacarığından irəli gəlir.
İlk növbədə müasir bədii televiziya seriallarının ölkənin yayım şəbəkəsində yer alması, davamlı istehsalat mexanizmi, üç fərqli idarəçilik üsuluna aid olan televiziya yayımçılarının istehsalat və yayımı öz aralarında bölüşdürmələri ilə xarakterizə olunur. İctimai əsaslarla fəaliyyət göstərən RAİ (bütün RAİ şəbəkəsi daxil olmaqla), gəlirlərini reklam bazarından əldə edən Mediaset (RAİ-də sonra İtaliyanın ikinci ən böyük ümumrespublika teleyayımçısıdır) və ödənişli əsaslarla vətəndaşlara xidmət edən Skay İtaliya televiziyanın bədii serial ənənələrini davam etdirirlər.
Oyun (ingiliscə fiction) janrının İtaliya televiziyasında meydana gəlməsi, öz köklərini birbaşa İtaliya kinematoqrafiyasından götürsə də, onun inkişafı ötən əsrin 80-ci illərinə təsadüf edir. Bu inkişaf, həmin illərdə İtaliya televiziya məkanına, ictimai şəbəkəyə rəqib olan kommersiya şəbəkələrinin daxil olması ilə izah olunurdu. İstisnaları da yaradan bu yayımçılar, yaxud istisnaların ictimai şəbəkə tərəfindən yaradılmasına təkan verən elə yenicə meydana gələn kommersiya televiziyaları oldu. Amma sözün həqiqi mənasında bunlar istisnalar idi, çünki ötən əsrin 80-ci illərinin əvvəllərindən başlayaraq, 90-cı illərin əvvəllərinədək nəinki İtaliyada, eləcədə bütün Avropada ekranlara hakim kəsilən filmlər əsasən Amerika Birləşmiş Ştatlarında, az miqdarda Cənubi Amerikada istehsal edilmiş bədii televiziya serialları, “sabun operaları”, telenovellalar, həmçinin Yapon animeləri idi.
Xalq təsərrüfatı və mədəniyyətin inkişaf templəri konteksində, İtaliya parlamenti milli televiziya ekranında bədii televiziya seriallarının stimullaşdırılması mqəsədilə 1998-ci ildə vacib akt qəbul etdi. Bu akta əsasən dövlət bədii televiziya seriallarının yayımı üzrə efir vaxtının 10%-nin maliyyələşdirilməsini öz üzərinə götürdü, 20% isə mütləq şəkildə reklamdan gələn gəlir hesabına formalaşmalı idi. Parlamentin qəbul etdiyi bu qərar özünün elə ilk illərdə doğrultmağa başladı. Dövlətin “RAİ” vasitəsilə hətta kommersiya yayımçısı olan “Mediaset”ə belə investisiya qoyması, milli istehsalın genişlənməsinə, əcnəbi məhsulların tədricən İtaliya ekranından uzaqlaşdırılmasına böyük imkanlar yaratdı. Bir sözlə, dövlət milli televiziya seriallarının istehsalının ilk illərdə təminatçısı oldu. Üstəlik kommersiya qurumlarına mövzu seçimi, ssenari və istehsalın digər mərhələlərində tam azadlıq verdi, özü isə kənarda dayanaraq, mükəmməl nəticəni gözləməyə başladı. Sözün həqiqi mənasında son 20 il ərzində, yəni 1996c-ı ildən başlayaraq, bədii televiziya seriallaının istehsalı və yayımından böyük artım müşahidə edilməkdədir. Bu həm də yerli reklam bazarının gəlirlərinin artmasına gətirib çıxardı, təsadüfi deyil ki, italyan sahibkarları bədii televiziya seriallarının nümayişi zamanı reklam vaxtını almaqda maraqlıdırlar, onlar məhz həmin vaxtı öz məhsullarının təqdimatı üçün nüfuzlu vaxt hesab edirlər. Hərçənd son illər bədii televiziya seriallarının istehsalından əldə edilən gəlirdə azalma müşahidə edilib.
