Oktyabrın 11-dən 12-dək ULUS Fondu və Bakı Dövlət Universitetinin (BDU) birgə təşkilatçılığı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Beynəlxalq mediada Azərbaycan mövzusu: reallıqlar, problemlər, perspektiv vəzifələr" mövzusunda ikigünlük regional konfrans keçirilib.
Tədbirdə Azərbaycanla yanaşı, Türkiyə, Ukrayna, Rusiya, İran, Gürcüstan, Qazaxıstan və Qırğızıstandan dəvət olunan mütəxəssislər iştirak edib.
Ali təhsil ocağının keçirilən konfransın açılış mərasimində universitetin rektoru, akademik Abel Məhərrəmov çıxış edib. Konfransın əhəmiyyətindən danışan rektor Azərbaycan həqiqətlərinin dünya mediasında təbliğ olunmasının olduqca vacib olduğunu bildirib. Onun sözlərinə görə, müasir dövrdə informasiya komunikasiya texnologiyalarının sürətli inkişafı ilə bağlı olaraq media sərhəd tanımır: "İstənilən coğrafiyada baş verən hadisə dərhal bütün dünyaya yayılır. Lakin bu informasiya beynəlxalq ictimaiyyətə müxtəlif mövqelərdən yanaşılaraq çatdırılır. Burada xüsusilə dövlətlərarası münasibətlər özünü göstərir. Hazırkı informasiya müharibəsi dövründə Azərbaycan reallıqlarının dünyaya çatdırılması baxımından da əks-təbliğatla üzləşirik. Ona görə də, media ayıq-sayıq olmalı, ümummilli məsələlərə yanaşmada dövlətin, xalqın maraqları prizmasından çıxış etmək, mütəşəkkil fəaliyyət aparmaq olduqca vacibdir".
A.Məhərrəmov qeyd edib ki, 25 il bundan qabaq Azərbaycan Sovet İttifaqından ayrılarkən bir çox çətinliklərlə üzləşib: "Bunun əsəs səbəbi regionda beynəlxalq güclərin maraqlarının toqquşmasıdır".
Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə ölkədə sabitliyin bərpa olunduğunu deyən rektor bildirib ki, aparılan uzaqgörən, düşünülmüş siyasət nəticəsində Azərbaycan dövləti sürətlə güclənir, beynəlxalq nüfuzu artır, iqtisadiyyatı inkişaf edir: "Davos İqtisadi Forumun açıqladığı rəqəmlərə görə, Azərbaycan hazırda dinamik inkişafa görə dünyada 37 yerdə qərarlaşıb".
Azərbaycanın bir nömrəli problemi - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövcud vəziyyətdən danışan akademik xatırladıb ki, başda BMT Təhlükəsizlik Şurası olmaqla bir çox beynəlxalq təşkilatlar Ermənistanın Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxması ilə bağlı sənədlər imzalayıblar. Buna baxmayaraq hazırkı reallıqlar fonunda münaqişənin həllinin qəsdən yubadıldığını deyən A.Məhərrəmov hesab edir ki, bu cür şəraitdə Azərbaycanın media resursları aktiv olmalı, dünyada ölkəmizin ədalətli mövqeyinə haqq qazandırmaq üçün səylərini gücləndirməli, ikili standartları dəf etməlidir.
Tədbirin birinci gününün moderatoru, BDU-nun "Jurnalistika" fakültəsinin dekanı, professor Cahangir Məmmədli isə Azərbaycanın inkişaf modelindən danışıb, ölkədə multikultural, tolerant dəyərlərə xüsusi diqqət ayrıldığını, dünyada dövlətimizin bu istiqamətdə gördüyü işlərin yüksək qiymətləndirildiyini deyib.
C.Məmmədli BDU-nun Jurnalistika fakültəsi ilə "525-ci qəzet" arasında əməkdaşlıqdan danışaraq qeyd edib ki, "525-ci qəzet" universitetin "Jurnalistika" fakültəsinin yaradıcılıq laboratoriyası rolunu oynayır.
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli isə söyləyib ki, Azərbaycan sivilizasiyaların qovuşduğu bir məkandır: "Ölkəmiz multikultural, tolerant dəyərlərin təbliğatçısı olmaqla yanaşı, həm də dini və etnik ayrıseçkilik əziyyət çəkən dövlətlər sırasındadır. Keçən əsrin 90-cı illərində Ermənistan tərəfindən Azərbaycana qarşı təcavüzə başlanılıb, torpaqlarımızın 20 faizi işğala məruz qalıb, bir milyondan artıq qaçqın və məcburi köçkün həyatına sürüklənib".
V.Səfərlinin sözlərinə görə, əfsuslar olsun ki, bütün bunlara baxmayaraq Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünyaya çatdırılmasında maneələrlə üzləşirik. Burada erməni əks-təbliğatı özünü göstərir. Ona görə də, Azərbaycan dövləti daha aktiv fəaliyyətə keçərək həyata keçirdiyi beynəlxalq tədbirlər vasitəsilə beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycan və onun problemlərinə yönəltməyə nail olub".
Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov isə qeyd edib ki, regionda vahid informasiya məkanının yaradılması istiqamətində işlər aparılır: "Son zamanlar bu sahədə böyük irəliləyişlər nəzərə çarpır. Lakin problemlər də kifayət qədərdir. Biz bu problemlərin həll olunması istiqamətində fəaliyyətimizi davam etdiririk".
Azərbaycanın beynəlxalq nüfuzunun daha da artdığını deyən deputat bildirib ki, dövlətin iqtisadi islahatları gücləndirirək inkişaf göstəricilərini daha da yaxşılaşdırması bütün sahələrə, o cümlədən, hərbiyə böyük diqqətin ayrılmasına imkan verir: "Azərbaycan hazırda münaqişə şəraitindədir. Torpaqlarımızın 20 faizi işğalçı Ermənistan tərəfindən zəbt olunub. Nüfuzlu beynəlxalq təşkilatın qəbul etdiyi qətnamələr və aparılan danışıqlara rəğmən problemin həlli ilə bağlı ciddi irəliləyişə nail ola bilməmişik. Bunun əsas səbəbi böyük güclərin oxşar münaqişələr fərqli mövqe nümayiş etdirməsi, xüsusilə müsəlman dövlətlərinə qaşrı ikili standartlarla yanaşmasıdır. Əlbəttə ki, Azərbaycanın ədaləti mövqeyinin dünyaya çatdırılması, bu məsələdə bizə qarşı göstərilən yanlış mövqeyi aradan qaldırmaq, informasiya müharibəsində düşmənlərimizə qalib gəlmək üçün media fəal olmalı, qərəzli münasibətlərə dərhal adekvat reaksiya göstərməlidir".
"525-ci qəzet"in baş redaktoru Rəşad Məcid isə ULUS Fondunun fəaliyyətindən danışaraq qeyd edib ki, media ilə bağlı layihələr təşkilatın fəaliyyətində xüsusi yer tutur.
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyətə toxunan R.Məcid bildirib ki, aprel döyüşlərindən sonra bütün dünya Azərbaycanın gücünü görüb: "Burada Azərbaycan mediasının da fəallığı, hadisələrə dərhal reaksiya göstərməsi özünü göstərib. Lakin düşmənin də apardığı əks-təbliğat əsl həqiqətlərin daha geniş coğrafiyaya çatdırılmasında ən böyük maneələrdən biri olub. Bu o deməkdir ki, ölkə mediası daha mütəşəkkil fəaliyyət göstərməli, düşmənin bütün təsir vasitələrinin qarşısını almalıdır".
ULUS Fondunun prezidenti Şamil Şahbazlı isə qeyd edib ki, müxtəlif dövlətlərdən gələn mütəxəssislərlə birgə keyfiyyətli informasiya mübadiləsi aparmaq baxımından tədbirin əhəmiyyəti böyükdür.
ULUS Fondunun həmtəsisçisi, layihə rəhbəri Əlisəfa Mehdiyev isə konfransı həyata keçirməkdə əsas məqsədin regionda media üzərindən dostluq körpüsü yaratmaq olduğunu bildirib.
Türkiyənin İstanbul Universitetinin professoru İrfan Çiftçi isə informasiya müharibəsi dövründə xüsusilə Qərb mediasının fəaliyyətinə toxunaraq onların yalan məlumatlar da yayaraq dünya ictimaiyyətinə qeyri-obyektiv fikir formalaşdırdıqlarını bildirib. Onun sözlərinə görə, bu cür münasibət xüsusilə İslam və Türk dünyasına qarşı açıq şəkildə hiss olunmaqdadır.
Media sahəsində Türkiyə ilə Azərbaycan arasında münasibətlərə toxunan İ.Çiftçi qeyd edib ki, iki ölkə arasında tarixi dostluq əlaqələrinə rəğmən Türkiyə və Azərbaycanda bir-birimizi dərindən tanıyan, akademik səviyyədə məlumatlara sahib olan mütəxəssislər azdır: "Bu da bir çox hallarda ortaq maraqlarımızın müdafiəsi zamanı müxtəlif problemlərə, dəqiq məlumat çatışmazlığına rəvac verir ki, aparılan təbliğat yetərli nəticələr vermir. Ona görə də bu istiqamətdə iş aparılmalı, universitetlər səviyyəsində Azərbaycanşünaslıq, Türkiyəşünaslıq kimi fənlər təssis edilməlidir".
Eyni zamanda İ.Çiftçi təklif edir ki, informasiya müharibəsində Qərbə qarşı daha efektiv mübarizə aparmaq üçün Avrasiya platforması yaradılsın.
