Birləşmiş Ərəb Əmirliklərinin nüfuzlu “Əl-Fəcr” qəzetində Azərbaycanın bu ölkədəki səfirliyinin təşəbbüsü ilə oktyabrın 4-9-da respublikamızda səfərdə olan qəzetin baş redaktoru Şərif Əl-Bəsilin mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə müsahibəsi dərc olunub.
Mədəniyyət və Turizm Nazirliyindən 525.az-a verilən məlumata görə, nazir Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında əlaqələrin inkişafından danışaraq, gündən-günə dərinləşən bu münasibətlərin digər ölkələr üçün nümunə ola biləcəyini vurğulayıb.
Ə.Qarayev prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlarına münasibətdə viza rejiminin sadələşdirilməsi ilə bağlı göstərişinin ardınca ikitərəfli əlaqələrin daha da genişlənəcəyinə əminliyini ifadə edib.
Birləşmiş Ərəb Əmirliklərindən Azərbaycana hər ay on min insanın səfər etdiyini diqqətə çatdıran nazir respublikamızda turistlərə təqdim olunan xidmətlərin təkmilləşdirilməsi istiqamətində daim iş aparıldığını bildirib. O, turizm imkanlarının təbliği məqsədilə üç il əvvəl Dubayda Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəliyinin açıldığını nəzərə çatdırıb, ərəb xalqları ilə adətlərimizin oxşar olduğunu deyib.
Paytaxt Bakının yaxınlığında ziyarət olunmalı yerlər barədə sualı cavablandıran nazir Qobustan Dövlət Tarixi-Bədii Qoruğunu, “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunu, eləcə də tolerantlıqla bağlı dini abidə və məbədləri, habelə 743-cü ildə Şamaxıda tikilmiş ən qədim Cümə məscidini qeyd edib, adları çəkilən abidələr haqqında ətraflı məlumat verib.
Bildirilib ki, Qobustan Dövlət Tarixi-Bədii Qoruğu 2007-ci ildə UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib. 2009-cu ildə qoruğun nəzdində inşa olunan muzey dünyada ən gözəl beş muzeydən biridir.
Nazir ərəb turistlərinin bəyəndikləri yerlərə nəzər salaraq, bu xüsusda Qusar rayonunda yerləşən “Şahdağ” Qış-Yay Turizm Kompleksini, Qəbələ və Quba rayonlarını misal çəkib, ələlxüsus da əmin-amanlığın və sabitliyin hökm sürdüyü, o cümlədən, yaxın məsafədə yerləşən Azərbaycanda ərəb turistlərinin istəklərinə uyğun hər cür şəraitin mövcudluğunu və göstərilən xidmətlərin qiymətlərinin münasibliyini qeyd edib.
Turizm sahəsinə xarici investisiyaların yatırılması barədə suala cavab verən Ə.Qarayev Azərbaycan Prezidenti İlham Əliyevin xarici investisiyaların təşviqi məqsədilə qərarını xatırladaraq, ərəb və Körfəz sərmayədarlarını turizm obyektlərinə, restoran biznesinə, böyük tələbata malik üçulduzlu mehmanxanaların inşasına sərmayə yatırmağa dəvət edib.
Nazir həmçinin, Azərbaycanın dünya ölkələri ilə münasibətlərinin yüksək səviyyədə olmasını və bunun sayəsində ölkəmizin Cənubi Qafqaz və Orta Asiya regionlarında turizm və mədəniyyətə dair beynəlxalq konqres və konfransların, habelə mötəbər idman yarışlarının keçirildiyi mühüm məkana çevrildiyini diqqətə çatdırıb.
O, 2017-ci ildə Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunlarının, Naxçıvanın 2018-ci il üçün “İslam mədəniyyətinin paytaxtı” elan olunmasının ərəb turistlərinin növbəti illərdə sayını daha da artıracağına inandığını qeyd edib.
Cavid QƏDİR