Ümumiyyətlə İtaliya milli ekranı üçün xarakterik olan bədii televiziya serialları “mini serial” həcmində təqdim olunur ki, onların da ümumiləşmiş adı “all italiano” kimi xarakterizə olunur. Mini serialların formatı maksimum 7 seriya və hər bir seriya 56 dəqiqə olmaqla müəyyənləşir. Mini serialların mövzu seçimi və süjet xəttinə gəldikdə isə qeyd etmək lazımdır ki, burada XX əsrin görkəmli simaları, tanınmış şəxsiyyətlərinin, ictimai-siyasi, mədəniyyət, din xadimlərinin həyat və fəaliyyəti təqdim edilməkdədir. Burada əsas məqsəd, nümunəvi ömür yolu keçmiş şəxsiyyətlərin panteonunu yaratmaqdan ibarət idi. Aqioqrafiya adlanan bu adlanan bu model, İtaliyada bədii televiziya serialları istehsalının birinci modeli kimi xarakterizə olunur.
“Papa Ciovanni”(2002), “Tereza ana” (2003), “Pio Ata”(2000), “II Ciovanni Paolo” (2005), “Enriko Mattei” (2009), “Koko Şanel”(2008) serialları aqioqrafiya modelində istehsal edilmiş ekran nümunələri kimi konkret hədəf kütləsinə ünvanlanıb.
Amma RAİ-nin istehsal və yayım modeli təkcə tarixi və dini məzmuna əsaslanmırdı, digər ikinci əsas istiqamət müasir dramlar və sosial sifarişi yerinə yetirən sosial dramlarla bağlı idi. Məhz cəmiyyətin sosial maraqlarına yönəldiyi səbəbindən, bu tip ekran əsərləri tamaşaçılar arasında daha böyük populyarlığa səbəb olurdu. İtaliya televiziya ekranının qarşısına qoyduğu əsas məsələ, ekranın maarifçilik funksiyasını qoruyub-saxlamaqla, istehsalatla tamaşaçılar arasında qarşılıqlı mübadilənin təminatı idi. Bu səbəbdən istehsalat dövriyyəsində ən vacib amil sosial-dramatik janrın üzərində cəmləşərək, tamamilə yeni model təqdim etməyə müvəffəq oldu. 1984-2001-ci ilərdə RAİ-nin sifarişi ilə lentə alınan “Sprut” mini serialı - 10 hissədən ibarət olmaqla ümumilikdə 48 seriya - serialı ali ideyaları özündə birləşdirməklə yanaşı, İtaliya televiziya yayımçılarının mənzərəsini tamamilə dəyişdi. Amma ilk növbədə serialın motivinə aydınlıq gətirək.
Qular Didye müəllifi olduğu “Mafiya tarixi” əsərində qeyd edir ki, 1939-1945-ci illər İkinci Dünya Müharibəsi zamanı müttəfiqləri heyrətləndirən hadisə baş vermişdi. Belə ki, 1943-cü ildə müttəfiqlərin qoşunları Cənubi İtaliya sahillərinə, daha doğrusu Siciliya adasına çıxarıldıqları zaman mafiyanın müqaviməti ilə rastlaşmışdılar. Məhz buna görə də RAİ şəbəkəsi İtaliyada məşhur olan mafiya mövzusunun sosial sifarişin tələblərindən biri kimi qəbul edərək, məhz reytinqlər əsasında serialın istehsalını həyata keçirməyə başladı.
Yayımçılar, telemarketinq araşdırmaçıları bu serialı İtaliya televiziya ekranı tarixində “media hadisə” adlandırmışdılar. 17 milyon tamaşaçını qarşısına toplayan serial, sonrakı illərdə RAİ(RAİUNO kanalı)-nin sosial dram xəttini formalaşdırmaqla yanaşı, onun mütəmadi olaraq yenilənməsində mühüm əhəmiyyət kəsb etdi. Üstəlik serialın birinci hissəsinin quruluşçu reiissoru Damiano Damiano İtaliya kinematoqrafiyasında siyasi detektivlərin mükəmməl daşıyıcısı hesab olunur. Haşiyəyə çıxaraq qeyd etmək yerinə düşər ki, onun hələ 1971-ci ildə lentə aldığı “Polis komissarının Respublika prokuroruna etirafı” bədii filmi həm böyük, həm də televiziya ekranında populyarlıq əldə etmişdi.