Tədbirin rəsmi hissəsindən sonra general-leytenant Yaşar Aydəmirov, MDB İnstitutunun direktor müavini Vladimir Jarixin, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu və digər yerli və xarici mütəxəssislərin mövzu ilə bağlı məruzələri dinlənilib.
Konfransın ikinci günündə isə Mətbuat Şurasının sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Mirzəyev moderatorluq edib. O konfransın mövzusunun aktuallığına diqqət çəkərək region dövlətləri ilə media sahəsində münasibətlərin tənzimlənməsi, əlaqələrin daha da gücləndirilməsi baxımından ölkəmizə gələn xarici qonaqlarla aparılan müzakirələrin olduqca əhəmiyyətli olduğunu bildirib.
Daha sonra Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət qeyd edib ki, beynəlxalq media ümumilikdə Türk dünyasına qarşı ikili mövqe tutub: "Bəzi xarici dairələr istər Türkiyə, istərsə də Azərbaycanda baş verən proseslərə hər zaman mənfi yöndən baxır".
"Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı isə bildirib ki, 19-cu əsrin sonlarından başlayaraq Azərbaycanın təbliğatına yer verilməyə başlanılıb. O deyib ki, xüsusilə Azərbaycan Xalq Cümhuriyyəti dövründə bu məsələ olduqca aktuallaşıb: "Cəmi iki il ərzində ölkəmizin dünyada təqdimatı, təbliğ olunması baxımından böyük işlər görülüb. 20-ci əsrin sonlarında Azərbaycanın Sovet İttifaqından ayrılmasından sonra müstəqilliyini bərpa edən dövlətimizin tanıdılması, dünyada mövqelərini gücləndirməsi baxımından media da üzərinə düşən vəzifəni yerinə yetirməyə başlayıb".
Milli Məclisin deputatı Elman Nəsirov qeyd edib ki, 21-ci əsrdə informasiyada kim qalib gəlirsə, cəbhədə də o qalib gəlir: "Bunun üçün məqamı gözləmək, informasiyadan düzgün istifadə etmək olduqca vacibdir.
Azərbaycanın enerji təhlükəsizliyi və Dağlıq Qarabağ problemi barədə fikirlərini bildirən deputat hesab edir ki, "Cənub Qaz Dəhlizi" 2020-ci ildə istifadəyə verildikdən sonra Azərbaycan dünyada təkcə neft deyil, həm də mavi yanacaq idxalatçısı kimi tanınacaq.
E.Nəsirov deyib ki, Azərbaycanın yeganə problemli məsələsi Dağlıq Qarabağ münaqişəsidir: "Ölkəmizə qarşı tətbiq olunan ikili standartlar, təcavüzkarla təcavüzə məruz qalanın eyni tutulması prosesin ədalətli həllinə mane olur. Azərbaycanın işğala məruz qalan tərəf olmasına baxmayaraq, prezident İlham Əliyevin də qeyd etdiyi kimi, biz Ermənistana böyük güclər tərəfindən yardımların edildiyinin şahidi oluruq. Kimi Ermənistanı pul, kimi silah, qida və sair ehtiyaclarla təmin edir. Ölkə başçısının da vurğuladığı kimi, Ermənistanın özbaşına torpaqlarımızı işğal altında saxlamağa gücü yoxdur. Aprel döyüşləri də göstərib ki, regionda hansı dövlət güclü, hansı zəifdir. Lakin işğalçı ölkənin himayədarları prosesin sülh yolu ilə həllinə dəstək olmur, əksinə mane olurlar. Belə olan təqdirdə regionda müharibə qaçılmaz vəziyyət alır. Bölgədə döyüşlər başlayarsa, heç şübhəsiz ki, bunun məsuliyyəti Ermənistan və onun havadarlarının üzərinə düşəcək. Azərbaycan beynəlxalq hüququn prinsiplərinə söykənərək güc yolu ilə torpaqlarını işğaldan azad edəcək".
Çıxışlardan sonra BDU-nun "Jurnalistika" fakültəsinin dosenti Vüqar Zivəroğlu, Ukrayna Nazirlər Kabineti Katibliyinin Avropa və Avroatlantik inteqrasiya koordinasiya bürosunun direktoru Vadim Tryuxan, Qırğızıstanın Mədəniyyət, İnformasiya və Turizm Nazirliyinin Kütləvi Kommunikasiyalar və İnformasiya Departamentinin direktoru Baxtıgül Novruzbayeva, Azərbaycan - Gürcüstan Mədəni Əlaqələri Assosiasiyasının əməkdaşı Tamar Lamparadze və Türkiyə Qazi Universitetinin İnformasiya fakültəsinin doktorantı, Əhməd Yasəvi Universitetinin dosenti, qazaxıstanlı qonaq Mirzəxan Baybolovun mühazirələri dinlənilib.
Ceyhun ABASOV