“Discovery Azerbaijan” jurnalının oktyabr nömrəsi Şərqin “İpək qalası” Şəkiyə həsr olunub.
Hər fəsildə bir başqa gözəlliyi var Şəkinin. Jurnalın bu sayında Şəkinin tarixi məkanlarına səyahət edəcək, şəhərin görməli yerlərinə baş çəkəcək, məşhur Şəki halvası ilə ağzınızı şirin edəcək, müxtəlif sənətkarların “mətbəxinə” qonaq olacaqsınız. Vətəni Şəki olan “tək al, düz”, daha doğrusu, təkəlduz sənətini isə incəliyinə kimi öyrənəcəksiniz.
Bu sayda məclisdən olan qonaq "Discovery Azerbaijan" jurnalının təsisçisi və baş redaktoru, millət vəkili Cavanşir Feyziyevdir. "Azərbaycanda ilk peşəkar turizm jurnalı bir vaxt fikrimdə gəzdirdiyim ideyam idi, bu gün siz bu ideyanın məhsulunu – “Discovery Azerbaijan” jurnalını əlinizdə tutursunuz, səhifələrini vərəqləyirsiniz. Bu müsahibə də mənim öz jurnalıma verdiyim ilk müsahibəmdir". Millət vəkili Cavanşir Feyziyev belə deyir.
Şəki sənətin və sənətkarların beşiyidir. Jurnalın payız buraxılışında Şəkinin ruhunu sənətində, gülüşündə, oynadığı obrazlarda daşıyan nikbin, şən təbiətli aktyor Lütfəli Abdullayevin həyat hekayəsini öyrənə bilərsiniz. Jurnalın səhifələrində Azərbaycan kino sənətinə əvəzsiz töhfələr vermiş dahi Şəkili rejissorumuz Rasim Ocaqovla operator Kənan Məmmədovun birgə imza atdıqları kinomuzun “Otel otağı”na yollanacaq, filmin çəkildiyi yerləri illər sonra yenidən kəşf edəcəksiniz.
“İgid at belində olar” deyib, Alpaqut Federasiyasının prezidenti, əsl türk Aqil Acalovla at belində görüşə nə deyirsiniz? Bu idman növünün tarixini bilmək, həm də Aqil Acalovun atlarla bağlı maraqlı söhbətinə qulaq vermək üçün jurnalı vərəqləməyiniz kifayətdir.
Jurnalın xüsusi müxbiri Aidə Eyvazlının təqdimatında “Şərqin Roması” Səmərqəndə qonaq olmaqdan da zövq alacaqsınız. Üzdə olan istedadlı gəncimizin – xanımlığı ilə, gördüyü işlərlə və təbii ki, daşıdığı Bədəlbəyli soyadı ilə öndə olan Zəhra xanımın da dünyasına qonaq olacaqsınız.
Dərginin oktyabr nömrəsində Türk Hava Yollarının Bakı ofisinin direktoru Seyfullah İlyasla da söhbəti oxuyacaqsınız. Jurnalın bu sayında həm də Türkiyə mətbəxini dadacaq, yolu İstanbuldan keçən “Oskar”lı filmlərin siyahısı ilə tanış olacaqsınız.
Jurnalın oktyabr buraxılışını vərəqləmək üçün səbəblər çoxdur. Ölkəmizi yenidən və bir daha kəşf etmək üçün gözünüz “Discovery Azerbaijan”da olsun.