Hüquq-mühafizə orqanları ilə mafiyanın ekrandakı mübarizəsi davam etməkdə idi. 2006-cı ildə real faktlar əsasında iki seriyalı “Ciovanni Falkone. Mafiyaya (Koza Nostraya) dirəniş göstərən adam” mini serialı lentə alındı. Seralın süjet xətti, ötən əsrin 80-ci illərində İtaliyada mafiyaya qarşı mübarizəsi ilə şöhrət qazanmış məşhur hakim Ciovanni Falkonenin həyat və fəaliyyətindən götürülmüşdü. Serialın uğurlu debütündən sonra, RAİ sosial dramlar istiqamətindəki fəaliyyətini daha təkmilləşdirərək, 2014-cü ildə mütəşəkkil cinayətkarlıqla siyasət arasındakı əlaqələrdən agah olduğuna görə qətlə yetirilən vəkil Corcio Ambrosoli haqqında yazılmış “Hər şeyə rəğmən” mini serialını tamaşaçılara təqdim etdi. Bu serial da tamaşaçıların
Nə üçün televiziya sosial drama müraciət edirdi? Bu sualı öz monoqrafiyalarında araşdıran Luka Barbara və Massimo Skaglioni cavabı belə təqdim edirlər: “Televiziya sosial dramı ona görə istifadə edir ki, millətin tarixini çözələsin. İtaliya öz təhkiyyəçiliyi ilə boşluqları və qaranlıq küncləri həmişə şübhələr altında olan gərginliklə doldurmaq qabiliyyətinə malikdir. Bu mafiyadan, həmçinin dəyərlər və öhdəliklərdən kənarda qalmağı üstün tutan “ələkeçməz qəhrəmanlardan” ibarət bir ölkədir”. Bu baxımdan sosial dramın populyarlığı onunla xarakterizə olunur ki, ilk növbədə milləti təqdim etmək üçün ümumi təhkiyyə tapmaq mütləqdir. Bu əslində milli eposun fraqmentlərdə özünü büruzə verən mübarizə mənzərəsidir. Təbii ki, bu baxımdan reytinqlərin yüksək olması ekranda təqdim edilən, həmin o “təsəvvür edilən cəmiyyət”in tədricən özünü təsdiqləməsindən xəbər verir.
Ekranın sosial dram ənənəsi təkcə televiziyanın ictimai idarəçilik tipinin təzahürü kimi deyil, eyni zamanda kommersiya yayımçılarının da fəaliyyətində də sıçrayış etdi.
Bədii televiziya ekranının üçüncü modeli müxtılif altjanr və formatları özündə etiva edən komediya oldu. Detektiv əhvalatları, hətta qanlı hadisələr, baş verən qatı cinayət əməlləri belə dramaturji modelin tələblərinə uyğun olaraq, təhkiyyəni ailə komediyasına pərçimlədir. İtaliya ekranı əslində tamaşaçını sosial dramın kriminal, polis və s. elementlərinə artıq komediya müstəvisindən baxmağa sövq edirdi və faktiki olaraq bu öz növbəsində sosial sifarişin tələblərini yerinə yetirmiş olurdu. Modelin istehsalat fərqliliyi ondan ibarətdir ki, əgər sosial dramlar mini serial modelinə - 2 seriyadan başlayaraq, hər mövsümü maksimum altı, yaxud 10 seriyadan çox olmamaq şərtilə - uyğun hazırlanırsa, komediyalar uzun ömürlüdür. Onların bir qismi bu günə qədər tamaşaçı marağında, yaxud gündəmdə olan mövzuları işıqlandırmaqla “uzun ömürlülüyünü” təmin etməkdədir. Serjant “Rokka” (1996-2005), 2000-ci ildən bu günə qədər yayımlanan “Don Matteo” serialları bu qıbildəndir. Ailə komediyaları öz köklərini İtaliya kinematoqrafiyasından götürsə də, istehsalçılar artıq düşünülmüş model üzərində işləməyə üz tuturlar.
