“Hamı bişirməyi bacarır!”
Aşpaz Qusto. “Ratatuy” filmi
“Tələbəlik” dedikdə ağlınıza nə gəlir? Pulsuzluq, imtahandan əvvəlki dönəm - daha doğrusu, cəhənnəm, - imtahandan sonrakı rahat nəfəs, təhsillə əyləncənin tarazlığı və fastfud - ya da valideynlərimizin təbiri ilə desək “qeyri-sağlam qida”.
Mən “Vikipediya”ya, “Quql”a əl atıb, sizə qeyri-sağlam qidalanmanın fəsadları haqda səhifələrlə statistik məlumat verə bilərdim. Amma siz bunu özünüz də əldə edə bilərsiniz və çox güman ki, bütün bu fəsadlardan artıq xəbərdarsınız. Qastrit, mədə-bağırsaq, ürək xəstəlikləri, kökəlmə, beyin fəallığının zəifləməsi - bunlar hamısı mütəmadi olaraq fastfud yeyən insanların qismətinə pay olacaq xəstəliklərdir. Bəs, əgər bütün bunlardan xəbərdarıqsa, onda niyə hələ də ziyanlı burqeri yeməyi özümüzün nəsə bişirməmizdən üstün tuturuq? Niyə göz görə-görə özümüzü uçuruma aparırıq? Bunun bir neçə səbəbi ola bilər: vaxt çatışmazlığı, bacarıqsızlıq və heyhat - tənbəllik!
Qürbətdə əksəriyyətimizin həsrətini çəkdiyi əsas şey analarımızın bişirdikləri xörəklərdi. Analar və ümumiyyətlə, bütün qadınlar xörək bişirmək prosesini inhisara almış, onu özəlləşdirmiş və biz - övladları çətin vəziyyətdə qoymuşlar. Amma həqiqətdə, bu bişir-düşür işi nə qədər çətin ola bilər ki? Məncə, dostlar, artıq stereotipləri məhv etməyin vaxtı gəlmişdir. “Ratatuy” cizgi filmindəki siçan demişkən - “hər kəs bişirməyi bacarır!”. İngiltərəyə gələndə hamı kimi mənim də kulinariya bacarıqlarım yüksək səviyyədə deyildi. Amma yaşadığımız yüksək texnologiyalar dövrü istənilən bacarığı qısa bir zamanda mənimsəmək üçün əla imkanlar yaratmışdır. Skayp olan yerdə (Allah onu yaradanın atasına min rəhmət eləsin!), ana-xala-bibi-bacıdan sadə reseptləri öyrənib, bişirməyə nə var ki? Təki adamda istək və vaxt olsun. İstək də ki, inanmıram, kimsə özünə xəstəlik arzulasın.
Dediyim kimi, bişirmə heç də çətin iş deyil. Qadınlar sadəcə özlərini lazım və əvəzolunmaz göstərmək üçün mif uydurublar, özlərindən tamaşa qurublar. Həqiqətdə isə bişirmə sadəcə bir az vaxt alan, amma asan məşğuliyyətdir. Məsləhətim bu olardı ki, həftədə iki dəfə yemək hazırlayasınız. Buna sizin ümumi olaraq iki saat yarımdan çox vaxtınız getməz. Desəniz ki, bu çoxdur, onda mən sizə belə deyim: həftədə iki saat yarımı xörəyə sərf eləmək sonrakı bütün ömrünüzü adını çəkdiyim xəstəliklərdən müayinə olunmaqla keçirməkdən daha mı pisdir? Hələ irəlidə tələbəlik həyatından sonra sizi peşəkar fəaliyyət, ailə həyatı, övladlarınız və parlaq gələcək gözləyir. Həmin gözəl günlərə tələbəçilikdən yadigar qalmış qara ləkə ilə mi getmək istəyirsiniz?
Mən razıyam ki, bayır yeməklərindən nə qədər qaçsaq da, yenə də mühazirə və məşğələlər arasında yaxınlıqdakı kafedən sendviç alıb, yemək məcburiyyətində olacıq. Amma ən azından evdə olarkən sizlər sağlam qidalana bilərsiniz. Bundan əlavə, yemək bişirərkən ərzaq seçimində sərbəst olursunuz və arzuladığınız tamlı xörəyi bişirə bilirsiniz.
Mən hələ yemək bişirərkən nə qədər pula qənaət etdiyinizi belə demirəm. Əgər bayırda xörəyə gündəlik 6 funt xərcləyirsinizsə, 5 gün üçün bu 30 funt edəcək. Amma yeməyi özünüz hazırlamaq istəsəniz, 5 gün üçün zəngin ərzaqlı yeməyin xərci bunun yarısı qədərini edəcək: 15 funt. Nəticədə siz maliyyə durumunuzu xeyli yaxşılaşdırmış olacaqsınız.
Digər bir məsələ.... əvvəl məqaləni oğlanlara xitabən yazacağımı niyyət etdiyimdən bunu yalnız oğlanlara şamil edirdim, sonra fikirləşdim ki, qızlara da eyni dərəcədə aiddir..... kulinariya bacarığı qarşı cinsin diqqətini cəlb etmək üçün xeyli faydalıdır. Oğlanlar bu bacarıqdan müsbət yararlana bilərlər. Təbii ki, oğlanlar, evləndikdən sonra inanmıram ki, siz yemək bişirəsiniz, amma qızların diqqətini özünüzə cəlb etmək üçün bu çox əlverişli olar. İnanın, heç bir qız buna laqeyd qalmaz.
Bizim oğlanlar həm də həmişə qoçaqlığı, igidliyi və cəsarəti ilə fərqlənməyi seviblər. Yemək bişirməyin özü belə cürət tələb edir. Odur ki, bunu həyatınızın bir çağırışı kimi qəbul edin və sizi görməyə adət etdiyimiz kimi cəsarətli olun! İlk dəfədən qayğanaq tavaya yapışsa da, ikinci dəfə cəhd edin. İnanıram ki, tədricən içinizdəki aşpaz istedadınız özünü aşkar edəcəkdir.
Könül Məmmədova
(Mançester Universitetinin tələbəsi)
Böyük Britaniyada nəşr olunan “Birlik” ictimai-mədəni gənclik qəzeti
www.birlik.co.uk