|
|
|
|

Yazıçı Cəmilə Məmmədlinin “Qonşu evin işıqları” kitabının təqdimat mərasimi keçirilib. Ədəbiyyatsevərlərin, ziyalıların, oxucuların, ictimaiyyət və media nümayəndələrinin iştirak etdiyi tədbirdə kitabın məzmunu, ideya-bədii xüsusiyyətləri və müasir Azərbaycan nəsrində tutduğu yer ətrafında geniş fikir mübadiləsi aparılıb.
525.az xəbər verir ki, “Parafraz Nəşrləri”nin direktoru, kitabın naşiri Cavid Qədir tədbiri giriş sözü ilə açaraq müəllifin yaradıcılıq fəaliyyətindən danışıb, onun Azərbaycan ədəbiyyatına verdiyi töhfədən danışıb. Qeyd olunub ki, Cəmilə Məmmədli sözügedən romanda insan talelərini, mənəvi-psixoloji prosesləri, ailə və cəmiyyət münasibətlərini yüksək bədii ustalıqla təsvir edib.
İctimai radionun əməkdaşı, aparıcı Zümrüd Rzayevanın aparıcısı olduğu tədbirdə çıxış edənlər “Qonşu evin işıqları” romanının müasir insanın daxili dünyasına işıq salan, həyatın müxtəlif qatlarını və insan münasibətlərinin mürəkkəbliyini əks etdirən dəyərli nəsr nümunəsi olduğunu bildiriblər. Vurğulanıb ki, kitabda qaldırılan mövzular oxucunu düşündürməklə yanaşı, cəmiyyət üçün aktual olan mənəvi məsələlərə diqqət yönəldir.
Təqdimat zamanı əsərin yaranma tarixçəsi və müəllifin yaradıcılıq axtarışları barədə məlumat verilib. İştirakçılar müəllifə suallar ünvanlayaraq kitabın ideya məzmunu, obrazlar sistemi və süjet xətti ilə bağlı fikirlərini bölüşüblər.
Sonda çıxış edən Cəmilə Məmmədli tədbir iştirakçılarına göstərilən diqqətə görə təşəkkür edib, yeni kitabının ərsəyə gəlməsi prosesindən danışıb və oxucularla görüşdən məmnunluğunu ifadə edib. Müəllif qeyd edib ki, əsərin əsas məqsədi insan həyatının görünməyən tərəflərini, qonşuluq münasibətlərinin, xatirələrin və mənəvi dəyərlərin insan taleyindəki rolunu bədii şəkildə təqdim etməkdir.