Bildiyimiz kimi, müasir televiziya nəzəriyyəsində hazır məhsulun yerli ekrana adaptasiyası prosesinin iki növü mövcuddur ki, onlardan biri “açıq”, digəri isə “qapalı” adaptasiya adlanır. Əgər qapalı adaptasiyada məhsulu yerli ekrana uyğunlaşdıran televiziyaçılar məhdud imkanlara malikdirlərsə, açıq adaptasiyada onlar özlərini tamamilə azad hesab edə bilərlər. Məsələn “qapalı” adaptasiyada formatı satmaq hüququna malik olan şirkətin bütün tələbləri şərtsiz yerinə yetirilməlidir: layihənin studiya dekorlarından tutmuş, aparıcının geyiminə qədər hər şey müqavilə öhdəliklərinə uyğun şəkildə təmin edilir. “Açıq” adaptasiya isə nisbətən azad, müəyyən hallarda tam azad, əcnəbi televiziya seriallarının yerli ekrana uyğun şəkildə hazırlanmasını təmin edən prosesdir. İtaliyanın bu sahədə ixtisaslaşmış “Publispei” şirkətinin əsas vəzifələrindən və fəaliyyət istiqamətlərindən biri digər Avropa dövlətlərində artıq forma olaraq düşünülmüş bədii televiziya seriallarının modelini İtaliya gerçəkliyinə uyğun şəkildə hazırlamaqdır. Mənbəyi İspaniya teleşəbəkəsi olan və 1998-ci ildə İtaliyada yayımlanmağa başlayan “Ailədə həkim” komediyası 9 mövsümü arxada qoyaraq, tamaşaçıların hədsiz sevgsini qazanıb. Komediyada qaldırılan məsələlər ailə-məişət müstəvisində özünü sarkastik, ironik, eyni zamanda tamaşaçılar tərəfindən asanlıqla qavranılan yumorla təqdim etməyə müvəffəq olur. “Mediaset” kommersiya yayımçısının təqdim etdiyi “Mən Cesaroniyəm” serialı da populyarlıq siyahısında özünəməxsus yerə malikdir.
“Hibrid” təcrübəsi İtaliya televiziyasında “Sevgi bizi hərt şeyə məcbur edir” serialında öz bariz təcəssümünü tapdı. Serial 2008-2012-ci illərdə müvəffəqiyyətlə yayımlanmışdı. Müəlliflər İvan Cotroneo və Monika Rametta, - Stefano Bisessin iştirakı ilə - yerli və dünya hitlərinin ssenariyə uyğun şəkildə dialoqlara birləşdirmiş və mükəmməl musiqi nömrələrindən ibarət musiqili serial təqdim etmişdilər. İstehzalı, yumorla dolu olan dialoqları musiqi nömrələrinin əvəz etməsi müəyyən mənada musiqili komediyanın televariantı idi, üstəlik burada təqdim edilən düstur, tamaşaçıların onu yüksək maraqla qarşılaması, istehsalçıların qarşısında yeni imkanlar açırdı. Amma sözügedən layihə 2012-ci ildə ekran ömrünü başa vurdu. Layihə müəlliflərinin isə atdırları növbəti addımlar, 2012-ci ildən bu günə qədər davam edən “Bir böyük ailə” və 2014-cü ildən yayımda olan “Özgə ömür” bədii televiziya seriallarıdır.
Nəhayət, istehsal modelinin üç əsas komponenti – aqioqrafiya, sosial dram və ailə komediyası ilə yanaşı, onların hər birini özündə birləşdirən yeni model - əslində dünya üçün bu model heç də yeni deyildi – meydana gəlməsi baş verdi. İlk növbədə bu modeldə istehsal edilən seriallar “uzun ömürlülük” tələb edirdi. Ötən əsrin 90-cı illərinin ortalarına qədər İtaliya mədəniyyətinin ənənələrinə seriyaların uzunluq formatı yad ünsür idi. Məhz həmin illərdə
İtaliya ekranına Şimali və Cənubi Amerikadan, Böyük Britaniya, eləcə də Avstraliyadan “sabun” anlayışı sızmağa başladı. O dövrdə “Qrandi” kimi tanınan, bu gün isə “Fermantl Media” adı ilə audiviozual bazarda müvəffəqiyyət qazanan istehsalçı şirkət, “Günəş altındakı yer” serialını 1996-cı ildən bu günə qədər təqdim edir. Bu serial, İtaliy televiziya ekranında ilk “sabun operası” hesab edilir. Artıq 4000 seriyası nümayiş olunan və istehsalı hələ də davam edən “Günəş altındakı yer” yüksək reytinqlərlə müşahidə edilməkdədir. İtaliya “sabun operaları” özünə xas keyfiyyətlərə malikdir, amma bununla belə təqdim edilən məhsullarda Şimali Amerika, Böyük Britaniya və Avstraliya “sabun operası” modellərinin elementləri özünü açıq şəkildə büruzə verməkdədir. Məsələn Amerika Birləşmiş Ştatlarının serial industriyasına xas olan təhkiyyəçilik formatı, həmçinin nümayiş vaxtının düzgün müəyyən edilməsi, sərt şəkildə formalaşan istehsalat, Böyük Britaniyadan gündəlik gerçəkliyə meyl, sosial məsələlərin müzakirəsi və bu kimi digər elementlər İtaliya modelinə sızıb.
Bu gün İtaliya televiziya şəbəkəsi öz bədii oyun məhsullarını tamaşaçılara “yedizdirmək” prosesində iqtisadi maraqlarla yanaşı, dövlətin məqsədlərini yerinə yetirməyi təmin etmiş olur. Burada da həm “RAİ”, həm “Mediaset”, həm də “Skay”ın öz maraqları, daha doğrusu özlərinə xas olan iş prinsipləri mövcuddur:
* RAİ hesab edir ki, maksimum auditoriya yığılmalı, üstəlik dövlətçilik maraqları konteksində, İtaliya vətəndaş öz əhvalatlarına baxaraq formalaşmalı, öyrənməlidir;
* Mediaset maksimum əyləncəyə üstünlük verir, İtaliya gerçəkliyi ilə Amerika teleşoularının ortaq məxrəcini tapmaqla, hətta ifrat həddə çatdıqda ünvanına söylənilən tənqidlərə belə baxmayaraq, kütləvi mədəniyyəti təbliğ etməyi üstün tutur;
* Skay isə özünü qatı meynstrimdən – ifrat kütləvi mədəniyyətdən uzaq tutaraq, daha çox öz abunəçilərinin istəklərinə uyğun olaraq öz fəaliyyətini təmin etmiş olur.
Nəhayət bu gün dünyada rəqəmsal medianın hakimiyyət sahibi olduğu bir vaxtda, müasir texnologiyaların bu üstünlüyü, İtaliya bədii televiziya seriallarından da yan keçmir. Son illər müxtəlif internet saytlarında satirik janrda istehsal edilən veb seriallar popularlıq qazanmaqdadır. Veb serialların müasir dünyamızdakı rolu hətta o səviyyədədir ki, Şimali Amerikanın nüfuzlu “Emmi” Televiziya Akademiyası artıq veb seriallar üçün nominasiya təsis edib və hər il bu mükafat öz sahibinə təqdim olunur. Dünyanın yeni ənənəsini təhlil edərkən “RAİ”, “Mediaset” və “Skay”ın özündə də etiraf edirlər ki, veb seriallar həm operativ, həm də iqtisadi baxımından səmərəlidir ki, bu da öz növbəsində büdcənin lazımi səviyyədə ixtisarına gətirib çıxarır. Məsələn “İyimir il bundan əvvələ qədər bir böyük ailə” serialı 2013-cü ildən bəri istehsal olunur və onun yayımı yalnız internet vasitəsilə həyata keçirilir.
Kamran QASIMOV
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, “Kinoşünaslıq” kafedrasının müəllimi